Deputat: Ermənilər hər vəchlə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına çalışırlar

Ermənistanın siyasi rəhbərliyi Qarabağda yeni tamaşa səhnələşdirməkdədir. Bu, mahiyyət etibarilə şantaj, təzyiq, beynəlxalq ictimai fikrin çaşdırılması kimi məqsədləri özündə ehtiva edir. Ölkəmizin əleyhinə yönələn belə əməllər beynəlxalq ictimai fikirdə Azərbaycanın mənfi obrazını formalaşdırmaq və dövlətimizə qarşı müxtəlif təzyiq vasitələrini işə salmaq niyyəti güdür. Bu dəfə də “humanitar böhran”, “fəlakət” kimi terminlərdən istifadə edilir. Guya ki, Azərbaycan hökuməti Qarabağda yaşayan ermənilərə münasibətdə humanitar təzyiq üsullarından istifadə edir. Reallıq isə tamamilə fərqlidir. Reallıq ondan ibarətdir ki, Azərbaycan hər zaman Qarabağda yaşayan ermənilərə Ermənistandan humanitar yüklərin daşınmasına şərait yaradıb. Bu proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin iştirakı ilə baş verir. Buna baxmayaraq, bu təşkilatın özünün fəaliyyətində də xeyli qanunazidd hərəkətlər var və indiki halda Azərbaycanın təkliflərini də gözardı edirlər. Azərbaycan təklif edir ki, həmin humanitar yardımın çatdırılması Ağdam-Xankəndi yolu ilə həyata keçirilsin. Ağdam-Xankəndi yolu tamamilə təhlükəsizdir, kifayət qədər keyfiyyətli yoldur və Azərbaycandan bu humanitar yardım aksiya həyata keçiriləcək. Amma ermənilərin niyyəti bu deyil.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Onun sözlərinə görə, ermənilər hər vəchlə “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətinin dayandırılmasına çalışırlar. İstəyirlər ki, heç bir alternativ yol da olmasın. Çünki məqsəd heç də humanitar məsələlər deyil. Ermənistanın bu gün bir çox siyasətçiləri bəyan ediblər ki, erməni kəndlərində hər şey var, heç bir humanitar fəlakətdən söhbət gedə bilməz. Çünki Azərbaycan bu prosesə nəinki mane olmur, əksinə, şərait yaradıb ki, Qarabağdakı ermənilər dərman vasitələri, ərzaq, un məhsulları və həyat üçün zəruri olan humanitar xarakterli digər yüklərlə təmin edilsin. Demək, niyyət başqadır. Niyyət ondan ibarətdir ki, Qarabağa sülh gəlməsin, Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi imzalanmasın və bu proses maksimum uzansın. Onlar bu cür təzyiq üsullarından istifadə etməklə öz çirkin niyyətlərini həyata keçirmək istəyirlər. Təəssüf doğuran cəhət həm də onunla bağlıdır ki, bu prosesə bir çox Qərbi Avropa ölkələrinin səfirlərini cəlb edə biliblər.

“Bu günlərdə Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik məsələləri üzrə komissarı Cozef Borrel ermənipərəst mövqe ortaya qoyub, Laçın dəhlizinin əleyhinə mövqe ifadə edib. Eyni zamanda, Ağdam- Xankəndi yolunun bu məqsəd üçün istifadə edilməməsi, onun lazımsız, gərəksiz olması ilə bağlı ifadələr səsləndirib. Bunlar təəccüb və təəssüf doğurur. Avropa İttifaqının siyasi rəhbərlərindən birinin belə bir mövqe ifadə etməsi, “oturduğu ağacın budağını kəsməkdən başqa bir şey deyil”. Çünki həmin Avropa İttifaqının enerji təhlükəsizliyində Azərbaycan çox mühüm rol oynayır. Avropa İttifaqının daha yüksəkrütbəli məmurları həm Brüsseldə, həm də Bakıda Prezident İlham Əliyevdən dəfələrlə xahiş ediblər ki, Azərbaycan Avropa İttifaqına qaz satışını iki dəfə artırsın, 2027-ci ilə qədər 20 milyard kubmetr qaz versin. TAP-ın ötürmə qabiliyyətinin 10 milyard kubmetrdən 20 milyard kubmetrə, TANAP-ın ötürmə qabiliyyətinin isə 16 milyard kubmetrdən 32 milyard kubmetrə çatdırılmasının planlaşdırıldığını nəzərə alsaq, onda həqiqətən anlaşılmaz bir vəziyyət yaranır. Doğrudanmı Avropa İttifaqının yüksəkrütbəli bəzi məmurları qitənin strateji əhəmiyyətli maraqlarını bir kənara qoyur, dar erməni maraqlarına xidmət göstərirlər? Buna nə ad vermək olar? Azərbaycanla heç kim diktə dili ilə danışa bilməz. Biz qalibik, şərtləri biz müəyyən edirik. Biz güclü dövlətik, güclü Liderimiz və Ordumuz var, ölkəmizdə vətəndaş həmrəyliyi ən yüksək səviyyədədir. Hesab edirəm ki, bütün bu reallıqlar Ermənistan və onun havadarları üçün ibrət dərsi olmalıdır”, - deyə Elman Nəsirov vurğulayıb.