Aprelin 23-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri və AŞPA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Asim Mollazadə, Rafael Hüseynov, Erkin Qədirli, Nigar Arpadarai, Kamal Cəfərov AŞPA-nın yaz sessiyasında iştirak etmək üçün Fransanın Strasburq şəhərinə səfər edəcəklər.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Sabahinfo.az-a verilən məlumata görə, aprelin 24-dən 28-dək keçiriləcək sessiyada Avropa Şurasının İnsan Hüquqları üzrə komissarının 2022-ci il üzrə fəaliyyəti haqqında illik hesabatı dinləniləcək, "Demokratiya Naminə Tərəfdaşlıq" fəaliyyəti qiymətləndiriləcək. Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icrası, beynəlxalq ticarətdə demokratiyanın, hüquqların və ətraf mühitin qorunması, Avropa İnsan Hüquqları Konvensiyası və milli konstitusiyalar, təbii fəlakətlərin qarşısını almaq və nəticələrini aradan qaldırmaq üçün siyasi strategiyalar kimi məsələlər müzakirə ediləcək və müvafiq qərarlar qəbul olunacaq.