Üzük

Mənsur

 

Ruhən burada deyildi. Fiziksəl olaraqsa, buradaydı. Yaşı azdı, amma qoca görünürdü. Qoca görünürdü, ona görə deyirəm ki, saçları ağarırdı. Xəttlə üzünə və alına lağım atımışdılar. 35-40 yaşlarında olardı. Həmyaşıdlarının başına duvaq keçirib qız əvəzinə ər evinə köçürmək olardı. O, isə tamam başqalaşmışdı. Yoxsulluğun çətin güzəranı qadınlıq, insanlıq hissiyatını öldürmüşdü. Hər dəqiqə bir az da azaldırdılar.

 

Fikir adamına oxşayırdı, alnını kəsmiş xətlər dərinə işləyirdi. Sərt alətlərlə işləməkdən daşlaşmış əllərini tez-tez ovuşdururdu. Baş barmaqlarının ucu bozarmışdı. Əllərinin içi görünür, bıçağın kəsici tərəfinə hədəf olduğu üçün nahamar idi. Hər gün kişi kimi pul qazanmaq eşqi üzünü qaya kimi sərtləşdirmişdi. Normal yaşamaq istəyirdi. Çox yox, bircə gün, istədiyi kimi – qayğılardan uzaq, dəbdəbə də istəmirdi, nə də ki, ləzzətli yeməklər, rahatca divana əyləşib başqa qadınlar kimi bir stəkan dişləmə çayı qabağında seriala baxmaq istəyirdi. Buna vaxtı yox idi. Belə etsəydi ac qalıb ölərdi. Yaşamaq lazım gəlirdi.

 

Geyimi də bezmişdi ondan. Əyninə keçirdiyi nimdaş paltarı daha onu utandırmırdı. Çünki qızlıq xəyalları geridə qalmışdı. Əlçatmaz idilər. Heç nə ona maraqlı deyildi.

 

Cibindən qısıb aldığı, ayyaqıbları tezliklə dövrlərini başa vuracaqlarını deyirdilər. Uc tərəfindən afrikalı aclar kimi ağızılarını ayırmışdılar. Rəngi avazımış uzun ətəkli donu həm də toyluğu idi. Çox güman ki, əri çoxdan ölüb. Övladları olmaya da bilərdi. Bəlkə də evdə qarımış qızı vardı, hər şeyi onun üçün edirdi. Ümidi bircə o idi, bəlkə də şikəst oğlunun sevgisidir ki, ona "hələ ölmə, yaşa” deyirdi.

 

Həyatın qanunu belədir – bədbəxtlik səni udmaq istəyəndə təkcə görə biləcəyin yerdən yox, ağzını hər yerdən açır.

 

Uzun illərdir ki, bir dəfə də olsun təzəyə sevinməyib. Yoxsulluğun gətirdiyi bədbəxtlik baha olmasa da ucuz vitrinlərə baxmağı belə qadağan etmişdi.

 

Sərtləşmiş əllərində tutduğu – balaca salfet bükümünü bərk-bərk sıxmışdı.

 

Zərgərlik dükanının vitrinlərinin qarşısı adamla dolmuşdu. Hərə öz növbəsini gözləyirdi. O isə kənarda dayanıb izdihamın dağılışmasını gözləyirdi. Hamı gedəndən sonra piştaxta arxasında dayanmış lopa bığ satıcıya yaxınlaşdı.

 

"Lopa bığ adamlarda qızıl çox olur” deyiləndə inanmamışdım, indi isə inanırdım. Səbəbini bilmirəm, nəyə görəsə lopa bığdan zəhləm getdi. Ola bilsin ki, bunun səbəbi neçə mənəviyyatı, keçmiş xatirəni maddi əşyaya çevirməsiydi.

 

Salfet bükümünü açıb içərisindən çıxardığı üzüyü satıcıya göstərdi. Lopa bığ kişi köhnə dəblə hazırlanmış üzüyü tərəzidə çəkib 50 manat qiymət kəsəndə qadının üzündəki təbəssüm bir anda yox oldu. Axı niyə? Nişanlısının kasıb ciblərinə aldığı mənəvi dəyəri qiymətsiz üzüyün kiçik maddi ölçüsümü, yoxsa ki, evə lazım olan şeylərin cəmisi kiçik bir hissısinin cəmi 50 manat olmasımı? Bəlkə də qızlıq sevincini günlərlə rəfiqələrinə öyə-öyə danışdırdığı üzüyü bir daha görə bilməyəcəyi hisslərinin gətirdiyi kədər.

 

Utandı. Elə zənn etdim ki, o bu günədək heç vaxt utanmamışdı. İstəmirdi, amma son gücünü topladı gülümsədi, sezliəcək dərəcədə titrək səslə:

 

- Satıram – dedi və satıcıdan aldığı 50 manatı əlinin ovucuna basaraq dükanı tərk elədi. Həmişə qaşlarının qırılmasından ehtiyat etdiyi üzüyü arxasında qoydu.