İlhamə HƏKİMOĞLU
Dövlət öz gücünü xalq, prezident və ordunun vəhdətindən, birliyindən alır. Azərbaycanda ordu xalqa, xalq dövlət başçısına dayaqdır. Bu, liderə olan sevgidən və inamdan gələn bir gücdür.
Prezident İlham Əliyev “Bizim siyasətimizin təməlində dövlət maraqları, xalqla iqtidar arasında birlik dayanır” fikrini dönə-dönə xatırladıb. Bundan əlavə, dövlət başçısı öz çıxışlarından birində “Yerli icra orqanları vətəndaşlara daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlar üçün çalışırlar, yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara xidmət edirlər. Bütün dövlət məmurları-Prezidentdən başlayaraq lap aşağı səviyyəli məmura qədər hər kəs bilməlidir ki, bizim əsas vəzifəmiz xalqa xidmət etməkdir” kimi fikirlər səsləndirib.
Dövrün tələbinə uyğun islahatlar aparılmasının əsası hələ ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi dövründə qoyulmuşdu və bu yolu Prezident İlham Əliyev uğurla davam etdirdi. Məlum məsələdir ki, islahatlar, yeniliklər heç də hamı tərəfindən asan və problemsiz qəbul olunmur. Bəzi qüvvələr təxribatlara yol verir, şəxsi maraqlarını güdən bəzi məmurlar maneələr yaratmağa çalışırlar. Bu anlamda vətəndaş mövqeyinin ortaya qoyulması şərtdir, zərurətdir.
“Bizim qurum fəaliyyəti ilə xalqımızın və dövlətimizin ümumi maraqlarına xidmət edir, Prezidentin dediklərini rəhbər tuturuq. Bu gün hansısa məmurun vəzifəsində yol verdiyi səhlənkarlıq, korrupsiya faktları, hüquq sistemində özünü göstərən çatışmazlıqlar, ədalətsiz qərarlar varsa, onları media vasitəsilə işıqlandırmağa çalışırıq. Bu, indiki həssas bir dönəmdə bir vətəndaş borcu olmaqla yanaşı, həm də elə sağlam cəmiyyətə, dövlətə xidmət deməkdir”. Bu fikirləri “Yeni Azərbaycan” qəzetinə “İslahatlara Dəstək Mərkəzi” İctimai Birliyinin sədri hərbi, siyasi ekspert Elçin Axundzadə səsləndirib.
“Bu gün Azərbaycan cəmiyyəti ilə dövlət arasında sıx körpü var. Münasibətlərin yüksək səviyyədə olmasında Prezident İlham Əliyev xüsusi rol oynayır. Ölkə başçısının vətəndaşlarla görüşləri, bölgələrə səfərləri, görülən işlərlə bağlı hesabatları, xalqın içində tez-tez görünməsi, sadə insanları dinləməsi prezident-xalq münasibətlərini ən yüksək səviyyədə saxlayır, cəmiyyətin onun arxasında qala kimi möhkəm dayanmasına səbəb olur. Nəzərə almaq lazımdır ki, Qarabağdakı böyük zəfərimizdən sonra dövlət başçısının reytinqi kəskin şəkildə artıb, xalq-İlham Əliyev vəhdəti dəmir yumruğa çevrilib. Bütün dünyanın siyasi oyunlarla çalxalandığı, böhran yaşadığı çətin bir dövrdə bu amil dövlətçiliyimizin qorunması, milli maraqlarımız baxımından çox önəmlidir, zəruridir. Dövlət marağının əsas qoruyucusu vətəndaş və bütövlükdə cəmiyyətdir. Cəmiyyətdəki bütün insanların fərdi, qrup və ya partiya maraqları qorunmalıdır, lakin bu maraqlar da dövlət maraqlarının qorunması çərçivəsindən kənara çıxmamalıdır. Biz, ilk növbədə, dövləti və onun maraqlarını qorumalıyıq ki, güclü dövlət də vətəndaşının maraqlarını qorunsun. Hər kəs əlini daşın altına qoymalı, hər vətəndaş əlindən gələn köməyi göstərməlidir. Bütün problemlərin həllini dövlət başçısından gözləmək olmaz. Vətəndaş olaraq daimi dəstəyimizi hiss etdirməliyik. Azərbaycan özünün tarixi dövrünü, mərhələsini pandemiya illərində, Qarabağ problemini həll edərkən yaşadı.
Pandemiyaya, xəstəliyə baxmayaraq, ictimai birlik olaraq dəfələrlə, Ermənistana dəstək verən, Fransa, Yunanıstan, ATƏT-in Minsk qrupuna daxil olan 10 dövlətin səfirliklərinin, BMT-nin Bakı ofisinin önündə piketlər keçirdik, əsirlikdə olan əsgərlərimizin azad edilməsi, BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsi barədə tələbnaməmizi 3 dildə dərc edib, həmin səfirliklərin əməkdaşlarına təqdim etdik. Ölkəmizdə fəaliyyət göstərən 20-yə yaxın səfirliyin əməkdaşları, deputatlar, beynəlxalq təşkilatların, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndəsinin, medianın iştirakı ilə beynəlxalq konfrans keçirdik və erməni vəhşiliyini əks etdirən sənədli filmlər nümayiş etdirdik, bu tədbirlər dünyanın bir neçə dövlətlərində işıqlandırıldı. Rusiyanın, İsrailin, Ukraynanın xəbər agentliklərində haqq davamız, Vətən müharibəmiz barədə çıxışlar etdik.
Elçin Axundzadə bildirib ki, istənilən xarici siyasət daxili siyasətin davamı olmalıdır: “İlham Əliyev tərəfindən yürüdülən uzaqgörən xarici siyasətin ana xəttini dövlət maraqlarımız təşkil edir. Və mən əminəm ki, hər şey daha gözəl olacaq, bu gün Qarabağda problem hesab etdiyimiz “tör-töküntülər”in hamısı qısa zaman içərisində bu böyük, uğurlu siyasətin içərisində əriyib, yox olacaq. Bu gün azad, müstəqil, qalib bir ölkədə yaşayırıqsa, siyasi arenada bizimlə hesablaşılır, sözümüz keçirsə, uğurlarımız, hətta bizi sevməyənlər tərəfindən qeyd edilirsə, bütün bunlar dövlət başçısının əməyidir və bu əmək xalqın rifahına, dövlətin yüksəlişinə həsr olunub. Bu vətənin bir parçası olaraq mənə belə gəlir ki, həyatda nə qazanmışamsa, Prezidentə borcluyam”.
Bu gün cəmiyyətimizin böyük əksəriyyəti ekspertimiz kimi düşünür. Bu isə o deməkdir ki, ölkəmizdə ictimai və dövlət maraqlarının müdafiəsi məsələsi öz həllini tapıb.
Məqalə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi”nin maliyyə dəstəyi ilə “İctimai və dövlət maraqlarının müdafiəsi” istiqaməti üzrə hazırlanmışdır