"Dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik"

2013-cü ildən Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumlarının əsl əhəmiyyəti hazırkı mürəkkəb geosiyasi şəraitdə daha çox hiss edilməkdədir.

"Report" xəbər verir ki, bunu Milli məclisin millət vəkili Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, qütbləşmənin dərinləşməsi və dialoq mühitinin getdikcə zəiflədiyi bir mərhələdə Bakı Formu əməkdaşlıq və sülh mühitini hədəfləyən azsaylı effektiv platformalardan biridir: "İlham Əliyevin 9 il öncə nə qədər uzaqgörən siyasi gediş etdiyini indiki şəraitdə daha aydın dərk etmək olur. Acı həqiqətdir ki, əvvəlki dövrdə formalaşmış platformalar artıq demək olar ki, qlobal qütbləşmənin bir hissəsinə çevrilməkdədir. Hazırkı dialoq mühitləri isə əksər hallarda konkret hədəflərə çatmaq üçün, qısa müddətli və bəşəri niyyətləri əhatə etməyən xarakter daşıyır. Bu mənada Azərbaycan Prezidentinin təşəbbüs və himayəsində təşkil olunan Qlobal Bakı Formu eyni zamanda BMT Nizamnaməsinin əsas tələblərindən və Beynəlxalq hüququn imperativ prinsiplərindən olan dövlətlərin bir-biri ilə əməkdaşlıq etməsi öhdəliyinin realizəsi üçün azsaylı effektiv mexanizmlərindən biridir. Əlbəttə, bu məsələdə mən bir daha şəxsiyyət amilinin üzərində xüsusi dayanmaq istəyirəm. Aydındır ki, məhz İlham Əliyevin şəxsi liderlik keyfiyyətləri və qətiyyəti Bakı dialoq mühitinin əsl hədəfindən ayrılmaması, bəşəriyyət üçün kommunikasiya mühiti qurulması üçün keyfiyyətli platforma olaraq qalmaqda və nüfuzunu artırmaqdadır".

Deputat xatırladıqb ki, analoji səy və qətiyyətin nəticələrini Qoşulmama Hərəkatının fəaliyyətində də görmək mümkün olub: "Məhz Prezident İlham Əliyevin sədrliyi dövründən etibarən Qoşulmama Hərəkatı çoxsaylı qlobal səylərdə hərəkətverici qüvvə kimi çıxış etməyə başladı. Bu qlobal müstəvidə səylərin də yalnız bir məramı var, müharibəsiz bir dünya, əməkdaşlıq mühitində inkişaf. Bu gün start verilən sayca 9-cu olan Bakı Forumunda da İlham Əliyev bir daha bu ali niyyətləri bəyan edərək bildirdi ki, “Qlobal Bakı Forumu müxtəlif tərəflərin fikirlərini toplayan inkluziv və yaxşı platformadır. Bu, belə də olmalıdır. Çünki dünyanı daha təhlükəsiz etmək üçün biz hamımız birlikdə işləməliyik.” Bu mənada IX Qlobal Bakı Forumu üçün “Qlobal dünya nizamına təhdidlər” mövzusunun seçilməsi təsadüf olmamalıdır. Açıq desək Azərbaycanın bunu keçirməyə həm hüquqi, həm də mənəvi olaraq haqqı var. Bilirsiniz ki, Cənubi Qafqazda bölgə üçün ən böyük təhdid olan erməni faşizmi Azərbaycan tərəfindən İlham Əliyevin rəhbərliyi ilə süquta uğradılıb, BMT TŞ-nın 30 ilə yaxın icrasız qalan qətnamələri icra olunub, beynəlxalq hüququn aliliyi təmin edilib".

"Digər tərəfdən, Azərbaycan Prezidenti hazırda əsas qlobal qırılma nöqtəsi olan Rusiya-Ukrayna münaqişəsi fonunda hər iki qütb tərəfindən qəbul edilən və sözü keçən azsaylı liderlərdən biri, bəlkə də birincisidir. Bu mənada “Qlobal dünya nizamına təhdidlər”in Bakıda, məhz İlham Əliyevin himayəsi altında müzakirə olunması həm məntiqəuyğundur, həm də dialoqa ehtiyac duyulan indiki məqamda bəşəri faydaya malikdir", - Bəhruz Məhərrəmov əlavə edib.