Madridin "Real" klubunun futbolçusu Kriştianu Ronaldunun komandanın baş məşqçisi Zinəddin Zidanla soyuq müharibədə olması İspaniya mətbuatının gündəminə çevrilib. Goal.az xəbər verir ki, bu, son olaraq La Liqanın VI turunda "Las Palmas"la qarşılaşmada açıq-aşkar hiss olunub. "Sport" qəzeti iddia edir ki, sözügedən oyununun 72-ci dəqiqəsində əvəzlənən futbolçu baş məşqçiyə yaman əsəbləşib. Onun Zidana "fahişə oğlu" dediyi iddia olunur. Fransız çalışdırıcı matçdan sonra da Ronaldunun zədə əvəzlənməsi haqqında danışmışdı. O, qarşıdakı çətin oyunları nəzərə alaraq belə addım atdığını demişdi: "Çərşənbə günü də oynadığımız üçün ona istirahət verməli idim. Ronaldu yaxşı oynadı, buna baxmayaraq, dəyişiklik etməliydim. Çünki qarşıda Çempionlar Liqasında çətin oyunumuz var".
Zidan bu gün çıxan iddialar barədə də fikirlərini bildirib. O, Ronaldunun əvəzlənən zaman əsəbi olmasına belə şərh verib: "Əsəb? Xeyr. Məncə, bu sizin fantaziyanızdır. Hər bir futbolçu həmişə meydanda olmaq istəyər. Ancaq mənim də futbolçularımı düşünməyim lazımdır, xüsusən də Ronaldunu".