Rusiya prezidenti Vladimir Putin və baş naziri Dmitri Medvedev Vahid Rusiya Partiyasının qərargahında olublar.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, V. Putin Rusiya vətəndaşlarının ölkədəki vəziyyətin sadə olmadığını anladığını söyləyib:" Ona görə də vətəndaşlar siyasi sistemdə stabillik gözləyirlər. İnsanlar istəyirlər ki, siyasi sahədə, parlamentdə, ümumilikdə ölkədəki vəziyyət etibarlı olsun. Bu, seçicilərimizin istədiyi nəticədir".
Rusiya prezidenti seçicilərin Vahid Rusiya Partiyasına, ölkənin aparıcı siyasi qüvvəsinə inandıqlarını söyləyib: "Seçicilər Vahid Rusiyaya inanır. Bu inamın haqqını vermək lazımdır. Təkmandatlı dairələrdən seçilənlər ilə birlikdə işləmək lazımdır.
Qeyd edək ki, Putin Vahid Rusiya Partiyasının Dövlət Dumasına seçkilərdə qələbə qazandığını bəyan edib.
Rusiya Mərkəzi Seçki Komissiyası artıq seçkilərə dair ilk məlumat verib. Belə ki, protokollarının 6,72 faizinin hesablanması başa çatıb. Hakim "Vahid Rusiya” partiyası 44,15%, Liberal Demokrat Partiyası – 18,39%, Kommunist Partiyası – 17,24%, "Ədalətli Rusiya” isə 6,24 % səs toplayıb.