Cəmiyyətin inkişafında jurnalistlərin rolu danılmazdır

22 iyul Milli Mətbuat Günüdür. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu “Əkinçi” qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası müxtəlif dövrlərdə ağır sınaqlara məruz qaldı, amma milli dilin yaşaması naminə hər çətinliyə dözdü və tutduğu şərəfli yoldan dönmədi. “Heç olmaz ki, doğru söz yerdə qalsın” deyən Həsən bəy Zərdabi el-obanın zülmət içində boğulduğu bir vaxtda ona əl uzatmaq, onun yolunu elm, maarif çırağı ilə işıqlandırmaq, doğru yol göstərmək üçün “Əkinçi”ni yaratdı. “Əkinçi” Azərbaycan dilində əsl milli demokratik və xalq mətbuatının ilk təməl daşını qoydu.

Bu gün Milli mətbuatımız real informasiyanı operativ çatdırmaqla cəmiyyəti kənar təsirlərdən də qoruyur. Məsələn, 44 günlük Vətən müharibəsi dövründə mətbuat əməkdaşları tövsüyyə olunduğu kimi Müdafiə Nazirliyin Operativ Qərargahın məlumatlarına uyğun cəbhədə baş verən hadisələri operativ çatdırmaqla cəmiyyətin vətənpərvərlik ruhunun artmasında və düşmənə qarşı insanların hamılıqla səfərbər olunmasında böyük xidmətləri olmuşdur. Mətbuat işçilərimiz məlumatları daha opertativ çatdırmaq məqsədilə ön cəbhədə mərmi və raket atəşi altında öz həyatlarını təhlükəyə ataraq reportajlar hazırlamış, canlı bağlantılarla müzəffər ordumuzun qələbələri ilə xalqımızı sevindirmişdir. Müharibədən sonra da mətbuat əməkdaşları erməni işğalçıların son 30 ildə törətdikləri vəhşiliklərini və vandallıqlarını cəmiyyətə və beynəlxalq ictimaiyyətə çatdırmaq üçün öz həyatlarını təhlükəyə ataraq minalanmış ərazilərdən reportajlar hazırlayırlar. Məhz iki media əməkdaşımız da xidmətdə olduğu zaman minaya düşərək şəhid olmuş və onlara Allahdan rəhmət diləyirəm.

Milli mətbuatımızın inkiaşfına dövlət dəstəyi göstərilir. Hər il dövlət büdcəsindən maliyyə yardımları ayrılır, mətbuat əməkdaşlarını mənzillərlə təmin edilir. Fəaliyyətləri ilə fərqlənən mətbuat əməkdaşları dövlət mükafatları ilə təltif olunur.

Ümumiyyətlə ölkəmizdə mətbuatın azad, demokratik fəaliyyəti üçün bütün imkanlar mövcuddur. İnternet resurslarımız hamımızın üzünə açıqıdır və heç bir məhdudiyyət yoxdur. Mətbuatın üzərindən senzura götürülmüş, azad sözün deməyi üçün mətbuat əməkdaşlarına və hətta hər bir insana sərbəst şərait yaradılmışdır. Bu gün hər bir insan azad internet resurslarından istifadə etməklə mətbuat əməkdaşı rolunda çıxış etmək imkanını qazanmışdır. Bir şəxs barəsində yayılmış qərəzli və ya qərəzsiz informasiya ani olaraq cəmiyyətə yayılır və o şəxs barəsində fikir formalaşdırır. Ona görə də bütün mətbuat əməkdaşlarına sensasiya xatirinə yox, qərəzsiz, tərəfsiz informasiyalara daha çox üstünlük verməyə, qərəzli və sifarişli yazılardan uzaq olmağını tövsüyyə edərdim. Belə olan halda mətbuatımızın cəmiyyət arasında hörməti və oxucu auditoriyası daha da artar.

Bayramınız Mübarək əziz həmkarlar!

 

Elnarə Həziyeva