"Bu təxribatlar Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər" - Deputat

Dekabrın 8-də, gecə saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində Ermənistan Silahlı Qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz, əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Məsələ ilə bağlı deputat Cavanşir Paşazadə Sonxeber.az-a açıqlamasında qeyd edib ki, Ermənistan Kəlbəcər istiqamətində təxribata əl ataraq, növbəti dəfə beynəlxalq razılaşmanı pozdu:

"Ermənistan noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Rusiya dövlət başçısı Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş zamanı əldə edilmiş razılığı pozaraq, növbəti dəfə regionda gərginliyin yaranmasına səbəb oldu. Kəlbəcər istiqamətində törətdikləri təxribat nəticəsində bir hərbi qulluqçumuz, əsgər Əliyev Asif Adil oğlu şəhid oldu. Allahdan şəhidimizə rəhmət, ailəsinə səbir diləyirəm.

Açığı, hələ də erməni terrorçularının Azərbaycan torpağından çıxarılmaması və təxribatların davam etməsi sual doğurur. Təəssüf ki, 30 il olduğu kimi, yenə də beynəlxalq təşkilatlar Ermənistan tərəfinin, revanşizm mövqeyindən çıxış edərək, hərbi təxribatları davam etdirməsinə göz yumur. Amma Ermənistan və havadarları unutmasınlar ki, "Dəmir yumruq" öz yerindədir. Görünür, Ermənistan bu təxribatları ilə Azərbaycan Ordusunun "Dəmir yumruğ"unu yenidən öz başında hiss etmək istəyir. Onların bu təxribatları sonda Ermənistanın dövlət kimi xəritədən silinməsinə səbəb ola bilər.

Ötən il Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində ərazi bütövlüyümüzü təmin edən Müzəffər Azərbaycan Ordusu növbəti dəfə döyüş əməliyyatına başlasa, qısa müddət ərzində nəinki qədim Azərbaycan torpaqlarını geri qaytaracaq, hətta Ermənistanın dövlət kimi varlığını sual altına ata bilər. Ona görə də Ermənistan rəhbərliyinin üçtərəfli 10 noyabr bəyannaməsinin şərtlərinə əməl etməsi ölkəsinin taleyi üçün daha yaxşı olardı".

Deputat vurğulayıb ki, düşmənin istənilən təxribatına qarşı ordumuz tərəfindən qəti cavab verilir və veriləcək:

"Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində qısa zaman ərzində ərazi bütövlüyümüzü təmin edərək, öz gücünü və qüdrətini nəinki Ermənistana, bütün dünyaya sübut etdi.

Ulu Öndər Heydər Əliyevin dövründən başlayan ordu quruculuğu cənab Prezident İlham Əliyevlə ən yüksək səviyyə çatdırılıb. Yüksək döyüş qabiliyyətinə malik olan, ən müasir hərbi texnika, silah-sürsatla təmin edilən Azərbaycan Ordusu bu gün 50 ən güclü ordular sırasındadır.

Ermənistan çox yox, 1 il öncə uğradığı biabırçı məğlubiyyətini unutmasa, daha yaxşı olar. Dünənki təxribat zamanı erməni terrorçu dəstələri bir daha Azərbaycan Ordusunun gücünü "öz başında" hiss etdi. Çünki 10 noyabr təxribatı Ermənistan tərəfi üçün xeyli sayda canlı qüvvə və texnika itkisi ilə nəticələndi. 16 noyabr təxribatı isə onu göstərdi ki, Azərbaycan həm hərbi, həm də diplomatik sahədə olduqca möhkəmdir".