"Cığır” romanının təqdimat mərasimi keçirilib

Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun “Cığır” kitabının təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, yazıçılar və mədəniyyət nümayəndələri iştirak edib.

Tədbirin əvvəlində Milli Məclisin deputatı, akademik Nizami Cəfərov bildirib ki, Yunus Oğuz romanın strukturunu hiss olunmadan mürəkkəbləşdirir: “Şuşa şəhəri Azərbaycanın ən qədim şəhərlərindən biridir. Mədəniyyətimizin beşiyidir. Bu roman münaqişə başlayandan Şuşanın azad edilməsinə qədər həmin mövzuda müxtəlif səviyyələrdə gedən söz-söhbətlərdən hansıların doğru, hansıların uydurma olduğunu bir-birindən ayırmağa imkan yaradır”.

“Cığır” tarixi romanı Şuşa şəhərinin inşa edilməsinin 270 illiyinə və 44 günlük Vətən müharibəsinə ithaf olunub.

Kitabda Azərbaycanın qədim torpağı olan Şuşa şəhərinin tarixindən, mədəniyyətindən, gözəlliyindən bəhs edilib. Eyni zamanda 44 günlük Vətən müharibəsində qəhrəmancasına həlak olan şəhidlərimizdən, onların igidliyindən bəhs edilib.

Qeyd edək ki, Yunus Oğuz 1960-cı ildə Şirvan şəhərində anadan olmuşdur. “Qadın ulduzu”, “Qarabağ nəzarətsiz zona”, “Atilla pyesi”, “Əmir Teymur dünyanın hakimi” kimi bir sıra kitabların müəllifidir.

Elnarə Həziyeva
SABAHİNFO.AZ saytının baş redaktorun birinci müavini