USAID Azərbaycanda fəaliyyətini dayandıracaq? - RƏSMİ AÇIQLAMA

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAID) Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Modern.azxəbər verir ki, bunu jurnalistlərə açıqlamasında USAID-in Administratorunun Avropa və Avrasiya Bürosu üzrə müavini vəzifəsini icra edən Marqo Ellis deyib.

O, USAID-in Azərbaycanda fəaliyyətini dayandıracağı barədə iddialara da münasibət bildirib.

Marqo Ellisin sözlərinə görə, ABŞ-ın 2018-ci il üçün büdcəsi ilə bağlı ilkin layihənin yayılmasından sonra bəzi ölkələrə maliyyənin azaldılması və ya kəsilməsi ilə bağlı şayiələr yayılıb:

"Lakin ABŞ-da sistem belədir ki, istənilən büdcə layihəsi Konqres ve Senatdan keçməlidir. Müəyyən vaxtdan sonra maliyyənin kəsilib-kəsilməyəcəyi dəqiqləşəcək. Bu müddətdə isə biz Azərbaycanla tərəfdaşlıq və əməkdaşlığın dərinləşməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”.