Azərbaycan dayanıqlı inkişafın davamlılığını təmin etmək üçün hər dövrün çağırışlarını yüksək səviyyədə cavablandırır. Ölkəmiz hazırda iqtisadi, siyasi, humanitar mərkəz kimi dünyanın diqqqətindədir. Müxtəlif mövzularda konfransların və forumların Azərbaycanda keçirilməsi ölkəmizin xarici siyasət uğurlarının, eyni zamanda, hər bir sahədə zəngin təcrübəyə, potensiala malik olmasının təqdimatıdır.
Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına uyğun olaraq 2024-cü ilin ölkəmizdə "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi, respublikamızın hər bir sahədə zəngin təcrübəyə malik olması beynəlxalq əhəmiyyətli tədbirlərin məhz respublikamıza həvalə edilməsini şərtləndirən ən əsas amillərdəndir.
Cari ilin aprelin 23-də ADA Universitetində 30 ölkədən 70-dək ekspertin iştirakı ilə "COP29 və Azərbaycan üçün Yaşıl Baxış" mövzusunda beynəlxalq forum keçirilib. Forumda çıxışı zamanı Ölkə başçısı cənab İlham Əliyev COP29-un yeni əməkdaşlıq formatlarının yaradılmasında əhəmiyyətli rol oynayacağını vurğulayaraq qeyd etmişdir: “COP29 beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana olan böyük ehtiramın və dəstəyin göstəricisidir. Biz hazırlığın fəal mərhələsindəyik. COP29 çox böyük məsuliyyətdir. Burada söhbət təkcə təşkilati məsələlərdən deyil, nəticələrin əldə edilməsindən də gedir”.
Dövlət başçısı cənab İlham Əliyevin forumda çıxışı zamanı diqqət göstərdiyi əsas məsələlərdən biri də regional təhlükəsizliyin təmin edilməsi oldu: “Bizim hər zaman praqmatizm nöqteyi-nəzərindən qaldırdığımız bir məsələ də var ki, sərhəd, heç şübhəsiz, prinsiplərə əsasən delimitasiya olunmalıdır. Lakin, eyni zamanda, sərhədin elə hissələri var ki, hər iki tərəf üçün problemlər yaradır. Bu, yollar, bəzən təhlükəsizlik mexanizmi, bir-birinin ərazilərinin dərinliyinin görünməsi ilə bağlı olur. Ona görə də biz kreativ olmalıyıq”.
Ölkə Prezidenti cənab İlham Əliyev forumdakı çıxışında yaşıl iqtisadiyyatla bağlı bildirdiyi fikirlərə onu da əlavə etdi ki, hazırda neft və qaz ümumi daxili məhsulumuzun yarıdan az hissəsini təşkil etdiyini lakin ixracımızın təxminən 95 faizi neft və qazla bağlı olduğunu və bu səbəbdən müasir dövrdə Azərbaycanın əsas məqsədlərindən biri öz ixracatını şaxələndirmək olduğunu bildirdi. Bununla yanaşı, dayanıqlı inkişaf və enerji məsələləri ilə bağlı çıxış edən Ölkə başçısı iqtisadi göstəricilərimiz və sosial proqramlarımız bu prosesə təkan verdiyini, xüsusilə də enerji sektorundan əldə edilən gəlirlər işsizlik və yoxsulluq məsələlərinin aradan qaldırılmasına yönəldildiyini qeyd etdi.
Onu da qeyd edək ki, Prezident Əliyevin şəxsi təşəbbüsü və dəstəyi sayəsində iştirakçılar forumdan sonra Ermənistanın işğalından azad olunmuş və artıq məcburi köçkünlərin qayıdışına şahidlik edən gözəl Laçın şəhərinə səfər etdilər. Əvvəlki forumlarda iştirakçılar Şuşada, Ağdamda və Zəngilanda olmuşdular. Bu mühüm addımın reallıqlarımızın təbliğində böyük rolu vardır.
Ümumiyyətlə, forum zamanı aparılan müzakirələr regionun və bütün dünyanın, qloballaşan və hər gün yeni-yeni təhdidlərlə üzləşən planetimizin gələcəyi üçün çox əhəmiyyətli oldu. Beləliklə, COP29 Cənubi Qafqazda sülhün əldə edilib sıx əməkdaşlıq formatının yaranmasına öz töhfəsini verəcəkdir.
Ümid Mehdiyev - ADPU-nun rektor müşaviri