"Bu gün Ermənistan-Azərbaycan danışıqları ətrafında baş verən hadisələrin bəziləri sülh müqaviləsinin imzalanmasından yana olsa da bəzi yanaşmalarda prosesi ləngitmək niyyəti açıq-aydın ortadadır. Məsələ burasındadır ki, həm beynəlxalq sənədlər, həm də bugünkü reallıq iki ölkə arasında sülh müqaviləsinin imzalanmasında Azərbaycan variantını tam olaraq dəstəkləyir. Azərbaycan xeyli müddətdir ki, Ermənistana 5 baza prinsiplərindən ibarət sülh müqaviləsinin mətnini, yəni imzalanacaq sənədin ilkin şərtlərini göndərib. İrəvan isə bu şərtlərə qarşılıq qoya bilmədiyi üçün yalnız prosesi ləngitmək siyasəti aparır. Bu da məğlub Ermənistanı daha çətin duruma salır".
Bunu “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Millət vəkili bildirib ki, bu gün Vaşinqtonda Ermənistan və Azərbaycanın XİN başçıları sülh müqaviləsi ətrafında müzakirələri davam etdirirlər: “Verilən ilkin məlumatlar belədir ki, tərəflər məsələnin həll olunmasına çalışırlar. Vətən Müharibəsindən əvvəlki hərbi-siyasi ab-havaya nisbətən bu gün müzakirələrin aparıldığı platformaların moderatorları tərəflər arasında fikir ayrılıqlarını çözməyə çalışırlar. Düzdür, hər platformanı təşkil edən ölkələrin maraqları fərqlidir, buna baxmayaraq beynəlxalq münasibətlər sistemi və qəbul olunmuş qayda və prinsiplər var. Öncə, ölkələrin ərazi bütövlüyünə xələl gəlməməlidir. Bundan sonrakı məssələlərin həlli isə asandır. Nəzərə alsaq ki, Ermənistan üzdə sülhdən danışsa da, hələ də Azərbaycana qarşı ərazi iddiasından tam olaraq əl çəkməyib. Danışıqlarda Ermənistanın tutduğu qeyri-konstruktiv yolun səbəbi də budur. Ona yardım edən ölkələr də var. Həm çalışırlar ki, təşəbbüskar olaraq münaqişəni sona çatdırsınlar, digər tərəfdən də ikili standartlardan əl çəkə bilmirlər. Xüsusi olaraq qeyd olunmalıdır ki, Cənubi Qafqazda köhnə düşmənlərin – ABŞ və Rusiyanın maraqları da toqquşur. Bir ölkənin təşəbbüsü, sülhə yönəlik addımı, digər tərəfdə qıcıq yaradır və yaxud əksinə. Bu gün Vaşinqtonda müzakirələr aparılır, Rusiyadan isə başqa mesajlar gəlməkdədir. Moskva Üçtərəfli Bəyannamədən danışır və bütün məsələlərin bu çərçivədə həllini istəyir. Halbuki, Rusiya-Azərbaycan-Ermənistan üçtərəfli sənədində əsasən Qarabağla bağlı məqamlar yer alıb. Vaşinqtonda isə Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması müzakirə olunur. Bunlar fərqli-fərqli məsələlərdir. Paradoksal olsa da, Cənubi Qafqazda sülh uğrunda “müharibə” gedir”.