COP29 Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəkdir

İqlim dəyişmələri bütün dünyanı narahat edən ən qlobal problemlərdən biridir. Atmosferdə oksigenin miqdarını artırmağın ən optimal üsulu yaşıl iqtisadiyyatın sürətli inkişafına nail olmaqdır. 

Neft-qaz ölkəsi olan Azərbaycan yaşıl enerji növlərinin yaradılmasını və yaşıl enerjinin dünya bazarlarına nəqlini hazırda enerji siyasətinin yeni prioritet istiqaməti kimi müəyyən edib. Bərpaolunan və yaşıl enerji əsasında istehsal edilən elektrikin ixracı Azərbaycanın enerji strategiyasında yeni eranın başlanmasına səbəb olub/

COP29-un Bakıda keçirilməsi qərarı, Azərbaycanın yaşıl enerji siyasətinə qlobal dəstəyi ifadə edir. Buna uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2024-cü il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib.

Azərbaycan ərazilərinin 30 illik işğal dövründə həmin torpaqlarımızda ekologiyamız, biomüxtəliflik, yaşıllıqlar vəhşicəsinə məhv edilib, yandırılıb, təbii sərvətlərimiz talanıb. Azərbaycan ərazilərində törədilən ekoloji terror, əhalinin sudan məhrum edilməsi, transsərhəd çayların qabağının alınması və çirkləndirilməsi, su anbarlarının baxımsızlıqdan qəza vəziyyətinə düşməsi ilə ətrafdakı yaşayış məntəqələri və yüz minlərlə əhalinin təhlükə altında qalması Ermənistanın ölkəmizə qarşı törətdiyi təcavüzdür.

Otuz il sonra Azərbaycan ərazilərinin erməni işğalına son qoymaqla həm də davam edən böyük ekoloji terrorun qarşısını aldı. Bu inkaredilməz məsələlər qarşısında, hətta Azərbaycanla dost münasibətdə olmayan ölkələr belə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası kimi mötəbər tədbirin ölkəmizdə keçirilməsi ilə əlaqədar yekdil qərar qəbul etdi.
Xüsusi vurğulamaq lazımdır ki, COP29 kimi mötəbər tədbir postsovet məkanında ilk dəfədir Azərbaycanda keçiriləcəkdir ki, bu da Prezident İlham Əliyevin rəhbərliyi ilə respublikamızın beynəlxalq aləmdə qazandığı nüfuzunun, iqtisadi və digər sahələrdə güclənən mövqeyinin bariz nümunəsidir.

COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bir daha təsdiq edir ki, ölkəmizin bu sahədəki fəaliyyəti BMT daxil olmaqla, beynəlxalq və qlobal təşkilatlar tərəfindən yüksək qiymətləndirilib. Məhz bu səbəbdən də Azərbaycanın namizədliyi dəstək olunub və təsdiqlənib/ Azərbaycan regionda yaşıl enerjinin inkişafına ən çox investisiya edən ölkələrdən biridir. Son illər bu sahəyə yönəlmiş sərmayələrin həcmi 1 milyard dollardan artıqdır. COP29 bir sıra istiqamətlərdə - Azərbaycanın iqtisadiyyatı, eyni zamanda, Azərbaycanın yaşıl enerji sahəsində həyata keçirdiyi fəaliyyətlərin təqdimatı baxımından da çox vacibdir

Ölkəmizin bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərir ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıdıb. Tədbirin Azərbaycanda keçirilməsi isə onun bu istiqamətdə daha da tanınmasına və beynəlxalq mövqeyinin möhkəmlənməsinə böyük töhfə verəcək.


Əminə Ağazadə
Milli Məclisin deputatı