Səni sevmək
Bilirsənmi, ləpələrin sahilinə
qaranəfəs qaçmasıymış səni sevmək....
Qızılgülün qaranlıqda açmasıymış səni sevmək...
Yüz illərlə susuz qalan, cadar- cadar olmuş arxın
suyla dolub, daşmasıymış səni sevmək...
Göy üzünün dolub- dolub,
Hönkür- hönkür yağmasıymış səni sevmək...
Kor adamın bu dünyaya
əlləriylə baxmasıymış səni sevmək...
Sənə həsrət dodaqların
aynalarla öpüşüymüş səni sevmək...
Ayla günün, sübh çagında
görüşüymüş səni sevmək...
Son ümidin qığılcım tək
pərvanəni
yaxmasıymış səni sevmək...
Həsrətimin vüsal adlı
sancısıymış səni sevmək...
Harda kiçik ağrı olsa,
qaçıb məni tapmasıymış səni sevmək...
Gecələri gözlərimin yuxusunun
gəlib sənin kirpiyində yatmasıymış səni sevmək...
Barmağımın şeir yazıb,
öz başını qatmasıymış səni sevmək...
Ehhh, içimdə öz- özümdən qaçmagımmış səni sevmək...
Hər dəfə də itirəndə "məni" səndə tapmağımmış səni sevmək...
Uzaqdan e, lap uzaqdan səni sevmək istəməkmiş
SƏNİ SEVMƏK...
Səni sevmək istəmirəm.
***
KİMSƏ BİLMƏYƏ
Bir ayrılıq mahnısına,
Süzəsən, kimsə bilməyə.
Yola salıb sevdiyini,
Küsəsən, kimsə bilməyə.
Yolları izsiz keçəsən,
Qəm içinnən qəm seçəsən.
Güzgüdən sor, gör necəsən?
necəsən, kimsə bilməyə.
Tellər qıvrıla yanaqda,
Əlin quruya dodaqda.
Sakit, qaranlıq otaqda
Öləsən, kimsə bilməyə...
***
HƏSRƏTİN KÖLGƏSİ
Sən taqətdən düşmüş ayaqlarınla
heç vaxt keçmədiyin
küçə üçün darıxdınmı?
Yox...
Amma mən darıxdım.
Heç zaman ritmini eşitmədiyin
bir ürəyin havasına əl qaldırıb
oynadınmı?
Yox...
Amma mən oynadım.
Sən, gülüşdən məhrum olan
bir qəlbin üşüdüyünü gördünmü?
Yox...
Amma mən gördüm.
Sən yağmayan yağışda
duyğularının kölgədə
islandığının şahidi oldunmu heç?
Yox...
olmadın,
Amma mən oldum.
Sən saralmış xatirələrinə,
arzuladığın o xoş günlərini
gömüb
qura bilmədiyin xəyallarında
can verdinmi?
Yox...
vermədin.
Amma mən...
Bilsən necə darıxıram
heç vaxt olmayacaq
olanlar üçün?
Amma sən...
Eeh,
həsrətin bir kölgəsisən.
***
ÖLÜMSÜZLÜK
Bir az ölümsüz olasan,
Öldüyün anı biləsən,
Ruhunun içindən keçib,
Alın yazını siləsən.
Qalasan yurdsuz,
yuvasız
Köç edə köçdüyün yer də,
Oxlanasan ürəyindən,
Qanadlar açdığın yerdə.
Ayaqların da yorula,
Qollarına qonaq gələ,
Baxışların oğrun - oğrun,
Qara yollarla ağ gələ.
Çəkəsən yükünü belə
Yoxun üzündən gedəsən,
Ölümün qapına gələ,
Tutub əlindən, güləsən.