Daha 81 laçınlı yurduna dönür

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

Sabahinfo.az xəbər verir ki, noyabrın 22-də növbəti köç karvanı Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 21 ailə - 81 nəfər köçürülüb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Daha da gözəlləşən və abadlaşan Laçın şəhərinin sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, torpaqlarımızı işğaldan qurtaran rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildiriblər, bu yolda canlarından keçən şəhidlərimizi böyük ehtiramla yad ediblər.

Bununla da Laçın şəhərində 346 ailə, yəni 1326 nəfərin daimi məskunlaşması təmin edilib.