Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) tərəfindən “Azərbaycançılıq: tarixdən müasirliyə” adlı layihənin ilk tədbirini Mingəçevir şəhərində yerləşən Mingəçevir Dövlət Universitetində keçirdi.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, daha sonra Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Layihə barədə ətraflı məlumat verən “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri, eyni zamanda layihənin rəhbəri Çingiz Bayramov çıxış edərək bildirdi ki, Azərbaycanın maddi və mənəvi dəyərlər sisteminin təməl dayağı olan azərbaycançılıq məfkurəsi, istər dövlətçilik dəyərlərimizin, istərsə də sosial-mədəni həyatımızın birlik və bütövlüyünün qorunmasında müstəsna dərəcədə rola sahib olub. Natiq davam edərək bildirdi ki, azərbaycançılıq ideologiyası təkcə milli-mənəvi dəyərləri qorumaq və yaşatmaq demək deyildir. Eyni zamanda, bu dəyərlərin tərkib hissəsi olan milli kimliyinlə, mənsub olduğun dövlətinlə fəxr etmək, qürur duymaqdır. Məhz Ulu Öndərimiz Heydər Əliyevin dediyi kimi, “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!”.
Daha sonra Mingəçevir Dövlət Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru Natəvan Namazova çıxışında azərbaycançılıq ideologiyasının gənclərin milli-mənəvi dəyərlərə bağlı ruhda yetişdirilməsində mühüm rol oynadığını vurğulayıb. O qeyd edib ki, universitetlərdə milli kimliyin, dövlətçilik ənənələrinin və vətənpərvərlik düşüncəsinin təbliği cəmiyyətin gələcək inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin idarə heyətinin üzvü (DİNİB) Anar Əsədov çıxış edərək qeyd etdi ki, möhtərəm prezidentimiz İlham Əliyevin “Qarabağ Azərbaycandır!” və “Biz qalib xalqıq, qalib dövlətik” fikirləri Azərbaycanın gücünü bütün dünyaya nümayiş etdirdi. Azərbaycançılıq ideologiyasının milli birlik, dövlətçilik və milli kimliyin qorunmasındakı rolundan danışıb.
Daha sonra tədbirdə iştirak edən tələbələr mövzu ətrafında müxtəlif fikir müzakirəsi apardılar. Eyni zamanda təbdir iştirakçıları qarşıdan gələn Müstəqillik Gününü tarximizin ən parlaq səhifələrindən biri olduğunu vurğuladılar.