Deputat Nizami rayonunda vətəndaş qəbullarını davam etdirir - FOTOLAR

24 saylı seçki dairəsi üzrə Milli Məclisin deputatı Könül Nurullayeva həftə ərzində Nizami rayonu sakinləri, o cümlədən Azərbaycanın digər bölgələrində yaşayan 19 vətəndaşımız tərəfindən Deputat Qərargahına daxil olan müraciətlərə əsasən növbəti vətəndaş qəbulunu keçirib.

Karantin qaydalarını da nəzərə alaraq keçirdiyi görüşdə millət vəkili Könül Nurullayeva ümumilikdə 8 vətəndaşımızı fərdi formada dinləyib, müxtəlif mövzularda onları narahat edən problemləri qeydiyyata götürüb.

Deputat Qərargahından verilən məlumata əsasən, görüş zamanı qəbul iştirakçıları tərəfindən səsləndirilən əsas məsələlər sırasında bankdan ipoteka krediti götürmüş vətəndaşımızın yaşadığı çətinlik, əsassız şəkildə kəsilmiş əlillik pensiyasının yenidən verilməsi, aztəminatlı ailələrin qarşılaşdığı məişət problemləri, İkinci Qarabağ müharibəsi iştirakçısının və qazisinin işlə təmin olunması ilə bağlı məsələlər başlıca yer almışdır. Qəbulun sonunda Milli Məclisin deputatı Könül Nurullayeva görüş iştirakçılarına bildirib ki, qeydiyyata götürülmüş müraciətlər ən yaxın zamanda aidiyyatı üzrə müvafıq qurumlara ünvanlanacaqdır.