Zəfər savaşında Azərbaycanın tam qələbəsi düşmənin kapitulyasiyasının ardınca dövlətimizin diplomatik masada tam üstünlüyü aydın şəkildə görünür.
Bu gün Azərbaycanın beynəlxalq hüquq və tarixi faktlarla təsbit olunan haqlı mövqeyi hərbi və iqtisadi gücümüzlə tam möhkəmlənib. Prezident İlham Əliyevin yürütdüyü mükəmməl xarici siyasət bütün beynəlxalq mərkəzlərdə və dövlətlərdə haqlı mövqeyimizin qəbul olunması ilə müşahidə olunur. Ölkəmizin beynəlxalq arenada nüfuzu elə bir həddə möhkəmlənmişdir ki, ən qatı ermənipərəst xarici qüvvələr belə öz əlaltılarını müdafiə etmək gücünü itiriblər. Məhz bu səbəbdən 44 günlük müharibədən sonra Ermənistanla istər ikitərəfli, istərsə də vasitəçilərlə keçirilən görüşlərdə yalnız Azərbaycanın mövqeyi nəzərə alınır və masada Azərbaycanın təklifləri müzakirə mövzusudur.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib.
O bildirib ki, bu baxımdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Belçika Krallığına səfəri də xüsusi diqqət çəkirdi. Məlum olduğu kimi səfər Avropa İttifaqının vasitəçiliyi ilə növbəti Azərbaycan Ermənistan görüşü üçün təşkil olunmuşdu. Ümumiyyətlə, son illər Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər ən yüksək zirvəyə çatıb, xüsusilə, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində böyük səylər göstərib. Azərbaycan tərəfi də hər zaman Brüssel formatının səmərəli olduğunu açıq şəkildə bəyan edib. Budəfəki görüş də sülhə yaxınlaşmaq baxımdan böyük əhəmiyyət kəsb edirdi. Görüşün gedişatı və səsləndirilən bəyanatlar onu göstərir ki, Azərbaycan hərtərəfli şəkildə güclü olsa da, yenə də sülh mövqeyinə sadiqdir və bütün imkanları ilə regionda sabitliyin əldə olunmasına çalışır.
Heç şübhəsiz bölgədə ardıcıl erməni təxribatları və buna dözüm nümayiş etdirərək gərginlik yaratmayan Azərbaycanın sülhpərvər mövqeyi beynəlxalq siyasi mərkəzlərin, blokların və super dövlətlərin diqqətindədir. Bu məqam da danışıqlarda dövlətimizin mövqeyini gücləndirən əsas amillərdın biri idi.
Sonda Şarl Mişelin Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyan ilə keçirilmiş görüşün yekunlarına dair mətbuata açıqlamasında ölkəmizin maraqlarının tam şəkildə ifadə olunduğu göründü. Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması növbəti dəfə açıq şəkildə qeyd olundu və Şarl Mişel bildirdi ki, liderlər Ermənistanın 29,8 min kvadratkilometr, Azərbaycanın isə 86,6 min kvadratkilometr olmaqla ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşdıqlarını bir daha qəti şəkildə təsdiqlədilər. Görüşün nəticələri ilə bağlı bəyanatda mühüm məqamlardan biri də Zəngəzur dəhlizi ilə bağlı məsələ idi. Avropa İttifaqının bu məsələdə iqtisadi, siyasi marağını açıq şəkildə qeyd etməsi Ermənistanın bütün manevrlərinin uğursuzluqla nəticələnəcəyini düşünməyə əsas verir.
Sonda deputat qeyd edib ki, Belçika görüşü Azərbaycan Prezidentinin timsalında ölkəmizin növbəti diplomatik qələbəsi ilə yadda qaldı. Bir daha hamı tərəfindən qəbul olundu ki, bölgədə sülhün əldə olunmasının tək yolu Ermənistanın bütün təxribatçı mövqeyindən geri çəkilərək Azərbaycanın haqlı tələblərini qəbul etməsinə bağlıdır. Prezident İlham Əliyev Vətən müharibəsində Müzəffər Ali Baş Komandan kimi göstərdiyi yenilməz hərbi qüdrəti ilə dünyanı heyran qoydu.
Bu gün isə dövlətimizin rəhbəri Prezident kimi bütün beynəlxalq tədbirlərdə, Ermənistanla aparılan danışıqlarda məğlubedilməz diplomat olaraq öz gücünü göstərməklə ölkəmizin milli maraqlarını təmin edir. Bu güc qarşısında hər kəs Azərbaycan həqiqətlərini qəbul etməyə məhkumdur! Görünən reallıq budur.