“Dini abidələrin bərpası və yenidən qurulmasında Heydər Əliyev Fondunun rolu misilsizdir”

“Bəşəri ideyaları, adət-ənənələri, maddi və mənəvi xəzinəsi ilə zəngin irsə sahib Azərbaycan xalqı dünya xalqları arasında özünəməxsus yer tutur.Xalqımızın qədim və rəngarəng mənəvi dəyərləri, mədəni irsi dünyaya öz töhfəsini verir. Dövlətimizin bu sahəyə getdikcə artan qayğısı milli-mənəvi dəyərlərimizin dünyada tanıdılması baxımından əhəmiyyətli rol oynayır. Azərbaycan dövlət müstəqilliyi əldə etdikdən sonra xalqımızın dini-mədəni irsinin qorunub saxlanması və inkişaf etdirilməsi, din və vicdan azadlığının təmin olunması, dövlət-din münasibətlərini tənzimləyən qanunvericiliyin müasir dövrün tələblərinə uyğun təkmilləşdirilməsi dövlətimizin prioritet istiqamətlərindən biridir. Məhz belə bir yanaşma, münasibət sayəsində dini abidələrin, məscidlərin, ibadət evlərinin təmir və bərpa olunmasında cəmiyyət institutlarının, xüsusən də Azərbaycanın birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etməmək olmaz”. Bunu açıqlamasında Milli Məclisin deputat Aydın Hüseynov deyib.

Deputat müstəqil Azərbaycanda Ulu Öndər Heydər Əliyev əsasını qoyduğu dövlət-din münasibətlərinin bu gün Prezident İlham Əliyev tərəfindən daha təkmil formada, müasir dövrün tələblərinə uyğun həyata keçirildiyini xüsusi qeyd edib: “Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın bu istiqamətdə verdiyi töhfələr də əhəmiyyətlidir. Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, dünyanın ən qədim məscidlərindən biri olan, 743-cü ildə inşa edilmiş Şamaxı Cümə məscidi yenidən qurulub. Gəncə İmamzadə kompleksi və onlarla digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilib. Paytaxtımız Bakıda Heydər Məscidi kimi Cənubi Qafqazın ən böyük və müasir məscidi tikilib. Heydər Əliyev Fondu tərəfindən "Tolerantlığın ünvanı - Azərbaycan layihəsi çərçivəsində ölkənin müxtəlif yerlərində çoxsaylı məscid və ibadət evləri bərpa edilib. Xristian dini abidələri, alban kilsələri, o cümlədən Nic qəsəbəsindəki kilsə, Kiş kilsəsi təmir edilib. Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində "Xanım Fatimeyi Zəhra" məscidinin yeni binasında yaradılan şəraiti də bura əlavə edə bilərik. Postmüharivə dövrünün il günlərini yada salaq, Azərbaycanın Birinci vitse-prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva 2020-ci il dekabrın 8-də fondun işğaldan azad edilən ərazilərdəki mədəni-dini abidələrin, məscidlərin bərpası üzrə layihəyə başladığını bəyan etdi. Mehriban xanımın göstərişi ilə icrasına başlanılan layihəyə yerli mütəxəssislərlə yanaşı, xarici ekspertlər də dəvət olundular. Bərpa prosesində Avstriya, Böyük Britaniya, Bolqarıstan, İtaliya, Latviya, Rusiya, Türkiyə, Gürcüstan və digər ölkələrdən gələn mütəxəssislər bu gün də iştirak edirlər. Heydər Əliyev Fondu Qarabağda yalnız bərpa layihələri həyata keçirmir. Bölgədə sürətlə aparılan quruculuq işlərinə töhfə vermək məqsədilə yeni dini və mədəniyyət obyektlərinin inşası da nəzərdə tutulur. Ötən ilin avqust ayında Şuşa şəhərində Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin təmir-bərpa və yenidənqurma işləri yekunlaşdı və istifadəyə verildi. Kompleksdə işlərə Heydər Əliyev Fondu tərəfindən 2021-ci ilin mart ayından başlanıb və abidə tarixi görkəminə uyğun olaraq bərpa edilib. Bu müddətdə, həmçinin böyük Azərbaycan şairi Molla Pənah Vaqifin büstü, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin heykəli fondun dəstəyi ilə Şuşa şəhərində yenidən ucaldılıb. Minlərlə qədim, tarixi tikiliyə, dini, milli abidəyə yeni həyat verən Heydər Əliyev Fondu işğaldan azad olunan ərazilərdə dini abidələrin bərpası üçün işləri davam etdirir. Fondun həyata keçirdiyi layihə çərçivəsində yerli və xarici mütəxəssislərin iştirakı ilə bölgədəki ziyarətgahlarımızın bərpası, konservasiyası və yenidən qurulması həyata keçirilir. Erməni silahlılarının işğalı altında olduğu illərdə Şuşa şəhərində və Ağdam rayonunda dağıntılara məruz qalmış ibadət yerlərinin bərpası üzrə işlərin bir qismi artıq başa çatdırılıb. Bir zamanlar ermənilərin vəhşicəsinə dağıtdığı, tövləyə çevirdiyi müqəddəs dini məkanlarımız yenidən dirçəlir və işğal ərazisindəki məscidlərimizdə azan səsləri eşidilir, dualar oxunur”.