Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında imzalanmış müttəfiqlik haqqında Şuşa Bəyannaməsi siyasi-diplomatik, milli-mənəvi, həm də hərbi-strateji əhəmiyyət kəsb edir. Bəyannamə iki ölkə arasında əlaqələrin ən yüksək səviyyədə olduğunu dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsi keyfiyyətcə daha yüksək işbirliyinin təminatıdır və böyük bir tarixə əsaslanır. Təsadüfi deyil ki, Azərbaycanın dövlət başçısı Şuşada Türkiyə lideri ilə bəyannamə imzalayarkən Qars müqaviləsini xatırlatdı. Prezident İlham Əliyev vurğuladı ki, tarixi Qars müqaviləsinin imzalanmasından düz yüz il sonra azad edilmiş Şuşa şəhərində müttəfiqlik haqqında birgə bəyannamənin rəmzi mənası vardır və bu sənəd bizim gələcək işbirliyimizin istiqamətini göstərir.
1921-ci il tarixli Qars müqaviləsinə əsasən, Naxçıvanın təhlükəsizliyinin təminatçısı olan Türkiyə 100 ildən sonra imzalanan Şuşa Bəyannaməsi ilə bütövlükdə Azərbaycanın, ümumilikdə isə regionun təhlükəsizliyinin zəmanəti qismində çıxış edir. Ona gərə də Şuşa Bəyannaməsi diplomatiya tariximizin ən mühüm sənədlərindən biri hesab olunur. Bu bəyannamə ilə regionda yeni geosiyasi konfiqurasiya yarandı. Saziş hər iki dövlətin ümumi maraqlarının qorunmasına, yeni imkanların birləşdirilməsinə, eləcə də ümumi maraq kəsb edən regional və beynəlxalq strateji məsələlərdə fəaliyyətlərin qarşılıqlı şəkildə əlaqələndirilməsinə istiqamətlənib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.
O bildirib ki, bu sənəd Türkiyə və Azərbaycan arasında hərbi-siyasi, iqtisadi sahələrdə olan müttəfiqliyi rəsmi şəkildə bəyan etdi. Bəyannamədə 1921-ci il Qars müqaviləsinə istinad edilərək göstərilir ki, müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi beynəlxalq hüquqa söykənən və 100 il bundan öncə imzalanan tarixi Qars müqaviləsinə əsaslanır. Yəni, Türkiyə və Azərbaycan münasibətlərini müasir dövlətlər üçün vacib olan tarixi-hüquqi təməl üzərində müstəqil dövlətlər olaraq qururlar. Sənəddə, həmçinin deyilir ki, tərəflərdən hər hansı birinin fikrincə, onun müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına və ya təhlükəsizliyinə qarşı üçüncü dövlət və ya dövlətlər tərəfindən təhdid və ya təcavüz edildiyi təqdirdə, tərəflər birgə məsləhətləşmələr aparacaq və bu təhdid və ya təcavüzün aradan qaldırılması məqsədilə BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə müvafiq təşəbbüs həyata keçirəcək, bir-birinə BMT Nizamnaməsinə uyğun zəruri yardım göstərəcəklər. “Bu yardımın həcmi və forması təxirə salınmadan keçirilən müzakirələr yolu ilə müəyyən edilərək birgə tədbirlər görülməsi üçün müdafiə ehtiyaclarının ödənilməsinə qərar veriləcək və Silahlı Qüvvələrin güc və idarəetmə strukturlarının əlaqələndirilmiş fəaliyyəti təşkil olunacaq. Bu müddəa həm Ermənistanda mövcud olan revanşist qüvvələrə, həm də qonşu dövlətlərə yönələn bir mesajdır. Türkiyə bununla açıq şəkildə bəyan edir ki, Azərbaycanın yanındadır və bu müttəfiqlik yalnız iqtisadi-siyasi amillərlə deyil, həm də hərbi amillə təsdiqlənir. Azərbaycanın ərazi bütövlüyünə hər hansı bir təhdid olacağı təqdirdə Türkiyə bizim tərəfimizdə hərbi dəstəklə olacaqdır.
Deputatın sözlərinə görə, Bəyannamədə öz əksini tapan digər bir vacib amil isə iqtisadi sahədə əməkdaşlıqla bağlıdır. Bu tarixi sənəd həm iki ölkə arasında, həm də regionda, eləcə də beynəlxalq aləmdə iqtisadi-ticari əlaqələrin sürətlə inkişafına təkan verəcək. Belə ki, Bəyannamədə xüsusi vurğulanan Zəngəzur dəhlizinin açılması zərurəti iqtisadi, ticarət, nəqliyyat məsələlərinin həllində mühüm rol oynayacaq və bu dəhliz daha çox iqtisadi əhəmiyyətə malik olacaq.
Şuşa Bəyannaməsi, həmçinin hər iki ölkənin iqtisadiyyatında şaxələndirmənin sürətlənməsinə, ölkələrarası mal daşımalarında, logistika məsələlərində yeni, mütərəqqi mexanizmlərin işlənib hazırlanmasına, tətbiqinə, regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasına, beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafına geniş şərait yaradacaq. Sazişlə “Cənub Qaz Dəhlizi”nin tərəflər arasında səmərəli inkişafı gerçəkləşəcək, Azərbaycanın Türkiyə ilə, həmçinin Naxçıvan Muxtar Respublikasının digər regionları ilə əlaqəsi bərpa olunacaq.
A.Məmmədov vurğulayıb ki, sənədin ortaya qoyduğu mühüm məsələlərdən biri də xüsusi aktuallıq kəsb edən informasiya siyasəti və lobbiçilikdir. Beynəlxalq aləmdə daha səmərəli fəaliyyət göstərmək istiqamətində media platforması və diaspor sahəsində birgə, qarşılıqlı əlaqələrin genişləndirilməsi zəruridir. Məhz bu istiqamətdə gələcəkdə genişmiqyaslı işlərin aparılması üçün vacib olan aşağıdakı məsələlər Bəyannamədə öz əksini tapıb: Hər iki ölkənin diasporları arasında ikitərəfli əməkdaşlığın bütün parametrlər üzrə inkişaf etdirilməsi, birgə media platforması əsasında ölkələrin aidiyyəti qurumları arasında informasiya, kommunikasiya, həmçinin diplomatiya istiqamətində ikitərəfli əlaqələrin genişləndirilməsi, strateji məsələlər üzrə birgə qərarların qəbul edilməsi və icra edilməsi, qarşılıqlı maraq doğuran bütün məsələlər üzrə həmrəyliyin təmin edilməsi və sair.
“Şuşa Bəyannaməsinin siyasi əhəmiyyəti Azərbaycan üçün daha vacibdir. Belə ki, Ermənistanın 30 illik təcavüzünə son qoyulmasında, işğal olunmuş torpaqların azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpasında Türkiyənin mənəvi-siyasi dəstəyi xalqımız və dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Hazırda Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası, eləcə də region dövlətləri arasında münasibətlərin normallaşdırılması və uzunmüddətli sülhün təmin edilməsi istiqamətində Azərbaycan və Türkiyənin birgə təşəbbüsləri bu sahədə səylərin artırılmasının zəruriliyini göstərən ən gözəl nümunədir.
Beləliklə, Azərbaycan və Türkiyə 2021-ci il iyunun 15-də tarixi addım ataraq, bölgənin geosiyasi mənzərəsini dəyişəcək, həm də Azərbaycanın və Türkiyənin düşmənlərinə tutarlı mesaj olan, həmçinin ölkələrimiz arasında bütün sahələrdə inteqrasiyanın nümunəsi olan Bəyannaməyə imza atdı. Ən əsası, bu Bəyannamə region üçün yeni tarixi gerçəklik oldu”, - deyən Anar Məmmədov fikirlərini yekunlaşdırıb.