20 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov ilə Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən Sabahinfo.az-a verilən məlumata görə, Karen Donfrid Azərbaycanın müstəqilliyinin bərpa edilməsinin 30-cu ildönümü münasibətilə təbriklərini nazir Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Tərəflər, iki ölkə arasında əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıb və bir sıra istiqamətlərdə əlaqələrin inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar.
Telefon danışığı zamanı, həmçinin regiondakı münaqişə sonrası vəziyyət müzakirə edilib.
Nazir Ceyhun Bayramov Ermənistan-Azərbaycan arasında münasibətlərin beynəlxalq hüquq prinsipləri əsasında normallaşdırılması ilə bağlı mövqeyimizi Dövlət Katibinin köməkçisinin diqqətinə çatdırıb. Öz növbəsində Karen Donfrid iki ölkə arasında münasibətlərinin normallaşdırılmasının vacib olduğunu və ABŞ-ın bu xüsusda dəstək verməyə hazır olduğunu qeyd edib.
Tərəflər, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.