“Bütün şahid ifadələri Xaçaturyanın terrorçu mahiyyətini görməyə imkan verir”

Faktlar və şahid ifadələri də təsdiqləyir ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb, 358 nəfər azərbaycanlı isə didərgin salınıb. Xaçaturyan kimi yüzlərlə erməni terrorçu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (soyqırımı) və 107-ci (əhalini deportasiya etmə və ya məcburi köçürmə) maddələrilə təqsirləndirilən şəxs var. Rəsmi Bakının bu məsələdə prinsipiallıq nümayiş etdirməsi təbiidir. Xaçaturyan barəsində qərar qəbul edilib, ona məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Ermənistan tərəfi hər nə qədər diqqəti məsələnin mahiyyətindən yayındırmağa cəhd göstərsə də, faktları inkar etmək mümkün deyil.

Müharibə cinayətkarı Vaqif Xaçaturyanın həbsi və onun saxlanma şəraiti beynəlxalq hüququn norma və prinsiplərinə uyğun həyata keçirilib. Onun Ermənistana tibbi məqsədlərlə getdiyini nəzərə alaraq, Bakı şəhərində tibb müəssisəsinə yerləşdirilməsi, ona zəruri tibbi yardımın göstərilməsi təmin edilib. BQXK-nın nümayəndələrinin ona baş çəkməsinə müvafiq şərait yaradılıb. Halbuki bütün dünyanın gözü qarşısında Ermənistanda Azərbaycanlı əsirlərə qarşı qəddar davranışlar sərgilənir. Bu mənada müharibə cinayətkarının həbsi fonunda İrəvanın “humanitar böhran”, “erməni əsilli vətəndaşlara qarşı təqib” iddialarının heç bir əsası yoxdur. Çünki BQXK-nin vasitəçiliyi ilə 700-ə yaxın erməni əsilli şəxsin tibbi məqsədlə Azərbaycan ərazisindən Ermənistana aparılmasına və geri gətirilməsinə şərait yaradılıb.

Bu həbs müharibə cinayətkarlarına mesajdır -30 ildə Xocalıda, Edillidə, Malıbəylidə, Quşçularda, Ağdabanda, Ballıqayada, Başlıbeldə və digər şəhər və yaşayış məntəqələrimizdə mülki əhaliyə qarşı törədilən soyqırımı və kütləvi qırğınların bədəli mütləq ödənəcək.
 

Könül Nurullayeva

Millət vəkili