19 il bundan əvvəl Ulu Öndər Heydər Əliyev xalqa öz tzrixi müraciətində demişdir ki, “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək”. 2003-cü ilin 15 oktyabrı tarixində keçirilmiş seçkilərdə xalq öz səsini Ulu Öndər Heydər Əliyev siyasətinin davam etdirilməsinə və ölkədə sabitliyin qorunmasına vermişdir. Azərbaycan xalqı sülhün, əmin-amanlığın, tərəqqinin, inkişafın, quruculuğun və sabitliyin tərəfində olduğunu nümayiş etdirdi, ölkədə bu siyasətə alternativin olmadığını göstərdi. Özü qədər inandığı və gələcəyinə böyük ümidlər bəslədiyi Prezident, Ali Baş Komandan tək Ümummilli Liderimizin deyil, hər bir azərbaycanlının ümidlərini doğrultdu. Xalqımız ona etimad göstərməklə həm də öz seçimində yanılmadığını gördü. İlk andiçmə mərasimində “hər bir azərbaycanlının Prezidenti ”olacağına söz verən ölkə başçısı öz andına sadiq qaldı.
“Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaş dayanır” deyərək bütün fəaliyyəti, amalı qurub-yaratmaq, xalqımızı daha xoş günə, daha firavan həyata qovuşdurmaq olan ölkə başçı dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, vətəndaşlara göstərilən xidmətlərin təkmilləşdirilməsi, daha keyfiyyətli, rahat, yeni üslubda və müasir innovasiyaları tətbiq etməklə həyata keçirilən elektron xidmətlərə keçidin sürətləndirilməsi təmin etdi. Təsadüfi deyil ki, Azərbaycan brendi olan “ASAN xidmət” dünyada böyük maraq doğurub və bu təcrübə bir sıra ölkələr tərəfindən öyrənilir. Həyata keçirilən sosial layihələr əhalinin, xüsusilə də həssas təbəqədən olan vətəndaşlarımızın həyat şəraitinin yaxşılaşdırılmasına, sosial müdafiəsinin daha da gücləndirilməsinə öz mühüm və müsbət təsirini göstərir. Prezident İlham Əliyev ölkə iqtisadiyyatında qeyri-neft sektorunun çəkisinin artırılması ilə bağlı davamlı tədbirlər gördü. Nəhəng infrastruktur layihələri həyata keçirildi. Azərbaycanda nəqliyyat sisteminin yenidən qurulması ölkəmizin dünyaya çıxışını təmin etdi. Olimpiya idman komplekslərinin inşası gənc nəslin sağlamlığının qorunmasına, yüzlərlə səhiyyə ocağının, müalicə-diaqnostika mərkəzlərinin inşası səhiyyə sisteminin inkişafına, minlərlə məktəb tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi təhsilin zamanın tələblərinə uyğun qurulmasına mühüm töhfələr verdi. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı təsdiqlədiyi dövlət proqramları şəhərlə kənd arasında fərqi aradan qaldırılmış və Azərbaycanın regionları bütün zəruri infrastrukturla təmin olunmuşdur.
Ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiə edilməsi dövlət siyasətinin mühüm tərkib hissələrindən biridir. Bu istiqamətdə güclü qanunvericilik bazası formalaşmışdır. Aztəminatlı və həssas qrupdan olan ailələrə xüsusi diqqət yetirilir. Bu gün qadınların öz potensiallarını reallaşdırmaları və sosial-iqtisadi sferada fəal iştirak etmələri üçün respublikada bütün imkanlar yaradılmışdır. Xüsusilə, regionlarda qadınların seçimində üstünlük təşkil edən ənənəvi sahələrin inkişaf etdirilməsi nəticəsində həm qadınlar, həm də ölkə iqtisadi cəhətdən güclənir. Ölkə başçısının Sərancam və Fərmanları ilə qəbul edilmiş xüsusi dövlət proqramları və qanunvericilik aktları nəticəsində uşaqların fiziki və mənəvi inkişafına, onların təhsilinə, gündən günə dövlət qayğısı artır. Sizin və Mehriban xanımın hər bir vətəndaşla - ağsaqqal, ağbirçək, orta nəslin nümayəndəsi, gənclər, uşaqlarla səmimi ünsiyyətiniz hər bir dövlət məmuruna gözəl nümunədir. Xüsusi ilə qeyd etmək lazımdır ki, Mehriban xanım Əliyevanın ölkənin birinci xanımı kimi fəaliyyəti ölkəmizin inkişafında, onun dünyada təbliğ olunması və tanınmasında, Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında danılmaz rol oynamışdır. Birinci vitse-prezidentlik institutunun təsis olunması dövlət idarəçilik sisteminin təkmilləşdirilməsinə xidmət edən mühüm addım oldu. Dövlət idarəçiliyində funksional vahid kimi Birinci vitse-prezidentlik institutunun yaradılması Azərbaycanın müasir demokratik simasının yeni və mütərəqqi bir əlamətidir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti dövründə dövlət idarəçilik sisteminə müasirlik qatdı və peşəkarlıq amilinin aktuallığını artırdı.
Prezident İlham Əliyevin təçəbbüsü və rəhbərliyi il həyata keçirilən enerji siyasəti nəticəsində reallaşan layihələr regional çərçivələrdən çıxaraq qlobal miqyas almışdır. Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Neft-qaz sahəsində qazandığı uğurları davam etdirən ölkəmiz Trans-Anadolu və Trans-Adriatik qaz kəmərlərinin çəkilməsinə start verdi. Bununla da Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan Azərbaycan Cənub Qaz Dəhlizi layihəsinin aparıcı qüvvəsi kimi çıxış etməyə başladı. Xəzərin Azərbaycan sektorunda “Azəri”, “Çıraq” və “Günəşli” yataqlarının birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında yeni sazişin imzalanması ölkəmizin dünya enerji sənayesində həlledici rolu olduğunu bir daha təsdiqlədi. Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı kimi çox böyük tarixi hadisə baş verdi. Asiyanı Avropa ilə birləşdirəcək Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin, Azərbaycan neftini birbaşa dünya bazarına çıxaran Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsi kimi nəhəng layihələrin icrasına nail olundu.
Dövlət başçımızın müəllifi olduğu və həyata keçirdiyi davamlı inkişaf konsepsiyası dövlətimizin və xalqımızın tərəqqisinə, onun parlaq gələcəyinə hesablanmışdır. Vahid dövlətçilik siyasətinizə əsasən Azərbaycan iqtisadi, siyasi, mədəni, sosial, hərbi, idman və digər sahələrdə dayanmadan inkişaf edir. Əhalinin sosial rifahının yaxşılaşdırılması, qanunvericilikdə islahatların aparılması, mədəni irsin və dəyərlərin dünyada tanıdılması, beynəlxalq təşkilatlarla və dövlətlərlə ikitərəfli və çoxtərəfli əlaqələrin, strateji əməkdaşlığın genişləndirilməsi ölkədə gedən inkişafın nəticəsidir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxtərəfli xarici siyasət nəticəsində Azərbaycan regionun ən güclü və suveren aktoruna çevrilmişdir. Həyata keçirilən praqmatik xarici siyasət strategiyası ölkəmizə beynəlxalq münasibətlər sistemində müstəqil xarici siyasət həyata keçirən milli dövlət kimi etibarlı strateji tərəfdaş imici qazandırıb. Regional təşəbbüslər Azərbaycanın möhkəmlənməsinə, bölgədəki əməkdaşlığın dərinləşməsinə xidmət etdi. Milli mənafelərlə bağlı problemlərin həllinə həssas və fəal yanaşma uzaq və yaxın xaricin də diqqətindən yayınmadı. Azərbaycan Prezidentinin yürütdüyü uğurlu xarici siyasət nəticəsində ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Azərbaycanın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, həmçinin 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə sədrlik etməsi müasir Azərbaycanın beynəlxalq miqyasda nüfuzunu və qüdrətini göstərir.
Ötən dövr ərzində Azərbaycanın tərəqqisi naminə həyata keçirilən siyasət sayəsində ölkəmiz sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə uğurlar qazanmışdır. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Prezident İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə bir çox yeniliklərə imza atdı. Azərbaycanda siyasi mədəniyyət, milli mənəviyyatımıza uyğun siyasi əxlaq standartı, milli siyasi etika nümunəsi formalaşdırdı.
Ölkə başçısı hər zaman deyirdi ki, “ Azərbaycan xalqı heç vaxt məğlubiyyətlə barışmayacaq və gec-tez öz məqsədinə nail olacaqdır”. 2003-cü ildən etibarən Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin aqibəti ilə bağlı bəzi dairələrdə yaranan əminliyi darmadağın etdi. Azərbaycanda güclü müdafiə sənayesi quruldu. Qısa müddət ərzində görülmüş işlər sayəsində Azərbaycan ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer aldı. Bunun üçün Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, silahlı qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ardıcıl tədbirlər görüldü. Bu gün Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində 1200 adda hərbi təyinatlı məhsul istehsal edilir. Artıq iki ildir ki, xalqımız daha işğal günlərini qeyd etmir. Bu gün hər birimiz bu tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana və Ordumuza minnətdardır.
Azərbaycan hazırda bütün maraqların kəsişdiyi coğrafi məkana çevrilir. Prezident İlham Əliyev Cənubi Qafqazda dünya dövlətləri tərəfindən qəbul edilən yeni siyasi və iqtisadi vəziyyət yaratdı. Ermənistan və onun havadarları tərəfindən edilən diplomatik və siyasi təzyiqlərə baxmayaraq, öz prinsipial mövqeyinizdən dönməyən dövlət başçımız bu gün də bu qətiyyəti, siyasi iradəni Qarabağın, Şərqi Zəngəzurun, bütövlükdə Azərbaycanın inkişafı üçün, daha güclü və sabit dövlət olması üçün, vətəndaşının rifah halının daha da yaxşılaşdırılması üçün göstərir.
Hazırda dünyada gedən proseslər, bütün bəşəriyyəti düşündürən problemləri hər bir insanı narahat edir. Hər bir vətəndaş təhlükəsiz, sağlam və əminlikdə yaşamaq, özünün, ailəsinin, övladlarının, dövlətinin rihafı, gələcəyindən arxayın olmaq istəyir. Bunun üçün isə xalqın güclü Liderə, dövlət başçısına ehtiyacı var. Bizim belə bir Liderimiz var: bu prezident, qalib, müzəffər sərkərdə İlham Əliyevdir! Azərbaycanın tərəqqisi, daha da güclü olması naminə yorulmadan, şərəflə fəaliyyət göstərən ölkə başçısı xaqımızın böyük məhəbbətini qazanmışdır. Ötən 19 ildə Azərbaycan xalqı həmişə öz liderinə güvənib və inanıb, ona arxa və dayaq olub. Prezidentimiz həmişə böyük fəxrlə deyir ki, bu uğurların əsasında məhz ölkədəki sağlam ictimai-siyasi mühit, xalqla iqtidarın birliyi dayanır. Bu qarşılıqlı inam sayəsində Prezident İlham Əliyev xalqı bundan sonra da öz arxasınca zirvədən-zirvəyə, qələbədən-qələbəyə aparacaqdır!
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova