Diplomatik xidmət haqqında qanun layihəsi yeni reallıqlara cavab verir

Hazırda qüvvədə olan “Diplomatik xidmət haqqında Azərbaycan Respublikasının Qanunu” 2001-ci il 8 iyun tarixində qüvvəyə minmişdir. Sonradan bu qanuna dəfələrlə əlavə və dəyişikliklər edilmişdi. Bununla belə, müasir dövrün tələblərinə uyğun yeni qanuna daim ehtiyac duyulurdu. Yeni qanunda bir sıra mütərəqqi yeniliklər öz əksini tapıb və bir çox boşluqlar aradan qaldırılıb.

Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Silahlı qüvvələrinin rəşadəti nəticəsində ölkəmizin indi ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib və yeni dövrə qədəm qoyulub. Sözsüz ki, Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə qorunması və onun haqq səsinin dünyaya çatdırılmasında diplomatik xidmət əməkdaşlarının misilsiz xidmətləri olmuşdur.

Ölkəmiz BMT-dən sonra ən böyük platforma olan, ölkələrin sayına və fəallığına görə seçilən Qoşulmama Hərəkatına 2019-2023-cü illərdə uğurlu rəhbərlik etmiş, təşkilatın beynəlxalq imicini yüksəltmiş və inkişafına böyük töhfə vermişdir. Bu dövrdə Qoşulmama Hərəkatının Parlament şəbəkəsi yaradılmış və hazırda da ona Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarova rəhbərlik edir.

Bu çərçivədə Madriddə və Bakıda böyük miqyaslı beynəlxalq tədbirlər keçirilmişdir və Azərbaycan sədrliyi bu təşkilat daxilində parlament diplomatiyasının gücləndirilməsi və inkişafına dəstək olmaqda davam edir.

BMT-in İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransına ev sahibliyinin dünyanın 200-ə yaxın ölkəsi tərəfindən Azərbaycana həvalə olunması və uğurlu COP29 tədbirinin keçirilməsi də beynəlxalq arenada qazandığımız növbəti uğur oldu. Bu işdə də peşəkar və təcrübəli diplomatlarımız böyük əmək sərf etdilər, iqlim danışıqlarında tarixi nailiyyətlər əldə edilərək iqlim diplomatiyasına və planetin gələcəyinə qlobal mənada böyük töhfə verildi.

Beynəlxalq arenada böyük nüfuz qazanan ölkəmizin xarici siyasətində də yeni dövrün tələblərinə və çağırışlarına uyğun qanunverici bazanın olmasına ehtiyac yaranmışdı. Xarici siyasətimizdə başlıca rol oynayacaq bu yeni qanun layihəsində öncəki qanunda öz əksini tapmayan bir sıra məsələlər nəzərə alınmışdır. Bu qanun layihəsi ilə əmək münasibətləri daha humanist tənzimlənmiş, diplomatik xidmət əməkdaşlarının, həmçinin onların ailə üzvlərinin dövlət qayğısı ilə əhatə edilməsi təkmilləşdirilmişdir.

Diplomatik xidmət və ya konsulluq fəaliyyəti üçün ailəsi ilə birgə ölkəni tərk edən zaman həyat yoldaşı da işdən çıxıb ailəsi ilə birgə getdiyi halda, geri qayıdan zaman öz işinə bərpa oluna bilmirdi və işsiz qalırdı.

Qanun layihəsində bu məsələyə aydınlıq gətirilmiş, həyat yoldaşının diplomatik xidmət və ya konsulluq fəaliyyəti dövründə və ya xidmət başa çatdıqdan 60 təqvim günü keçənədək peşəkarlıq və peşə yararlılığı yoxlanılmaqla, əvvəlki vəzifəsinə, bu, mümkün olmadıqda isə ona bərabər başqa vəzifəyə təyin olunması müddəası yer alır. Burada müəssisənin ləğvi halları istisna edilir. Bununla da, həm ailə bağlarının qorunmasına dəstək və əmək münasibətlərinin daha ədalətli şəkildə qurulması təmin edilmişdir. Beləliklə də, qanunun bu maddəsi diplomatik xidmət nümayəndələrinə və onların ailə üzvlərinə dövlət qayğısını ifadə etmişdir.

Digər mütərəqqi yenilik diplomatların iş stajı ilə bağlıdır. Belə ki, hazırda qüvvədə olan qanunda diplomatlar xidmət müddəti başa çatdıqdan sonra, yəni uzunmüddətli ezamiyyədən geri qayıtdıqdan sonra müvafiq dövlət qurumunda işə bərpa olunanadək olan dövr onun iş stajına sayılmırdı. Bu qanun layihəsi ilə isə uzunmüddətli ezamiyyətdən geri qayıdan diplomatik xidmət əməkdaşının sərəncam dövründəki müddəti onun iş stajına sayılacaq və yazılacaq.

Digər bir boşluq da aradan qalxır. Belə ki, uzunmüddətli ezamiyyətdən geri qayıdan diplomatik xidmət əməkdaşları onlar işə bərpa olunanadək sərəncamda qaldığı dövr ərzində əmək haqqı ilə təmin olunacaqlar.

Digər bir mütərəqqi yenilik diplomatik xidmət orqanı əməkdaşlarının rotasiyasının bu qanunda öz əksini tapmasıdır. Bu müddəalar ədalətli yanaşmanı təmin edə bilər. Belə ki, ədalətli rotasiya qaydası ilə diplomat fərqli regionlarda və fərqli coğrafiyalarda işləyə biləcək.

Başqa bir yenilik isə diplomatik xidmət əməkdaşı uzunmüddətli ezamiyyədən geri qayıtdığı zaman sərəncam dövründə bir il müddətində ölkədə qalıb işləməlidir. Bu vacib yenilik isə həm geri qayıdan əməkdaşın qazandığı təcrübələrlə ölkəyə töhfə verməsinə, həm də ailə bağlarının yenidən möhkəmlənməsinə imkan verəcək.

Pərvanə Vəliyeva,

Milli Məclisin Beynəlxalq Münasibətlər və

Parlamentlərarası Əlaqələr

Komitəsinin üzvü