Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmovun (Bakı Dövlət Universitetinin sabiq rektoru Abel Məhərrəmovun oğlu) geri çağırılması ilə bağlı mediada yayılan məlumatlara münasibət bildirib.
Modern.az-ın məlumatına görə, XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva "Qafqazinfo"ya müsahibəsində Anar Məhərrəmovun vəzifəsindən azad edilib-edilməyəcəyi ilə bağlı suala "hazırda Anar Məhərrəmovun geri çağırılması məsələsinə baxılmır” deyə cavab verib.
XİN rəsmisi deyib ki, səfir Anar Məhərrəmovun şəxsi bizneslə məşğul olub-olmadığı barədə nazirlikdə məlumat yoxdur və bununla bağlı suallar diplomatın özünə ünvanlana bilər.
L.Abdullayeva İspaniyada keçirilən tədbirə yola düşən nümayəndə heyətinin təyyarəsində Bakıdan 2 ton ağırlığında diplomatik yükün aparılması haqda məlumatlara belə cavab verib:
"Xarici İşlər Nazirliyi tərəfindən sözügedən məsələ ilə bağlı aparılmış araşdırmaya əsasən qeyd etmək istərdim ki, bəhs etdiyiniz tədbirlə bağlı XİN tərəfindən hər hansı diplomatik yükün daşınmasına icazə verilməyib”.