Son dövrlərdə cənab Prezident İlham Əliyevin xarici siyasi xəttinin əsas istiqamətlərindən birini ölkəmizin uzun illər məruz qaldığı və hazırda da bəzi dövlətlər və təşkilatlar tərəfindən Azərbaycana qarşı davam etdirilən ikili standartlar siyasətinin ifşa edilməsi təşkil edir. Fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq ilə görüş zamanı da cənab İlham Əliyev diqqəti əsasən bu məsələyə çəkmişdir.
İlk növbədə qısaca da olsa qeyd edək ki, ikili standart dedikdə insanlar, insan qrupları, eləcə də dövlətlər arasında ayrı-seçkilik etmək, tamamilə eyni məsələdə müxtəlif insanlara və ya dövlətlərə fərqli yanaşmaq, eyni prinsipləri tətbiq etməmək başa düşülür. Tarix göstərir ki, irqi və etnik ayrı-seçkilik, dini ayrı-seçkilik ikili standartların tətbiqi zamanı çox faciəvi nəticələrə gətirib çıxarmışdır. Bir dövlətin və ya təşkilatın digər iki dövlətə qarşı fərqli, qərəzli yanaşması ikili standartların ən çox rast gəlinən, ən ağrılı formalarından biridir və çox təəssüf ki, ölkəmiz torpaqlarının işğal altında qaldığı 30 il boyunca dünyanın bəzi dövlətləri və təşkilatları tərəfindən bu haqsız rəftara məruz qalmışdır.
Bu məqamda mühüm haşiyə çıxaraq mütləq qeyd etməliyəm ki, bunu heç də ölkəmizə qarşı yekdilliklə dünya birliyi tərəfindən qəbul edilmiş münasibət kimi əsla qəbul edə bilmərik. Haqqın və ədalətin yanında olan, tarixi həqiqətləri olduğu kimi qəbul edən dünya dövlətləri hər zaman torpalqarımızın işğaldan azad olunması üçün apardığımız haqlı mübarizəmizdə bizə dəstək olmuş, eləcə də nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın hüquqlarını müdafiə edən bəyanatlat qəbul etmişdir. Qlobal səviyyədə ölkəmizə inam və etibar hər zaman yüksək səviyyədə olmuşdur, dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatına 4 il ardıcıl sədrlik etməyimiz, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının Azərbaycanda keçirilməsinə dair dünya dövlətlərinin yekdilliklə qərar qəbul etməsi, nəhəng miqyaslı və büdcəli beynəlxalq layihələrdə Azərbaycanın ən etibarlı tərəfdaş kimi çıxış etməsi dövlətimizə, dövlət başçımıza olan böyük etimadın nəticəsidir.
Lakin bu da bir həqiqətdir ki, biz beynəlxalq hüququn işləmədiyi, ölkəmizə qarşı müxtəlif təzyiqlərin, ikili standartların tətbiq edildiyi, Azərbaycanın haqlı mövqeyini təsdiq edən beynləxalq təşkilatların qətnamələrinin kağız üzərində qaldığı, işğalçı dövlətə heç bir sanksiya tətbiq edilmədiyi bir şəraitdə ölkəmizin işğal olunmuş ərazilərini azad etməyə və suverenliyimizi tam təmin etməyə müvəffəq olmuşuq. Bununla biz həm də dünyada uzun müddət davam edən silahlı münaqişə ocaqlarından birinə son qoymuş və regionda davamlı sülhün əldə olunması üçün böyük imkanlar yaratmışıq. Bizim məqsədimiz məhz sülhün, barışın bərqərar olması olduğu üçün müharibə başa çatan kimi sülh müqaviləsinin əsaslarını təşkil edən, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan 5 prinsipi irəli sürmüş və sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı olmuşuq. Təəssüf ki, Fransa başda olmaqla bəzi pozucu qüvvələr yenə də ikili standartlar siyasətini həyata keçirməyə davam etmiş, regionda davamlı sülhün əldə olunmasına yönəlmiş təşəbbüslərimizi dəstəkləməklə sülhə nail olmaq əvəzinə öz çirkin siyasi oyunlarına üstünlük vermişdir. Martin Çunqonq ilə görüşdə də cənab Prezident öz mövqeyini açıq şəkildə dilə gətirmişdir ki, rəsmi Paris hazırda regionda vəziyyətin gərginləşməsinin səbəbkarıdır. Buna səbəb Fransanın məhz qeyd etdiyim çirkin siyasi planları, Cənubi Qafqaz regionunda aparıcı mövqeyə nail olmaq və nüfuzunu gücləndirmək istəyidir.
Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin Avropa Şurası Parlament Assambleyasında ratifikasiya edilməməsi də ölkəmizə qarşı beynəlxalq riyakarlığın növbəti təzahürdür. Cənab Prezident bu məsələ ilə bağlı da haqlı olaraq bildirmişdir ki, AŞPA-nın bu cür təşəbbüsləri parlament platformasının ənənələri ilə ziddiyyət təşkil edir. Həqiqətən də parlament platformasının məqsədi məsələləri danışıqlar və müzakirələr yolu ilə həll etməkdir. İşğalçı dövlət olan Ermənistanın səs hüququnu 30 il müddətində əlindən almamış, ona qarşı heç bir sanksiya tətbiq etməmiş AŞPA-nın ölkəmizə qarşı belə riyakarlığı yenə də yalnız ikili standartlar siyasəti ilə izah edilə bilər. Almaniya və Fransa kimi ölkələrin əlində oyuncağa çevrilmiş Təşkilatın özünün artıq heç bir hüquqi və beynəlxalq-siyasi çəkisi qalmadığı üçün həmin ölkələrin çirkin planlarının reallaşdırıldığı arenaya çevrilmişdir. Əlbəttə, belə davam edəcəyi halda Avropa Şurası və Avropa İnsan Hüquqları Məhkəməsində iştirak məsələmizə yenidən baxmalı olacağıq.
Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqun Azərbaycana baş tutan səfəri və COP29-un hazırlıq mərhələsində möhtəmə Prezidentimiz ilə fikir mübadiləsi aparması bir daha təsdiq edir ki, bir neçə destruktiv qüvvənin Azərbaycanı qaralama cəhdləri heç vaxt baş tutmayacaq və bizim dünya birliyi ilə qarşılıqlı faydalı əməkdaşlığımız yüksələn xətt üzrə inkşaf etməkdə davam edəcək.
Milli Məclisin Müdafiə, təhlükəsizlik
və korrupsiya ilə mübarizə komitəsinin
sədri Ziyafət Əsgərov