Bu il Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü xalqımız böyük coşqu və sevinclə qeyd edir. Müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti hər bir azərbaycanlı üçün əsl nümunədir, çünki bu gün hər bir sahədə biz onun irsini hiss edirik.
Azərbaycanda gənclər siyasətinin formalaşmasında, inkişaf etdirilməsində Ulu Öndərin əvəzsiz xidmətləri vardır. Təsadüfi deyil ki, məhz Heydər Əliyev Azərbaycanda müasir gənclər siyasətinin banisi hesab olunur. “Heydər Əliyev İli”ndə Umummilli Liderin bu sahədə gördüyü işlərdən bəhs etmək, regionlarda təbliğ etmək məqsədilə 89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev 30 noyabr 2023-cü il tarixində Ağdaş rayon Dövlət Humanitar Kolleci və Göyçay Gənclər Evində rayon gəncləri ilə “Heydər Əliyev – müasir gənclər siyasətinin banisi” mövzusunda görüşlər keçirib.
Tədbirlərdən öncə Ümummilli Liderin abidəsi ziyarət edilib, daha sonra Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş idmanın stolüstü tennis və şahmat növü üzrə rayon birinciliyi yarışlarının açılışı baş tutub.
Görüşlər Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi, sonra Ümummilli Liderin həyat və yaradıcılığına həsr olunmuş videoçarxın nümayişi ilə başlanıb.
Çıxış edən M.Əfəndiyev ilk növbədə Azərbaycanda gənclər siyasətinin formalaşmasından söz açaraq, Azərbaycan gəncliyinin hər zaman ölkənin ictimai-siyasi həyatında lokomotiv rolunu oynayaraq dövlətçiliyin qurulması, möhkəmləndirilməsi və inkişafı mərhələsində öz bilik, bacarıqları ilə iştirak etdiyini, Vətənə, dövlətə bağlılıqlarını, eləcə də vətənin qorunmasının hər zaman ali hədəf olduğunu ötən 30 il müddətində mənimsədiyini vurğuladı.
Sonra Azərbaycan gəncliyinin Heydər Əliyev tarixinə nəzər yetirən millət vəkili qeyd edib ki, Heydər Əliyev Azərbaycan tarixində, milli-siyasi təfəkkürümüzdə, dövlətçilik şüurumuzda böyük məna yükü daşıyan şəxsiyyətdir: “O, ömrünün 30 ildən çox hissəsini müasir Azərbaycanın quruculuğuna həsr edib. Azərbaycanı gənclər ölkəsi, gəncləri isə Azərbaycanın gələcəyi adlandıran Ümummilli Liderin siyasi hakimiyyətə gəldikdə ən birinci görüşü məhz gənclərlə olmuşdur. O görüşdə Ulu Öndər gənclərə böyük ümid bəslədiyini, müstəqil Azərbaycanın dövlətçilik ənənələrinin qorunması üçün gənclərə arxayın olduğunu bildirmişdi.”
Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı Azərbaycan gəncliyinin vətənpərvərlik, dövlətə sədaqət, intellekt, dünyagörüşü, habelə ictimai-siyasi məsələlərə fəal yanaşma baxımından çox yüksək səviyyədə inkişaf etdiyindən bəhs edərək, deputat bu gün məhz həmin gəncliyin Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin rəhbərliyi ilə öz canı, qanı bahasına doğma Qarabağımızı 44 gün ərzində işğaldan etdiyini qeyd etdi.
Digər məruzəçilər də Ulu Öndər Heydər Əliyevin zəngin ömür yolundan və müasir gənclər siyasətinin inkişafında tarixi fəaliyyətindən söz açdılar. Umummilli Liderin siyasi kursu, dövlətçilik prinsipləri, Azərbaycan gəncliyi haqqında fikirləri tədbir iştirakçılarının diqqətinə çatdırıldı.
Xatirə şəklinin çəkdirilməsi ilə görüşlərin rəsmi hissəsi başa çatdıqdan sonra idmanın stolüstü tennis növü üzrə Ağdaşda, şahmat növü üzrə isə Göyçayda keçirilən rayon birinciliyində ilk üç yeri tutan oğlan və qızlar diplomlarla təltif olundular.
Tədbir və yarış iştirakçıları görüşlərin baş tutması ilə bağlı təşəbbüsünə görə Məzahir Əfəndiyevə minnətdarlıqlarını bildirdilər.