"Çinlə münasibətlərin dərinləşməsi ölkəmizin dünyadakı mövqeyini gücləndirir"

"Cənab Prezident İlham Əliyevin Çinə rəsmi səfəri ölkəmiz üçün strateji əhəmiyyət kəsb edir. Azərbaycan və Çin münasibətləri son illərdə yüksələn xətlə inkişaf edir və bu inkişaf ölkəmizin xarici siyasətində çox mühüm yer tutur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı dövlət başçısı İlham Əliyevin Çin səfərindən danışarkən bildirdi.

"Çin dünyanın ikinci ən böyük iqtisadiyyatına malikdir və “Bir Kəmər, Bir Yol” təşəbbüsünün mərkəzində dayanır. Azərbaycanın bu təşəbbüsdə aktiv iştirakı, ölkəmizin qlobal logistika və nəqliyyat qovşağına çevrilməsi baxımından böyük fürsətlər yaradır.

Eyni zamanda, Çinlə ticarət, investisiya, təhsil və texnologiya sahəsində əməkdaşlığın genişlənməsi həm iqtisadi, həm də strateji baxımdan Azərbaycan üçün olduqca vacibdir. Hər iki ölkə arasında münasibətlərin dərinləşməsi, həm regional sabitliyə töhfə verir, həm də Azərbaycanın dünyadakı mövqeyini gücləndirir", - deyə deputat vurğuladı.