Ceyhun Bayramov: "Azad olunmuş ərazilərimizdə çox qısa müddətdə..."

"Azad olunmuş ərazilərimizdə çox qısa müddətdə mühüm infrastruktur layihələri icra olunub".

Sabahinfo.az xəbər verir ki, bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə Şuşa şəhərində keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 27-ci iclasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, 2020-ci ildə əzəli torpaqlarımızın erməni işğalından azad olunmasından dərhal sonra Azərbaycan genişmiqyaslı bərpa-yenidənqurma işləri həyata keçirməyə başlayıb.

Həmin ərazilərdə çox qısa müddət ərzində böyük əhəmiyyət kəsb edən infrastruktur layihələrinin icra olunduğunu, o cümlədən iki beynəlxalq hava limanının tikilib istifadəyə verildiyini vurğulayan nazir bildirib: “Azad olunmuş ərazilərdə üçüncü hava limanının tikintisi Laçında davam etdirilir”.

Füzuli şəhərində artıq istifadəyə verilmiş məktəbə və tikintisi davam etdirilən yaradıcılıq mərkəzinə görə qardaş Özbəkistan və Qazaxıstana minnətdarlığını bildirən C.Bayramov bunu ölkələrimiz arasında olan qardaşlıq və həmrəyliyin bariz nümunəsi hesab edib.