Dövlət gənclər siyasəti Naxçıvanda uğurla həyata keçirilir

Həyatın ən parlaq anları gənclik dövründə yaşanır. Çünki gənclər keçmişlə yox, gələcəklə yaşayırlar. Gənclər həm də dövlətin gələcəyi hesab olunurlar. Elə buna görə də hər bir dövlətin özünəməxsus gənclər siyasəti mövcuddur. Sabahını etibarlı əllərdə görmək istəyən istənilən dövlətlər gənclərin sağlam ruhda formalaşması, dövlət və cəmiyyət həyatında fəal şəkildə təmsil olunmaları üçün müxtəlif tədbirlər həyata keçirirlər.

Bu sırada Azərbaycanda həyata keçirilən gənclər siyasəti öz üstün cəhətləri ilə bütün ölkələr üçün nümunə sayıla bilər. Respublikamızda gənclərin hərtərəfli inkişafını təmin edən bu siyasətin əsasları vaxtilə Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Ümumiyyətlə, əbədiyaşar şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasəti xüsusi yer tutub. Ulu Öndər Azərbaycan gəncliyini inkişaf yoluna çıxararaq, bu təbəqənin cəmiyyətə layiqli inteqrasiyası istiqamətində mühüm addımlar atıb. Məhz Heydər Əliyevin təşəbbüsü ilə 1996-cı il fevralın 2-də keçirilən Azərbaycan gənclərinin I Forumu respublikamızın siyasi-ictimai həyatında yaddaqalan hadisəyə çevrilib. Heydər Əliyevin fərmanı ilə gənclərin I Forumu keçirildi. 2 fevral hər il respublikamızda Gənclər Günü kimi qeyd olunur.

Ulu Öndər Heydər Əliyevin təşəbbüsləri ilə respublikamızda gəncliyin sağlam ruhda böyüməsi istiqamətində ardıcıl və sistemli tədbirlər həyata keçirilib. Bu məqsədlə dövlət gənclər siyasətinin mükəmməl hüquqi bazası yaradılıb, əsas vəzifələr və istiqamətlər müəyyən edilib. Azərbaycanda təhsilin, mədəniyyətin, idmanın inkişafı ilə bağlı həyata keçirilən tədbirlər paralel olaraq gənc nəslin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün geniş imkanlar yaradıb.

Bu kursun layiqli davamçısı kimi cənab Prezident İlham Əliyevin gənc nəslin inkişafı üçün həyata keçirdiyi fəaliyyət bütövlükdə dövlət gənclər siyasətini yeni mərhəyə qaldırıb. Son 18 ildə möhtərəm İlham Əliyev tərəfindən bu istiqamətdə həyata keçirilən tədbirlər, müxtəlif dövlət proqramlarının qəbul edilməsi, gənclərin xarici ölkələrdə təhsil imkanlarının daha da genişləndirilməsi, innovativ təşəbbüslərinin dəstəklənməsi, onlar üçün təqaüdlərin təsis olunması, dövlət idarəetməsində gənc kadrlara etimad göstərilməsi gənclər siyasətinin kompleks xarakter daşıdığını göstərir. Bütün bunları layiqincə dəyərləndirən Azərbaycan gənci cəmiyyət həyatının bütün sferalarında, o cümlədən dövlət idarəetməsində ona göstərilən etimadı uğurla doğrultmaqdadır.

Müasir gənclik həm də vətənpərvərdir. 2020-ci ilin Vətən müharibəsi bunun bariz təcəssümü oldu.  Əldə silah torpaqlarımızın azadlığı uğrunda döyüşən, bu yolda müqəddəs şəhidlik məqamına ucalan qəhrəmanlarımızın böyük əksəriyyəti məhz gənclərimiz idi. Onların əziz xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq.

Prezident İlham Əliyevin gənclər siyasəti Naxçıvan Muxtar Respublikasında da uğurla həyata keçirilir. Bu sahədə muxtar respublika rəhbərliyinin hərtərəfli dəstəyi ilə Naxçıvan Gənclər Fondunun həyata keçirdiyi tədbirlər dövlət gənclər siyasətinin bu qədim yurd yerimizdə uğurla reallaşmasını təmin edir. Gənclərin muxtar respublikanın sosial, ictimai-siyasi və mədəni həyatında yaxından iştirakının təmin edilməsi, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən diqqət mərkəzində saxlanılıb. Bu baxımdan 2021-ci il Gənclər Fondu üçün əlamətdar hadisələrlə yadda qalıb. Fondun təşkilatçılığı ilə il ərzində gənclər arasında müxtəlif müsabiqələr, mədəni tədbirlər, intellektual oyunlar keçirilib, yay məktəbləri və düşərgələr təşkil olunub. Ötən il ərzində Naxçıvan şəhərində “Azərbaycan-Türkiyə Gənclərinin Beynəlxalq Zəfər Düşərgəsi”, Türkiyə Respublikasının Qaziantep şəhərində “Azərbaycan-Türkiyə Gənclərinin II Beynəlxalq Zəfər Düşərgəsi”, Ağbulaq İstirahət Mərkəzində “Elm və İnnovasiya Düşərgəsi”, “STEAM Yay Məktəbi”, “Şəhid və Qazi Övladları üçün Zəfər Düşərgəsi”, “Gənclər təşkilatlarının 2022-ci il üçün fəaliyyət strategiyasının planlaşdırılması düşərgəsi” və “Marş irəli” hərbi simulyasiyalı düşərgə təşkil olunub.

Hesabat dövründə Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikası Gənclər fondlarının dəstəyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə ölkənin aparıcı könüllü təşkilatlarının rəhbərlərinin Naxçıvan Muxtar Respublikasına səfərləri təşkil olunub. Naxçıvan Gənclər Fondu ilə Azərbaycan Könüllü Təşkilatları İttifaqı arasında könüllülük sahəsində əməkdaşlığın inkişafı, eləcə də könüllülərin şəxsi və peşəkar inkişafı istiqamətində ortaq layihələrin həyata keçirilməsi məqsədilə əməkdaşlığa dair memorandum imzalanıb. Ötən ilin dekabrında “Azərbaycan Könüllülük Həftəsi” çərçivəsində Bakı Konqres Mərkəzində təşkil olunan “Azərbaycan Könüllülərinin IV Həmrəylik Forumu”nda  Naxçıvan Gənclər Fondunun könüllülərinin də iştirakı təmin olunub.

Qeyd olunanlar Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən görülən işlərin bir qismidir. Bütövlükdə, 2021-ci il ərzində Naxçıvan Muxtar Respublikasının Gənclər Fondu tərəfindən 190 layihə və tədbir keçirilib. Keçirilən tədbirlərdə 7 minə yaxın gənc iştirak edib.  Naxçıvan Gənclər Fondu bundan sonra da öz işini günün tələbləri səviyyəsində quracaq, gənclərin muxtar respublikanın ictimai-siyasi və mədəni həyatında yaxından iştirakının təmin edilməsi, onların təşəbbüskarlığının stimullaşdırılması və artırılması, asudə vaxtlarının səmərəli təşkili, bilik və bacarıqlarının artırılması, könüllülük fəaliyyətində fəal iştirakları, eləcə də vətənpərvər və layiqli vətəndaş kimi yetişmələri üçün zəruri tədbirləri davam etdirəcək.

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru