Deputat: "Azərbaycan və Türkiyə bayraqlarının təhqir edilməsi Ermənistanın vəhşiliyindən xəbər verir"

"İrəvanda Azərbaycanın dövlət bayrağının yandırılması və həmin şəxsin erməni vətəndaşları tərəfindən qəhrəman kimi göstərilməsi bir daha göstərdi ki, Ermənistan hələ də sülhün tərəfdarı deyil". 

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputat Mahir Abbaszadə deyib. 

Deputat bildirib ki, idman yarışı iki ölkə arasında münasibətlərin yaxşılaşmasında və normallaşmasında mühüm rol oynaya bilərdi: 

“Təbii ki, idmançıların iştirak etməsi bütövlükdə bundan sonrakı proseslərə, yəni sülh platformasında özünün töhfəsini verə bilərdi. Amma Ermənistan tərəfinin bu addımları onu göstərir ki, erməni cəmiyyətində Azərbaycanafobiya, islamafobiya, Türkiyə qarşı olan mənfi düşüncə hələ də qalmaqdadır”. 

Millət vəkili qeyd edib ki, Azərbaycan və Türkiyənin bayraqlarının təhqir edilərək, cırılmış və nümayişkaranə şəkildə asılması bir daha Ermənistan dövlətinin vəhşi xislətindən xəbər verir: 

“Azərbaycan və Türkiyə bayraqlarının cırılaraq, yuxarıdan nümayişkaranə şəkildə göstərilməsi bir daha göstərir ki, bu, Ermənistan dövləti tərəfindən təşkil olunmuş məsələdir. Buradan aydın olur ki, Ermənistan Azərbaycanla indiyədək apardığı danışıqlarda heç vaxt səmimi olmayıb. Ermənistan cəmiyyəti Azərbaycanla mehriban qonşuluq münasibətlərini inkişaf etdirmək haqqında hələ də yetkin fikrə gəlməyib. 

Hesab edirəm ki, bu, təkcə bizim tərəfimizdən deyil, xüsusilə beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə qınanılmalıdır. Ermənistana bəyanat verilməlidir ki, belə davranışlar qəbuledilməzdir. Bayraq Azərbaycanın və bütün dünyanın rəmzlərindən biridir. Türkiyənin və Azərbaycanın bayrağı bütün xarici dövlətlər tərəfindən atribut kimi tanınıb. Bu bayraqlar ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Qoşulmama Hərəkatının, BMT-nin qarşısında dalğalanaraq bizim dövlətimizi təmsil edir. Ermənistan tərəfi də bunları yaxşı anlamalı və yaddan çıxarmamalıdır ki, Qarabağda, Zəngəzurda Azərbaycanın digər bölgələrində qaldırılmış bu üçrəngli bayraq və Turkiyənin ay-ulduzlu bayrağı heç vaxt enməyəcək!  

Biz əsla Azərbaycanı bu yolla qorxutmağa, təhqir etməyə imkan verməyəcəyik. Bütövlükdə bayraqlarımızın bu hala salınması Ermənistan dövlətinin vəhşi xislətindən xəbər verir və bu da illərdir Azərbaycan və Turkiyənin qarşılaşdığı haqsızlıqlardan biridir”.