DİNİB Şəmkirdə yekun tədbirini keçirdi

 

 

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Dialoq və İnkişaf Naminə” İctimai Birliyi (DİNİB) Şəmkir şəhərində Əhməd Cavad adına rayon Mədəniyyət Mərkəzində “Qərbi Azərbaycan-Qədim Yurd” layihəsi çərçivəsində layihənin yekun tədbiri keçirilib.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan “Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin (DİNİB) sədri Çingiz Bayramov çıxış edərək bildirib ki, Qərbi azərbaycanlıların səsi artıq beynəlxalq tribunalar səviyyəsində eşidilməyə başlayıb və bu, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi və xalqımızın birliyi nəticəsində mümkün olub. 

“Qərbi Azərbaycan məsələsi yalnız keçmişin xatirəsi deyil, gələcəyin çağırışıdır. Biz həm milli yaddaşımızı qoruyur, həm də gələcək nəsillərə tarixi ədalətin bərpa olunacağına inam aşılayırıq”- deyə bildirib.

Layihınin eksperti və Birliyin idarə heyətinin üzvü Anar Əsədov çıxış edərək, Qərbi Azərbaycandan zorla köçürülmüş soydaşlarımızın tarixi torpaqlarına dinc yolla qayıdışı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. O qeyd edib ki, Prezident İlham Əliyev bu məsələyə xüsusi həssaslıqla yanaşır və bu istiqamətdə qəbul edilmiş “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” mühüm siyasi və hüquqi sənəd kimi çıxış edir. 

“Qərbi azərbaycanlıların haqq səsinin beynəlxalq aləmdə eşidilməsi, onların hüquqlarının tanınması və tarixi torpaqlarına qayıdışı üçün biz gənclərdən, vətəndaş cəmiyyətindən tutmuş, dövlət qurumlarına qədər birliktə çalışmalıyıq. Bu məsələ yalnız tarixi ədalətin bərpası deyil, həm də milli kimliyimizin qorunması məsələsidir”, - deyə Anar Əsədov vurğulayıb. 

Daha sonra çıxış edən icmanın Şəmkir rayonu üzrə rəhbəri Altay Qafarov və əslən Qərbi Azərbaycandan olan Rəfiqə Mürsəlova çıxış edərək öz xatirələrini iştirakçılar ilə bölüşüblər.