Deputat dövlət qurumlarına ÇAĞIRIŞ ETDİ

"Azərbaycan prezidenti hər zaman şəhidlərin xatirəsini uca tutmağı, şəhid ailələrinə həssas münasibət göstərməyi tövsiyə edib".

Sabahinfo.az xəbər verir ki, bunu deputat Qüdrət Həsənquliyev parlamentdə çıxışı zamanı deyib.

Deputatın sözlərinə görə, bu tövsiyələrə icra hakimiyyəti orqanları tərəfindən əməl olunmur. Q.Həsənquliyev qeyd edib ki, onun görüşdüyü qadının nəvəsi - qızının tək övladı Suqovuşanda şəhid olub. Xətai rayonundakı 55 saylı məktəbin kollektivi şəhid Samir Əliyevin adının həmin məktəbə verilməsini xahiş edib. Deputat qeyd etdi ki, S.Əliyev həmin məktəbin şəhid olan yeganə məzunudur. Sənədlər 23 yanvar 2021-ci ildə Nazirlər Kabinetinə təqdim olunub, lakin indiyədək heç bir addım atılmayıb.

Q.Həsənquliyev Nazirlər Kabineti ilə danışdığını, lakin bu istiqamətdə hələ də hansısa addımın atılmadığı söyləyib. Dediyinə görə, şəhidin nənəsi nəvəsinin adının əbədiləşdirilməsini xahiş edir.

“Ana özünün yeganə övladnı itirib və bu addım çox böyük təskinlik olardı. Həm də ana işsizdir, ali təhsilinin olmadığına görə onun işlə təmin olunmasında çətinlik olduğunu dedilər. Şəhidin nənəsi Cəmilə xanım dedi ki, qızı Sevda xanım işsizliyə görə müavinət alır. Amma bu xanım depressiyadadır, o işlə təmin olunmalıdır ki, evdən bayıra çıxsın, depressiyadan xilas olsun”.

Deputat müvafiq dövlət qurumlarına bu kimi məsələlərə həssas münasibət göstərməyə çağırıb.