Türkiyənin ana müxalifət partiyası - Cümhuriyyət Xalq Partiyasının (CHP) yeni sədri Özgür Özəl ilk xarici səfərini Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) ardınca Azərbaycana edəcəyini bildirib.
Sabahinfo.az xəbər verir ki, bu barədə partiya sədri “Sabah” qəzetinin köşə yazarı Donat Özələ deyib.
CHP sədri ilə bağlı silsilə məqalələr dərc etdiyini bildirən müəllif yazır ki, bu məqalələrdən sonra partiya sədri ona zəng edib.
D.Özəl qeyd edib ki, partiya sədri əvvəlcə onunla Azərbaycanla bağlı yazdığı məqalələrdən danışıb.
“Dost və qardaş Azərbaycanın xətrinə dəymişik. Yanlış yolda olmuşuq. Bu, bizim səhvimizdir”, - deyə qəzet əməkdaşı CHP sədrindən sitat gətirib.
Onun sözlərinə görə, illərdir CHP-dən belə bir səs, səhvini etiraf edən olmayıb. “Sevindik”, - deyə qəzet əməkdaşı vurğulayıb.
Müəllif xatırladır ki, Türkiyədə hər prezident seçkilərindən sonra Rəcəb Tayyib Ərdoğan ilk səfərini məhz ŞKTC və Azərbaycana etməsi ənənə halını alıb.
“İndi də CHP sədri “bu səhvlər tamamilə bizdən qaynaqlanan xətalardır” deyib.
CHP sədrinin “Can Azərbaycanın könlünü alacağını” deyən qəzet əməkdaşı Özelin bu açıqlamasını ən düzgün seçim adlandırıb.
“Hazırlıqlara başladıq”, - partiya sədri bildirib.
Qeyd edək ki, CHP-nin əvvəlki rəhbəri Kamal Kılıçdaroğlu Azərbaycanla bağlı qərəzli açıqlamaları ilə yadda qalıb. Onun müşaviri Ünal Çevikköz isə hətta Türkiyəni İkinci Qarabağ müharibəsi zamanı Azərbaycana muzdlu döyüşçülər göndərməkdə ittiham edib.
Noyabrın 5-də Türkiyənin Cumhuriyyət Xalq Partiyasının 38-ci növbədənkənar qurultayında Manisadan olan millət vəkili Özgür Özəl yeni sədr seçilib. Seçkilərin ikinci turunda partiya sədri Kamal Kılıçdaroğlu 534, Özel isə 811 səs toplayıb.
CHP 1923-cü ildə Türkiyənin ilk dövlət başçısı Mustafa Kamal Atatürk tərəfindən yaradılıb./report