Deyəsən, erməni sevdalıları Azərbaycan Prezidentini də hələ yaxşı tanımır

44 günlük Vətən müharibəsində qalib gəlməyimizə  baxmayaraq, sülh gündəliyinin təşəbbüskarı məhz Azərbaycan Prezidenti oldu. Beynəlxalq təcrübədə nadir rast gəlinən hadisədir ki, qalib tərəf beynəlxalq-hüquq normaları və tarixi ədalət prinsipi əsasında məğlub etdiyi ölkəyə sülh təklif edir. 30 il ərzində işğalçı mövqeyindən bir addım belə geri çəkilməyən Ermənistana bundan artıq güzəşti təsəvvür etmək qeyri-mümkündür.

Müharibədən sonrakı iki il ərzində Ermənistan rəhbərliyi Azərbaycan Prezidentinin beynəlxalq hüququn beş təməl prinsipinə söykənən ədalətli sülh təklifinə dəyər vermək və adekvat münasibət göstərmək əvəzinə,  havadarlarının dəstəyi ilə sülh prosesindən yayınmağa, məkrli planları üçün vaxt udmağa çalışdı. Ermənistan baş naziri N.Paşinyanın Moskvada, Brüsseldə və Vaşinqtonda keçirilən görüşlərdən sonra ziddiyyətli mövqe sərgiləməsi və hər dəfə əvvəlki bəyanatlarından imtina etməsi də sülhdən yayınmağa xidmət edirdi. O yalnız ötən il məcbur olub bəyan etdi ki, Qarabağ da daxil olmaqla Azərbaycanın 86,6 min kv.km-dən ibarət ərazi bütövlüyünü tanımağa hazırdır. Bəzən kimlərsə iddia edir ki, guya bu, Qərb dairələrinin Paşinyana göstərdiyi təzyiqin nəticəsidir. Kəskin ifadələrdən istifadə etmək istəmədiyimə görə və ədalət naminə qeyd etməliyəm ki, həmin iddia həqiqətə uyğun deyil. Çünki istər Ermənistan rəhbərliyi, istərsə də üçtərəfli görüşləri təşkil edən ev sahibləri qarşısında bu tələbi Azərbaycan Prezidenti irəli sürüb. Qarabağda və Şərqi Zəngəzurda, eləcə də Ermənistanla şərti sərhəddə Silahlı Qüvvələrimiz tərəfindən indiyədək həyata keçirilmiş uğurlu anti-terror əməliyyatlarından sonra Paşinyan bu bəyanatı verməyə məcbur oldu. Lakin Ermənistanın hökumət başçısı sözdə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu  bəyan etsə də, real fəaliyyətində siyasi manipulyasiyalara üstünlük verərək yenə də vaxt udmağa çalışdı. Prezident İlham Əliyev məhz buna görə tələb etdi ki, Ermənistan rəhbərliyi şifahi bəyanatını rəsmi sənəd üzərində də öz imzası ilə təsdiq etsin. Region ölkələri ilə yanaşı, erməni cəmiyyətinin də maraqlarına, ilk növbədə, dinc birgəyaşayışa təminat verən bu təklifi adekvat şəkildə dəyərləndirmək əvəzinə, Ermənistan şərti sərhəddə və Qarabağda hərbi təxribatlarını davam etdirdi. N.Paşinyan sentyabrın 2-də  separatçı rejimin rəhbərliyinə “müstəqilliyin növbəti ildönümü” ilə bağlı təbrik məktubu göndərməklə sübut etdi ki, o, ölkəmizin ərazi bütövlüyünü tanıması ilə bağlı bəyanatında səmimi olmayıb və Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də imtina etməyib. Sentyabrın 9-da Qarabağda keçirilən qondarma “prezident seçkiləri” isə bir daha nümayiş etdirdi ki, Ermənistan özünün dövlət büdcəsindən maliyyələşdirdiyi separatçı rejimin Azərbaycan ərazisində “yaşamasında” və fəaliyyətini davam etdirməsində, əvvəllər olduğu kimi, indi də maraqlıdır. Ermənistan hökumətinin və xaricdəki havadarlarının, eləcə də erməni lobbisi və erməni kilsəsinin uydurduğu “Qarabağ ermənilərinin blokadası” və guya “Qarabağda humanitar böhranın yaşanması” kimi düşünülmüş iftiralar separatçı rejimin ömrünü uzatmağa xidmət edirdi. Ermənistan və onu himayə edən dairələr bu çirkin niyyətlərini “insan haqları və humanitar fəlakət” kimi həssas dəyərlərin pərdəsi altında nə qədər gizlətməyə çalışsalar da, Azərbaycan rəhbərliyi səbrli davranışı və praqmatik addımları ilə sübut etdi ki, həmin iftiralar Ermənistanın və havadarlarının ortaq manipulyasiya oyunlarının tərkib hissəsidir. Guya humanitar fəlakətlə üzləşdiyi  iddia olunan heç bir toplum, kimin və hansı yolla göndərməsindən asılı olmayaraq, həyati ehtiyac duyduğu yardımdan imtina etməməli idi. Halbuki, Azərbaycanın humanitar yardım maşını Ağdam-Xankəndi yolunda günlərlə gözləməli oldu.

 

Ötən günlər ərzində cəmiyyətimiz onun da şahidi oldu ki, Ermənistanın “humanitar fəlakət” uydurması altında apardığı manipulyasiya və iyrənc siyasi şantaj oyunlarına Qərbdə inananlar da, bu cür oyunbazlığa məqsədli şəkildə şəriklik edənlər də var. Qatı ermənipərəst mövqeyi ilə tanınan senator Menendezin təşkilatçılığı və sədrliyi ilə sentyabrın 14-də keçirilmiş dinləmələrdə səslənən fikirlər və Avropa Parlamentinin qəbul etdiyi son qətnamə növbəti dəfə nümayiş etdirdi ki, ədalət anlayışı hətta beynəlxalq səviyyədə çox asanlıqla təhrif oluna və ayrı-seçkiliyə qurban verilə bilir. Məhz bu niyyətlərinə görə belələri onu da görmək və etiraf etmək istəmirlər ki, ermənilərin viran qoyduğu Qarabağı yenidən dirçəltmək üçün bu torpağa milyardlarla vəsait xərcləyən, irimiqyaslı bərpa-quruculuq işlərinə start verən Azərbaycan, Ermənistandan fərqli olaraq, həqiqətən, sülh tərəfdarıdır. Azərbaycanın müharibə istəyi və ya Ermənistana qarşı hər hansı bir ərazi iddiası olsaydı, sıfırdan qurub yaratdığı Qarabağa və Şərqi Zəngəzura keçmiş məcburi köçkünləri qaytarmağa, həm onların həyatını, həm də dövlətin milyardlarla ölçülən vəsaitini təhlükəyə atmazdı. Ermənistan isə məhz azərbaycanlıların Böyük Qayıdışının qarşısını almaq üçün minaladığı ərazilərin dəqiq xəritəsini təqdim etməkdən indiyənədək boyun qaçırır. Müharibədən sonra 314 nəfər azərbaycanlının həyat və ya sağlamlığını itirməsi həm də Ermənistanın mina terroruna beynəlxalq güclərin səssiz qalmasının nəticəsidir. İndi tam əminliklə deyə bilərik ki, əgər Ermənistan və onun maliyyələşdirdiyi separatçı rejim bu cür dəstək təşəbbüslərini görməsəydi, onlar sentyabrın 19-da növbəti qanlı terrora cəsarət etməzdilər. Bu dəfə polis əməkdaşlarımız və mülki insanlar erməni terrorunun qurbanı oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılara şəfa versin.

Ermənistan rəhbərliyi Qarabağda saxladığı hərbi birləşmələrinin iştirakı ilə törətdiyi bu qanlı terror-diversiya aktından sonra  bilməli idi ki, Azərbaycanın  səbri hüdudsuz deyil və artıq  səbr kasası dolub. Silahlı Qüvvələrimizin suveren ərazimizdə həyata keçirdiyi anti-terror əməliyyatı, heç şübhəsiz ki, legitim haqqımızdır. Ermənistan indiki nəticədən qaçmaq istəsəydi, öhdəliyinə əməl edib silahlı qüvvələrinin qalıqlarını Qarabağdan hələ üç il bundan əvvəl çıxarmalı və mülki ermənilərin Azərbaycana reinteqrasiyasına mane olmamalı idi. Bunları etmək əvəzinə, Paşinyan xunta rejiminə təbrik məktubu göndərdi. Ermənistan hökuməti hələ də anlamır ki, Zəngəzur dəhlizinin açılması ilə bağlı üzərinə götürdüyü öhdəliyi yerinə yetirməklə Azərbaycan və Türkiyədən daha çox öz millətinin rifahına və dinc yaşayışına töhfə verə bilər. Qardaş Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın BMT kürsüsündən səsləndirdiyi “Ancaq Ermənistanın bu tarixi fürsəti yetərincə dəyərləndirmədiyini görürük. Ermənistanın başda Zəngəzur koridorunun açılması olmaq üzrə verdiyi sözləri yerinə yetirməsini gözləyirik” bəyanatının Ermənistan rəhbərliyi tərəfindən son xəbərdarlıq kimi qəbul olunacağına çox inanmaq istərdim. Bununla yanaşı, o da şəksizdir ki, Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında etdiyi paylaşım və həmin paylaşımda səsləndirdiyi fikirlər Azərbaycan-Türkiyə qardaşlığından qıcıqlanan məlum dairələri bundan sonra da hələ çox narahat edəcək: “Əziz qardaşım, BMT Baş Assambleyasında çıxışınız zamanı Azərbaycana verdiyiniz dəstəyə görə təşəkkür edirəm. Hər zaman olduğu kimi, bu gün də qardaş Türkiyə Azərbaycanın yanındadır və haqq işimizdə bizə dəstək verir... Siz də, mən də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin qardaşlığımızın rəmzi olan "Bir millət, iki dövlət” kəlamını daim yada salaraq Azərbaycan və Türkiyə arasında olan sarsılmaz birliyi yeni zirvələrə daşıyırıq”.

İnanıram ki, iki qardaş ölkənin dövlət başçılarının siyasi iradə əzmi və iradə bütövlüyü, tarixi köklərimizə və milli-mənəvi dəyərlərimizə sidq ürəkdən bağlılığı  bu dəfə Ermənistan rəhbərliyini manipulyativ və məsuliyyətsiz qərarlardan imtinaya vadar edəcək. Ermənistana xaricdən züy tutan bəzi rəsmilər isə silahlarını yerə qoyub  ağ bayraq qaldırmış separatçıları yenidən çaşdırmayacaq, düz yoldan azdırmayacaq və nəhayət, sülh prosesinə mane olmayacaqlar. Hörmətli Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda ABŞ-nin televiziya kanalına belə bir açıqlama verdi: “Bob Menendez Türkiyəni, deyəsən, heç Rəcəb Tayyib Ərdoğanı da tanımır”. Görünən odur ki, senator və onun kimi erməni sevdalıları  Azərbaycan xalqını və  onun Müzəffər Prezidentini də hələ yaxşı tanımır. Çünki belələri həm də haqq savaşına çıxanların motivasiyasına və tarixi ədalətin stimulverici gücünə dərindən bələd deyillər. Onlar bilmirlər ki, bu cür dəyərlər uğrunda mübarizə aparan xalqlar və onların Liderləri hətta böyük güclərin siyasi maraqları qarşısında belə, öz haqlarından heç vaxt imtina etmirlər.

 

Ülvi Quliyev

Milli Məclisin deputatı