Milli Məclisin deputatı Mahir Abbaszadə "Kanal 20 TV"-ə müsahibə verib. Həmin müsahibəni təqdim edirik.
- Mahir müəllim, ilk olaraq Azərbaycanı yeni mərhələyə aparan prezident seçkiləri barədə danışaq. Fevralın 7-də ölkəmizdə keçirilmiş prezident seçkilərində xalqımızın Müzəffər Ali Baş Komandanı İlham Əliyevə olan inam və etimadı özünü necə göstərdi?
- Azərbaycanda 7 fevral növbədənkənar prezident seçkilərinin keçirilməsi ölkənin ictimai-siyasi həyatında mühüm hadisə idi. Bu hadisə Azərbaycan xalqının son 20 illik idarəetməsində Prezident İlham Əliyevə necə inandığını və qarşıdakı 7 ildə cəmiyyət və dövlətin idarəedilməsini Müzəffər Ali Baş Komandana necə etibar etdiyini bir daha göstərdi. Seçkilər bir tərəfdən Azərbaycan xalqının 20 illik həyatına verdiyi qiymət, digər tərəfdən idarə edən şəxsə verilən dəyər kimi qiymətləndirilməlidir. Biz gördük ki, xalqımız Zəfər seçkilərində bir nəfər kimi yaxından iştirak etdi, mütəşəkkillik göstərdi. Azərbaycanın müstəqillik tarixində ilk dəfə olaraq respublikamızın bütün ərazilərində səsvermə həyata keçirildi. Bu, tarixi hadisə idi. Bütövlükdə seçkiyə gələnlərin mütləq əksəriyyətinin Prezident İlham Əliyevə yenidən etimad göstərməsi Azərbaycan xalqının qədirbilən xalq olduğunun əyani sübutudur. Prezident İlham Əliyevin apardığı siyasət Azərbaycan xalqının maraqlarına cavab verir. Bu diplomatiya ölkəmizin iqtisadi, siyasi, mədəni müstəqilliyinin möhkəmləndirilməsindən, Azərbaycan torpaqlarının işğaldan azad olunmasından, sərhədlərin bərpa olunmasından, ölkəmizin bütün ərazilərində suverenliyin tam təmin olunmasından keçir ki, bunu da Prezident 20 illik fəaliyyəti dövründə həll edə bilib. Beləliklə, Azərbaycan xalqı da Heydər Əliyev siyasətinə, bu siyasətin layiqli davamçısı İlham Əlyevə yenidən etimad göstərdi.
- İlham Əliyev 20 il əvvəl prezident seçildikdən sonra Azərbaycan xalqı qarşısında verdiyi bütün vədləri yerinə yetirib. Fevralın 14-də isə dövlət başçısı andiçmə mərasimindəki çıxışında yeni dövr üzrə prioritetləri aydın şəkildə açıqladı. Yeni hədəflərə çatmaq üçün dövlətin aidiyyəti qurumlarının və xalqın üzərinə nə kimi məsuliyyət düşür?
- Bəli, dövlət başçımız 2003-cü ildə prezident seçiləndən sonra verdiyi bütün sözlərə əməl etdi. O zaman Azərbaycan xalqına söz vermişdi ki, onun dövründə bir ədəd də olsun çadır şəhərciyi qalmayacaq. Biz gördük ki, Prezidentin fəaliyyəti nəticəsində bir çadır şəhərcəyi qalmadı. 2007-ci ildə hamısı ləğv olundu və onun yerində daha müasir, abad evlər tikilməyə başladı. Cənab Prezident söz vermişdi ki, onun dövründə yoxsulluq tamamilə ləğv olacaq, işsizlik probleminə son qoyulacaq, Azərbaycanın iqtisadi inkişafı artacaq, dövlət müstəqilliyi daha da möhkəmlənəcək və xalqın işğal altındakı bütün torpaqları geri qaytarılacaq. Prezident İlham Əliyev fəaliyyəti dövründə Azərbaycan xalqına verdiyi bütün vədləri yerinə yetirdi, xalq da buna adekvat olaraq seçkilərdə ən yüksək səviyyədə iştirak edərək Müzəffər Komandana təşəkkürünü bildirdi və etimadını göstərdi. Cənab prezident fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində xalqın qarşısında verdiyi vədlər, təbii ki, bundan sonrakı mərhələdə Azərbaycanın inkişaf prioritetlərini özündə ehtiva edirdi.
Yəni bu prioritetlər arasında ölkəmizin sərhədlərinin qorunması, ordu quruculuğunun sürətlə davam etdirilməsi, ölkəmizin daxili və xarici təhlükəsizliyinin mühafizə edilməsi, Azərbaycanda yeni silahlı qüvvələrin – komando birliklərinin formalaşdırılması, iqtisadi yüksəlişə nail olmaq üçün qeyri-neft sənayesinin inkişafı, yeni texnika və texnologiyaları tətbiq edərək innovativ iqtisadiyyatın qurulması ilə bağlı addımlar, digər tərəfdən böyüyən və inkişaf edən Azərbaycanın müasir gənclərinin vətənpərvərlik ruhunda yetişdirilməsi, həmçinin təhsil sahəsində islahatların həyata keçirilməsi, Azərbaycan xalqı üçün vacib olan Qarabağ və Şərqi Zəngəzurda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsi, keçmiş məcburi köçkünlərin dədə-baba yurdlarına qayıtması ilə bağlı olan məsələlər yer alırdı. Bütün bunlar qarşıdakı dövrdə möhtərəm cənab prezidentin rəhbərliyi ilə Azərbaycan xalqının qarşısında duran əsas məsələlərdir və biz bu məqsədlərə nail olacağıq. Bütün bu məsələlərin həyata keçirilməsində xalq-dövlət birliyinə böyük ehtiyac var. Azərbaycanda hər dəfə xalq-iqtidar birliyi əsas məsələlərdən biri olub. Bütövlükdə dövlətimizin apardığı siyasətlə əldə olunan uğurların kökündə dövlət başçısı və xalq birliyinin mütəşəkkil və möhkəm bağlar üzərində qurulması prinsipi dayanır.
Bugünə qədər dövlətimizin uğurlarının əsasında Prezident İlham Əliyevin apardığı siyasətin Azərbaycan xalqının mənafeyinə uyğun gəlməsi, bütün maraqlarını özündə ehtiva etməsi, buna uyğun olaraq xalqın dövlət başçısının siyasətini həmişə dəstəkləməsi durur. Bütün bu uğurlar Prezidentdən böyük fədakarlıq tələb edirsə, digər tərəfdən xalqın bu proseslərdə yaxından iştirakı da bu məsələlərin həyata keçirilməsində zəruridir.
- Bugün Azərbaycan regionda, həmçinin dünyada güclü mövqeyə, böyük nüfuza malikdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın bundan sonra siyasi, iqtisadi, sosial, hərbi uğurları ilə bağlı inam və ümidlərinizi bilmək istərdik…
- Prezident İlham Əliyev andiçmə mərasimində dövlətimizin qarşısında duran məsələlərlə bağlı Azərbaycan xalqına ciddi çağırış etdi. Cənab prezident bundan sonrakı 7 il müddətində qarşımıza çıxacaq problemlər, onların həlli yolları, eyni zamanda, xalqı gözləyən uğurlar, bunlara çatma yolları, bu işləri həyata keçirməklə bağlı konkret plan və proqramlarını açıqladı, bütün istiqamətlərdə öz baxışlarını dedi. Xüsusilə Azərbaycanın xarici siyasətinin formalaşması, bu siyasətin prioritetləri, yetişən gənc nəslin milli ruhda yetişməsi və inkişaf etməsi ilə bağlı ciddi çağırışların olması, dünyada, həmçinin regionda baş verən geopolitik hadisələrin mənfi məqamlarını nəzərə alaraq Azərbaycan xalqının uzunmüddətli təhlükəsizliyinin təmin edilməsi ilə bağlı prezidentin baxışları olduqca vacib məsələlərdən idi. Cənab prezident xalqa verdiyi vədləri 20 il müddətində yüksək səviyyədə yerinə yetirib. Azərbaycan xalqı inanır ki, fevralın 14-də andiçmə mərasimində verdiyi sözləri də ən yüksək səviyyədə həyata keçirəcək. İyirmi il ərzində Azərbaycanın qarşısında Qarabağ problemi var idi. Bu problem hələ müstəqillik əldə etmədiyimiz vaxtda Ulu Öndər Heydər Əliyevin sözü ilə desək, xalqın qəlbinə qara yara kimi vurulmuşdu. Cənab Prezidentin apardığı uzunmüddətli siyasəti bu problemin kökündən həll olunmasına gətirib çıxartdı. Torpaqlarımız işğaldan azad olundu, suverenliyimiz bərpa olundu, Azərbaycan ərazisində separtizmə son qoyuldu, sərhədlərimiz tam təmin olundu. Bunlar möcüzəvi hadisələr idi. Azərbaycanın qarşısında duran müasir çağırışlar əvvəlkilərlə müqayisədə problem deyil, adi həyat tərzidir. Prezidentin düşüncəsi, zəkası, qabiliyyəti, həyata baxışı, xalqımıza sevgisi qarşısında bunlar məsələ deyil. Dövlət başçısı o böyüklükdə problemi həll edib. İnaqurasiya mərasimində prezidentin çıxışı zamanı verdiyi mesajlar xalqda işıqlı gələcəklə bağlı ümidlər yaratdı. Azərbaycan xalqı bunu bilirdi, amma dövlət başçısının çıxışından sonra tam anladı ki, bizi qarşıda təhlükəsiz, sabit gələcək gözləyir. Bu gələcəyin də ən böyük təminatçısı Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevdir.
-Yeni mərhələdə işğaldan azad olunmuş rayonların bərpası və Böyük qayıdışın davam etdirilməsi də mühüm əhəmiyyət kəsb edir. Bu istiqamətdə görülən işləri necə qiymətlədirirsiniz?
-Azərbaycan dövlətinin qarşısında duran əsas məsələlərdən biri 2022-2026-cı illəri əhatə edən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nı həyata keçirməklə 140 min keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışını təmin etməkdir. Təbii ki, bu, Dövlət proqramının həyata keçirilməsi ilə bağlı dövlət büdcəsindən hər il kifayət qədər vəsait ayrılır. Bu məqsədlə dövlət büdcəsindən təxminən 11 milyard manatdan artıq pul ayrılıb ki, bu vəsait hesabına işğaldan azad olunmuş ərazilərdə infrastruktur layihələri həyata keçirilir, yeni iş yerləri yaradılır, sənaye məhəllələri salınır, hava limanları tikilir, yaşayış məntəqələri tikilir, eyni zamanda, dağıldılmış iqtisadiyyat bərpa edilir. Məhz bunun nəticəsidir ki, biz son üç ildə işğaldan azad olunmuş ərazilərə keçmiş məcburi köçkünlərin geri qayıdışının şahidi oluruq. Vətəndaşlarımız artıq ata-baba yurdlarında yaşamaqla öz həyatlarını qurmaqdadır. Qayıdış prosesi növbəti mərhələlərdə də davam edəcək. Bu işlərin rəhbəri isə möhtərəm cənab Prezident və ölkənin birinci vitse-prezidenti Mehriban xanımdır. Görülən işlər xalqın hər bir üzvü tərəfindən dəstəklənməkdədir. Çünki torpaqlar işğaldan azad edildikdən sonra bu ərazilərdə bərpa, quruculuq proseslərini həyata keçirmək, həmin ərazilərdə həyatı bərpa etmək, ölkə rəhbərinin qeyd etdiyi kimi, insanları geri qaytararaq layiqli həyatlarını təmin etməklə bağlı Azərbaycan dövləti qarşısına ciddi vəzifələr qoyulub. Biz inanırıq ki, Böyük qayıdış nəticəsində evlərindən didərgin salınmış bütün keçmiş məcburi köçkünlər geri qayıdacaq və öz torpaqlarında daimi və layiqli şəkildə yaşayacaqlar.
-Dövlət başçısının növbəti müddətə prezident seçildikdən sonra ilk rəsmi səfəri qardaş Türkiyəyə oldu. İki ölkə arasında sənədlər imzalandı, müəyyən razılıqlara gəlindi. Ümumiyyətlə, qarşıdakı illərdə Türkiyə-Azərbaycan münasibətlərini, türk dünyası ilə əməkdaşlıq perspektivlərini necə görürsüz?
- Dövlət başçısının qeyd etdiyi kimi, Azərbaycanın xarici siyasətində əsas məsələlərdən biri türk dünyası ilə qardaşlaşmaq və münasibətlərin dərinləşməsidir. Ölkə rəhbəri bildirdi ki, bizim bir ailəmiz var, o da türk dünyasıdır, Türk Dövlətləri Təşkilatıdır. Baxın, bu siyasət ölkəmizdə ardıcıl həyata keçirilməkdədir. Vaxtilə Ulu öndər Heydər Əliyev deyirdi ki, biz Türkiyə ilə bir millət, iki dövlətik. Azərbaycanın türk dünyası ilə apardığı xarici siyasət məhz Ümummilli lider Heydər Əliyevin bu fəlsəfəsinə əsaslanır. Prezident İlham Əliyev də seçkilərdən sonra və bütün fəaliyyəti dövründə Heydər Əliyev yoluna sadiqliyini nümayiş etdirib. Bu, bütün sahələrdə özünü göstərməkdədir. Təbii ki, türk dövlətləri ilə əlaqələr daha yüksək səviyyədədir. Amma bu münasibətlər içərisində Türkiyə-Azərbaycan qardaşlığı, birliyi ilk pillədədir. Fəxrlə deyə bilərik ki, bu gün dünyada Türkiyə-Azərbaycan münasibətləri ilə müqayisə edilə biləcək iki dövlət yoxdur. Etiraf etməliyik ki, münasibətlərin bu səviyyəyə gəlib çatmasında Prezident İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi dostluq, qardaşlıq münasibətləri xüsusi rol oynayır.
Bu gün elə bir sahə yoxdur ki, Azərbaycan-Türkiyə əməkdaşlığı yüksək səviyyədə olmasın. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatına neft və qaz sənayesini çıxmaq şərti ilə ən çox investisiya qoyan məhz Türkiyə Respublikasıdır. Təbii ki, Türkiyənin iqtisadiyyatına Azərbaycan tərəfindən kifayət qədər yatırımlar edilir. Bu gün Türkiyə universitetlərində kifayət qədər azərbaycanlı tələbələr təhsilini davam etdirir. Eyni zamanda, Azərbaycan universitetlərində də türkiyəli tələbələr çoxluq təşkil edir.
Biz inanırıq ki, Türkiyə-Azərbaycan münasibətləri kontekstində TDT-nin inkişaf etdirilməsi ilə bağlı məsələlər bundan sonra da davam edəcək. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın böyük nümayəndə heyəti ilə Türkiyəyə səfər etməsi, burada ən yüksək səviyyədə qarşılanması, iki dövlət arasında bağlanmış müqavilələr və bu sazişlərdən gələn öhdəliklərin həyata keçirilməsi də qarşıdakı vaxtlarda Azərbaycan-Türkiyə münasibətlərində yeni perspektivlərin açılmasını özündə ehtiva edir.