Dövlətçilik tariximizin şanlı səhifəsi

Ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyev tarixin bizə bəxş etdiyi ən böyük şəxsiyyətlərdən biridir. Azərbaycanın son 30 ildən artıq bir dövrü üçün həyatın bütün sahələrində dirçəlişi məhz Heydər Əliyevin adı ilə sıx bağlıdır. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Mahir Abbaszadə söyləyib.

Deputat bildirib ki, Azərbaycanın hərtərəfli inkişafı, gələcək tərəqqisi üçün möhkəm əsasların yaradılması fenomen yaddaşa, parlaq zəkaya, yüksək siyasi idarəçilik və liderlik qabiliyyətinə malik Heydər Əliyevin sosial-iqtisadi strategiyasının həyata keçirilməsi nəticəsində mümkün olmuşdur. Bu gün Azərbaycanda sosial-iqtisadi, ictimai-mədəni həyatın elə bir sahəsi yoxdur ki, həmin sahənin inkişafı Ümummilli Liderin adı ilə bağlı olmasın.

M.Abbaszadə vurğulayıb ki, Azərbaycanın bütün faciə və təlatümlərdən üzüağ çıxması, dövlətçiliyimizin qorunub saxlanması və inkişafının əsas səbəbi tarixin həlledici məqamında ölkədə Heydər Əliyev kimi siyasi Liderin olması, Azərbaycan xalqının ona dərin inamı, böyük etimad göstərməsi və arxasınca getməsi oldu.

1993-2003-cü illərin Azərbaycanda milli dövlətçiliyin qorunub saxlanması və davamlı müasir inkişafının başlandığı mühüm mərhələ olduğunu diqqətə çatdıran deputat qeyd edib: “1991-ci ildə müstəqilliyinə yenidən qovuşan Azərbaycanda vəziyyət çox gərgin idi. Bir tərəfdən ağır iqtisadi, siyasi böhran, digər tərəfdən Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan ərazisinin 20 faizinin işğal olunması və bunun nəticəsində 1 milyondan artıq soydaşımızın doğma yurd-yuvasından didərgin düşməsi vəziyyəti daha da gərginləşdirmişdi.

Belə bir şəraitdə dahi şəxsiyyət, bütün həyatını xalqına və Azərbaycanın müstəqil dövlət quruculuğuna həsr etmiş Heydər Əliyevin hakimiyyətə qayıdışı xalqımızın itirilmiş inamını özünə qaytarmaqla, ölkənin yeni inkişaf dövrünün əsasını qoydu. Xalqın iradəsi və təkidli tələbi ilə 1993-cü ildə siyasi hakimiyyətə qayıdan Ulu Öndər Azərbaycanı xaos və böhrandan çıxardı, vətəndaş müharibəsinin qarşısını aldı, atəşkəsə nail oldu, böyük xilaskar missiyasını yerinə yetirdi. Bu gün tam əminliklə demək olar ki, əgər o vaxt ölkədə baş verən hadisələrə ulu öndərin şəxsi müdaxiləsi olmasaydı, Azərbaycan adlı bir dövlətin dünya xəritəsində mövcudluğu şübhə altında olardı”.

“Hər xalq və dövlət öz dahi şəxsiyyətləri, liderləri ilə tanınır”, - deyən M.Abbaszadə qeyd edib ki, Azərbaycan dünyada Nizami, Füzuli kimi mütəfəkkirləri, həmçinin dahi şəxsiyyət Heydər Əliyev və onun layiqli varisi Prezident İlham Əliyev kimi müdrik siyasi xadimləri ilə tanınır. Siyasi baxışlarında və görüşlərində hər zaman xalqın maraqlarından çıxış etməyin hər liderə məxsus keyfiyyət olmadığını vurğulayan deputat bildirib ki, Ulu Öndər bütün həyatı və fəaliyyəti boyu öz xalqına yaxın olub, ona arxalanıb və onun maraqlarını müdafiə edib. Azərbaycan Prezidenti İlham Əliyev də siyasətində hər zaman xalqın maraqlarını əsas götürür.

Deputatın sözlərinə görə, Azərbaycanın gələcək inkişaf kursunu böyük uzaqgörənliklə ifadə edən Ulu Öndər deyirdi ki, ölkənin iqtisadiyyatında dövlət siyasəti ancaq islahatlar yoludur və dövlət siyasətimizin əsas prinsipləridir istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Azərbaycan məhz Ümummilli Liderin əsasını qoyduğu islahatlar kursu ilə daim irəliləyir və irəliləyəcəkdir. Təkcə onu demək kifayətdir ki, 2003-2012-ci illərdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi üçün büdcə vəsaitlərinin həcmi 5 dəfədən çox, orta aylıq əməkhaqqı 6 dəfədən çox, əhalinin gəlirləri 7 dəfəyədək, minimum pensiyanın məbləği 8,5 dəfə, minimum əməkhaqqı 17 dəfə artmış, 1,2 milyondan çox yeni iş yeri açılmış, yoxsulluğun səviyyəsi 6 faizədək azalıb”.

Qazanılan nailiyyətlərin saysız-hesabsız olduğunu diqqətə çatdıran deputat bildirib ki, Ümummilli Liderin müstəqillik konsepsiyasının, sosial-iqtisadi inkişaf strategiyasının uzaqgörənliyi Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı böyük uğurlarda bir daha tarixi təsdiqini tapır.

“44 günlük Vətən müharibəsində qazandığımız tarixi Zəfərimiz, ərazi bütövlüyümüzün təmin olunması mahiyyət etibarilə Ümummilli Liderin müəyyən etdiyi, Prezident İlham Əliyevin daha da təkmilləşdirərək müasirləşdirdiyi və inamla həyata keçirdiyi milli dövlətçilik strategiyasının ən böyük təntənəsidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi: “Azərbaycan xalqı bundan sonra müzəffər xalq kimi yaşayacaq. Ölkəmiz daha da qüdrətli və qüvvətli olacaq”. Çünki ölkəmizi daim irəliyə aparan lideri- Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev var”, - deyə Mahir Abbaszadə fikirlərini yekunlaşdırıb.