DSX-dan əməliyyat

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Bu barədə  Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib. Avqust ayının 25-də DSX-nin əməkdaşlarının sayıqlığı nəticəsində təxmini çəkisi 8 kiloqram 500 qram narkotikə bənzər vasitənin, 8370 ədəd psixotrop və güclü təsirli maddənin qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti sahəsində keçirilmiş əməliyyat tədbirləri nəticəsində Füzuli rayonunun Arayıtlı kəndi ərazisindən bağlama götürərək uzaqlaş­mağa cəhd göstərən 1 nəfər şübhəli şəxs saxlanılıb. Saxlanılan şəxsin 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Kərimov Ziyad Əhəd oğlu olması müəyyənləşdirilib, əlindəki bağlamaya baxış zamanı içərisində ümumi çəkisi 8 kiloqram 500 qram narkotik maddəyə oxşar vasitə (7300 qram “marixuana”, 1000 qram “heroin”, 200 qram “metamfetamin”) və 8370 ədəd psixotrop tərkibli “Preqobalin” həbləri aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.