Ərzaq təhlükəsizliyinin təminatı dövlətin iqtisadi siyasətinin əsasıdır

“Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı dövlətimizin iqtisadi siyasətinin əsas tərkib hissəsidir. İqtisadiyyatın şaxələndirilməsi siyasətinin uğurla həyata keçirilməsi dayanıqlı iqtisadi inkişafı şərtləndirir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə böyük önəm verməsi bu günümüzə və gələcəyimizə xidmət edən mühüm addım oldu. 2003-cü ildə xalqın böyük əksəriyyətinin səsini qazanaraq Prezident seçilən cənab İlham Əliyev ilk gündən bu çağırışı etdi ki, iqtisadi artım qeyri-neft sektorunun hesabına olmalıdır. Bu məqsədə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadənin vacibliyi önə çəkildi və ilk Dövlət Proqramı təsdiqləndi. Bu mühüm məqamı da qeyd edək ki, ölkədə qeyri-neft sektorunun prioritet istiqamətlərindən biri kimi kənd təsərrüfatı sahəsinin sürətlə inkişaf etdirilməsi, modernləşdirilməsi, bu sahəyə dövlət dəstəyinin maksimum səviyyəyə çatdırılması ilə yanaşı, səmərəliliyinin artırılması da qarşıya qoyulan əsas hədəflərdəndir. Bunun üçün mühüm addımlar atılır, Fərman və sərəncamlar imzalanır, Dövlət Proqramları qəbul edilir.  Dövlət başçısı İlham Əliyev may ayının 25-də kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bütün bu məqamlara ayrı-ayrılıqda diqqət yönəldərək bu sahədə prioritetləri açıqladı. Bildirdi ki, kənd təsərrüfatı sahəsinə  daim çox böyük diqqət göstərilir. Hələ birinci dəfə Prezident seçiləndən sonra 2004-cü ildə ilk təşəbbüslərimdən biri Regional inkişaf proqramı oldu və onun da tərkib hissəsi kənd təsərrüfatının inkişafı idi. 2004-cü ilin əvvəlində qəbul edilmiş birinci beşillik Proqram bir çox məsələlərin həll edilməsinə kömək göstərdi. Ondan sonra bir neçə beşillik Regional inkişaf proqramı qəbul edildi. Bunun nəticəsində bütün regionlar canlandı, bölgələrdə məşğulluq artdı və böyük infrastruktur layihələri icra edildi. Hazırda bu layihələr olmadan Azərbaycanın ümumi inkişafını təsəvvür etmək mümkün deyil”.

Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Millət vəkili qeyd edib ki, kənd təsərrüfatının inkişafında subsidiyaların böyük əhəmiyyəti vardı: “Dövlətimizin başçısı İlham Əliyev müşavirədə bu məsələyə  xüsusi diqqət yönəltdi. Qeyd etdi ki, Azərbaycan dünyada nadir ölkələrdəndir ki, genişmiqyaslı və çoxçeşidli subsidiya mexanizmlərini tətbiq edir. Fermerlərə metodik tövsiyələr verilir və hər cür dəstək göstərilir, o cümlədən güzəştli kreditlər verilir. Bu gün də dövlət xətti ilə həyata keçirilən bir çox layihələr kənd təsərrüfatının inkişafına böyük təkan vermişdir”.

Malik Həsənov vurğulayıb ki, ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafı  bu gün də öz aktuallığını qoruyur: “Hər bir rayonun malik olduğu iqtisadi imkanlar nəzərə alınaraq onlarda ənənəvi kənd təsərrüfatı sahələrinin- üzümçülüyün, pambıqçılığın, tütünçülüyün, baramaçılığın və digər sahələrin inkişafı məqsədilə Dövlət Proqramları qəbul edilib. Dövlətimizin başçısının müşavirədə səsləndirdiyi çağırışlar sırasında bu məqam xüsusi vurğulandı ki, hər bir ölkə öz ərzaq təhlükəsizliyi haqqında düşünməlidir və konkret addımlar atmalıdır.

Müşavirədə ölkəmizdə bu günədək görülən və qarşıdakı dövrdə görüləcək işlərə diqqət yönəldildi. Onu da qeyd edək ki, azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində də diqqətdə saxlanılan əsas məsələlərdən biri əhalinin məşğulluğunun təmin edilməsidir ki, bunun üçün həmin ərazilərin malik olduğu iqtisadi potensial nəzərə alınır. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də əsas hədəflər və onların icra mexanizmləri öz əksini tapıb”.

Millət vəkili bildirib ki, cənab İlham Əliyev müşavirədə qarşıdakı dövrün  hədəflərini diqqətə çatdırdı: “Bildirdi ki, bölgələrdə elə şərait yaradılmalıdır ki, insanlar orada yaşasınlar, qalsınlar, öz dədə-baba torpaqlarında çalışsınlar, ənənəvi fəaliyyətlə məşğul olsunlar. Torpaqlardan səmərəli istifadə məsələsi əsasdır. Məqsəd məhsuldarlığı maksimum artırmaq və torpaqların dəqiq analizini aparmaqdır ki, hansı ərazidə hansı torpaq sahəsində hansı məhsulun yetişdirilməsi daha məqsədəuyğun ola bilər. Əlbəttə ki, rayonlaşma məsələləri çox önəmlidir. Bəzi hallarda bir rayonda fərqli torpaq sahələrində torpağın keyfiyyəti də fərqlidir. “Ona görə demək ki, filan rayonda ancaq bu məhsul yetişdirilsin, başqa məhsul yetişdirilməsin, düzgün olmaz” söyləyən cənab İlham Əliyev əlavə etdi ki, hər bir sahə üzrə dəqiq analiz aparılarkən onun elektron versiyası, müxtəlif dəqiqləşdirmə üsulları, yeni texnologiyalardan istifadə edilməlidir. İxrac imkanlarının genişləndirilməsi də əsas çağırışlar sırasında oldu”.

Malik Həsənov vurğulayıb ki, görülən və görüləcək  tədbirlər kənd təsərrüfatında dayanıqlı inkişafın təmin olunmasına və qeyri-neft sektorunun iqtisadiyyatda rolunun daha da gücləndirilməsinə xidmət edir: “Dövlət başçısı İlham Əliyevin  25 may  2026-cı il tarixli “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi və bundan irəli gələrək bəzi məsələlərin tənzimlənməsi haqqında” Sərəncamı da özündə mühüm məqamları ehtiva edir. Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahələrinin rəqabətqabiliyyətliliyinin artırılması və yüksək əlavə dəyər yaradan intensiv təsərrüfatçılığa keçidin sürətləndirilməsi tədbirləri hesabına Azərbaycanın  ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi məqsədilə təsdiqlənən “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası ilə əlaqədar hazırlanıb. Bu sənəd 2026-2030-cu illərdə aqrar sahədə dayanıqlı inkişafın təmin edilməsini, intensiv və rəqabətqabiliyyətli istehsal modelinə keçidin sürətləndirilməsini, aqrar sahədə dəyər zəncirlərinin inkişaf etdirilməsini, fermerlərin müasir aqrar xidmətlərə çıxış imkanlarının genişləndirilməsini, eləcə də balıqçılıq və akvakultura sahələrinin inkişafını nəzərdə tutur. Dövlət Proqramının icrası nəticəsində aqrar sahədə məhsuldarlığın, əlavə dəyərin və ixrac potensialının yüksəldilməsi, müasir və intensiv istehsal texnologiyalarının tətbiqinin genişləndirilməsi, kənd yerlərində dayanıqlı məşğulluq və gəlir imkanlarının artırılması, ərzaq təhlükəsizliyinin və ekoloji dayanıqlılığın möhkəmləndirilməsi, eləcə də kənd təsərrüfatı, balıqçılıq və akvakultura sahələrinin innovativ, yüksək məhsuldarlığa  əsaslanan  və rəqabətqabiliyyətli inkişaf modelinə keçidin  təmin edilməsi nəzərdə tutulur”.

Millət vəkili bildirib ki, dayanıqlı iqtisadi inkişafın təmin edilməsi əsasdır. Azərbaycanın malik olduğu imkanlardan səmərəli istifadə etməsi, kompleks tədbirlər həyata keçirməsi, dövrün çağırışlarına uyğun olaraq addımlar atması təkmil inkişaf modeli ilə dünyanın diqqətində olmasını şərtləndirir.