Dövlət siyasətinin tərənnümü...

Milli Məclisin sədr müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyevin təşkilatçılığı ilə şəhid ailələri və qazilərlə iftar süfrəsi ətrafında görüş keçirilib. Tədbirdə Milli Məclisin deputatları Sadiq Qurbanov, Sevinc Hüseynova, eləcə də ilahiyyatçı alimlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi yad edilərək müqəddəs ruhlarına dualar oxunub.

Tədbiri giriş sözü ilə açan vitse-spiker Adil Əliyev qarşıdan gələn mübarək Ramazan bayramı münasibətilə qonaqları təbrik edib. Vitse-spiker artıq iki ildir ki, bu müqəddəs günləri ölkəmizin ərazilərini bərpa, suverenliyini bərqərar etmiş qüdrətli bir dövlət olaraq qeyd etdiyini diqqətə çatdırıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Ordumuzun tarixi torpaqlarımızı düşmən işğalından azad etməsinin, üçrəngli şanlı bayrağımızın Vətən göylərində qürurla dalğalanmasının hər bir azərbaycanlının sevincinə səbəb olduğunu qeyd edib.

Adil Əliyev qəhrəmanlarımızın qanları tökülmüş torpaqlarımızda aparılan geniş miqyaslı abadlıq, quruculuq işlərindən danışıb, Şuşa şəhərinin böyük mədəni və kütləvi tədbirlərə ev sahibliyi etdiyini vurğulayıb. Möhtəşəm Qələbəmizin şanlı tariximizin ən böyük hadisəsi olduğunu deyən vitse-spiker, dövlətimizin şəhid ailələrinə və qazilərə diqqət və qayğısının birbaşa dövlət başçısı İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın nəzarətində olduğunu diqqətə çatdırıb.

Adil Əliyev hər bir Azərbaycan vətəndaşının öz növbəsində şəhid ailələrinə və qazilərə ehtiram göstərməyə borclu olduğunu qeyd edərək, bir daha şəhidlərə Allahdan rəhmət, ailələrinə səbr, qazilərə şəfa arzulayıb.

Daha sonra çıxış edən ilahiyyatçılar İslamda şəhidlik zirvəsindən, eləcə də Ramazan ayından, bu müqəddəs ayın fəzilətlərindən bəhs edərək, müqəddəs Qurani-Kərimdən ayələr oxuyublar.

Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək, övladlarının bu müqəddəs amal uğrunda şəhid olmasından böyük fəxarət hissi keçirdiklərini bildiriblər, tarixi torpaqlarımızın azad olunmasından, ölkəmizin öz ərazi bütövlüyünü bərpa etməsindən qürurla danışıblar. Onlar göstərilən yüksək diqqət və qayğıya görə şəhid ailələri və qazilər adından Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya razılıqlarını bildiriblər.