Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətində Naxçıvan Muxtar Respublikasında "Kənd təsərrüfatı ili”ndə qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov müşavirədə çıxış edib. Qeyd edib ki, 2015-ci il ölkəmizdə, eləcə də muxtar respublikada "Kənd təsərrüfatı ili” elan olunub: "Ona görə də bu il kənd təsərrüfatının inkişafına diqqət daha da artırılacaq, bu sahədə ciddi dönüşə nail olunacaqdır. Hazırda ölkəmizdə kənd təsərrüfatının inkişafı istiqamətində ardıcıl tədbirlər görülür. Əvvəllər kənd təsərrüfatı texnikaları torpaq mülkiyyətçilərinə və fermerlərə 10 il müddətinə lizinqə verilir, mineral gübrələr isə 50 faiz güzəştlə satılırdı. Lakin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin kənd təsərrüfatının inkişafının stimullaşdırılması məqsədilə imzaladığı 2014-cü il 16 aprel tarixli Fərmanına əsasən, kənd təsərrüfatı texnikaları lizinqə verilərkən dəyərinin 20 faizi ödənildikdə dövlət büdcəsi hesabına onların ilkin dəyərinin 40 faizi həcmində güzəşt tətbiq edilməsi, eləcə də mineral gübrələrin 70 faiz güzəştlə satışının həyata keçirilməsi qərara alınmışdır. Qəbul edilən bu qərarlar yerlərdə aqrolizinq xidmətləri tərəfindən həyata keçirilir. "Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2005-ci ilin yanvar ayından fəaliyyət göstərir. Ötən dövrdə cəmiyyətin muxtar respublikanın rayonlarında bazaları yaradılaraq lazımi texnika və avadanlıqlarla təchiz olunmuş, kollektiv üzərinə düşən vəzifələri yerinə yetirmişdir”.
Qeyd olunmuşdur ki, muxtar respublikada kənd təsərrüfatının inkişafına göstərilən diqqət, yaradılan şərait öz bəhrəsini verir. Bu gün muxtar respublikada ümumi daxili məhsul istehsalında kənd təsərrüfatı üçüncü yerdədir. Qarşıya qoyulmuş vəzifələrin icrası nəticəsində gələcəkdə ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payı artacaqdır. Hazırda muxtar respublikada bu istiqamətdə ardıcıl tədbirlər görülür, torpaq sahələri əkin dövriyyəsinə daxil edilir, müasir kənd təsərrüfatı texnikaları alınır, güzəştli kreditlər verilir, yeni fermer təsərrüfatları və kənd təsərrüfatı təmayüllü istehsal müəssisələri yaradılır. Həyata keçirilən tədbirlər muxtar respublikada kənd təsərrüfatı məhsullarına olan tələbatın yerli istehsal hesabına ödənilməsinə imkan verir. Digər bir tərəfdən isə kənd təsərrüfatı təmayüllü istehsal müəssisələrinin yaradılması yerli xammalın ucuz qiymətə xarici bazara çıxarılmasının qarşısını alır. Bu da yeni istehsal müəssisələrinin yaradılmasına, iş yerlərinin açılmasına və daxili bazarın qorunmasına xidmət edir.
Ali Məclisin Sədri qeyd edib ki, bu gün ölkələrin qarşılaşdığı ən mühüm problemlərdən biri də ərzaq təhlükəsizliyi məsələsidir: "Ərzaq təhlükəsizliyini təmin etmək üçünsə kənd təsərrüfatı ardıcıl şəkildə inkişaf etdirilməlidir. Ölkəmizdə, eləcə də muxtar respublikada bu məsələ diqqət mərkəzində saxlanılır. Ona görə də aid dövlət orqanları və rayon icra hakimiyyətləri "Kənd təsərrüfatı ili”ni uğurla başa vurmaq üçün qarşıya qoyulmuş vəzifələrin icrasına məsuliyyətlə yanaşmalı, yerlərdə kiçik fermer təsərrüfatlarının yaradılmasına üstünlük verilməli, bu sahə üzrə ayrılan kreditlərdən səmərəli istifadə olunmalıdır. Əkin sahələrinin su təminatı ödənilməli və suvarma suyundan qənaətlə istifadə olunmalı, yeni torpaq sahələri əkin dövriyyəsinə daxil edilməli, məhsuldarlıq artırılmalıdır. Muxtar respublika əhalisinin 70 faizi kəndlərdə yaşayır və kənd təsərrüfatı ilə məşğul olur. Bu səbəbdən də Kənd Təsərrüfatı Nazirliyinin və rayon icra hakimiyyətlərinin əməkdaşları daim yerlərdə olmalı, fermerlər və torpaq mülkiyyətçiləri ilə görüşlər keçirilməli, maarifləndirmə işi aparılmalı, aqrotexniki qaydalar ətraflı izah olunmalıdır”.