“Dünyanın diqqəti növbəti dəfə Azərbaycana yönəlib. Ölkəmizin hədəflərə doğru inamla addımlaması, həmçinin bu və ya digər sahədə qazanılan uğurların təqdimatında, təcrübə mübadiləsinin aparılmasında əhəmiyyətli rol oynayan beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan seçilməsi dünyanı heyrətləndirən mühüm məqamlar sırasındadır. Ölkəmiz oktyabrın 2-də başlayan və 5 gün davam edəcək 74-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi edərək 100-dən artıq ölkədən beş mindən çox nümayəndəni bir araya gətirib. Bu, ölkəmizə olan etimadın göstəricisidir. Azərbaycanın texnoloji sahədə qazandığı uğurlar davamlılığı ilə diqqətdədir. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları İli” elan edilməsi, həmin ildə Azərbaycanın ilk telekommunikasiya peykini orbitə çıxarması bu sahənin prioritetliyinə bir daha işıq saldı. Ölkə Prezidenti belə bir əminliyi ifadə etmişdir ki, bu hadisə gələcəkdə müasirliyə, inkişafa doğru atılan addımlarımızı artıracaq.
Cənab İlham Əliyev Konqresdəki çıxışında Azərbaycanın ilk dəfə 1973-cü ildə, Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövründə 24-cü Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyini xatırladaraq bildirdi ki, belə bir mühüm tədbirin ölkəmizdə ikinci dəfə keçirilməsi bizim üçün böyük şərəfdir. Konqres ikinci dəfə Bakıda, eyni şəhərdə keçirilir. Lakin ölkə eyni deyil. Bu gün həmin qlobal tədbirin ev sahibi müstəqil Azərbaycandır.”
Bu fikirləri Milli Məclisin deputatı Əliabbas Salahzadə bildirib.
Millət vəkilinin sözlərinə görə, ötən illərdə hərtərəfli dövlət dəstəyi ilə ölkədə kosmik sənaye üzrə müasir infrastruktur yaradılıb: “İnformasiya təhlükəsizliyinin vacib amili olan telekommunikasiya peykləri orbitə buraxılıb, xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırılıb və peyk xidmətlərinin ixracına başlanılıb. Mövcud peyk şəbəkəsi ölkəmizin suverenliyinin qorunması ilə yanaşı, onun sosial-iqtisadi inkişafına da mühüm dəstək verir. Azərbaycanın bu uğurları Konqresin yüksək səviyyədə təşkilinə geniş imkanlar yaratdı. Dövlət başçısı İlham Əliyev Konqresdəki çıxışında bildirdi ki, Azərbaycan on il əvvəl beynəlxalq kosmik ailənin üzvü olub. Bu gün iki telekommunikasiya, bir Yer səthinin müşahidəsi peykinə malik olaraq kosmik sənayenin inkişafını uğurla davam etdiririk. Bu üç peyk azərbaycanlı mütəxəssislər tərəfindən idarə olunur və onlar təkcə Azərbaycana deyil, 45-dən artıq ölkəyə xidmət göstərirlər. Konqres ölkəmizin kosmik sənaye, müasir texnologiya və innovasiya sektorlarının inkişafına və onun müasirləşdirilməsinə mütləq yeni təkan verəcək. Müasirləşdirilmə sözü bizim gələcəklə bağlı baxışımızı, gündəliyimizi və planlarımızı səciyyələndirir.”
Əliabbas Salahzadə onu da bildirib ki, 100-dən artıq ölkədən beş mindən çox nümayəndənin iştirakı Azərbaycan haqqında daha dəqiq məlumatların əldə edilməsində əhəmiyyətli rol oynaycaq: “Ümumilikdə ölkəmizin ev sahibliyi etdiyi hər bir tədbir əhatə etdiyi mövzu ilə yanaşı, Azərbaycan həqiqətlərinin təbliği baxımından da olduqca önəmlidir. Dövlət başçısı İlham Əliyev Azərbaycanın 30 illik işğal və hazırkı postmünaqişə dövrünün reallıqları barədə tədbir iştirakçılarına geniş məlumat verdi. Təəssüf hissi ilə vuğuladı ki, işğala son qoymaq öhdəliyini üzərinə götürmüş beynəlxalq təşkilatlar hər hansı nəticəyə nail olmadı. BMT Təhlükəsizlik Şurası erməni qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etdi. Lakin həmin qətnamələr 27 il icra olunmadı. Azərbaycan həmin qətnamələri insanlarımızın həyatını qurban verərək özü icra etdi. ATƏT kimi beynəlxalq təşkilatların danışıqlarda vasitəçilik etmək mandatı var idi, lakin nəticə sıfır oldu. Ərazi bütövlüyünün və suverenliyin bərpasında əldə etdiyimiz təcrübə müəyyən formada unikal oldu. Zorakılıqla üzləşdiyimiz münaqişəyə son qoyduq, ədaləti və beynəlxalq hüququ bərpa etdik. İndi isə Qafqazda sülh üçün vaxt yetişib. Gündəliyimiz Qafqazda sülhün, regionda sülhün, əməkdaşlığın qurulmasıdır və hamı üçün faydanın gətirilməsidir.”
Millət vəkili müstəqil ölkə olmaq üçün güclü iqtisadiyatın vacib amillərdən biri olduğunu da qeyd edib: “Azərbaycanın timsalında bunun aydın ifadəsini görürük. Ölkəmizin iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsində öz sözünü deyir. Azərbaycan sözü imzası qədər dəyərli olan ölkədir. Həmçinin ölkəmiz arzuolunan və etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir. Buna əsas verən iqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasıdır. Zəngin təbii resurslara malik olan Azərbaycan səylərin birləşdirilməsi, təcrübə mübadiləsinin aparılması fonunda iqtisadi inkişafını daha da möhkəmləndirmək üçün “Əsrin müqaviləsi”nin imzalanmasına nail oldu. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyası Azərbaycanın dayanıqlı iqtisadi inkişafının təmin edilməsində əsas faktordur. Dövlət başçısı İlham Əliyevin Konqresdəki çıxışında vurğuladığı kimi, bu gün enerji və nəqliyyat marşrutlarının, o cümlədən boru kəmərlərinin xəritəsinə nəzər salsanız, orada Azərbaycanın dəst-xəttini görərsiniz. Bizim təşəbbüskarı olduğumuz, qonşularımız və tərəfdaşlarımızla uğurla həyata keçirdiyimiz layihələr təkcə bizim regionun enerji təhlükəsizliyinə töhfə vermir. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin tərkib hissəsidir. Bu gün Azərbaycan beynəlxalq bazarlarda enerji ehtiyatlarının etibarlı təchizatçısıdır və Avropa İttifaqı tərəfindən etibarlı pan-Avropa təchizatçısı hesab edilir. Lakin tərəfdaşlarımız arasında müxtəlif qitələrdə yerləşən onlarla ölkə var və bütün səylər beynəlxalq əməkdaşlığa, proqnozlaşdırmaya, eyni zamanda, ölkəmizin uğurlu iqtisadi inkişafına xidmət edir.”
Əliabbas Salahzadə qeyd edib ki, Konqres Azərbaycanın malik olduğu imkanların təqdimatı olmaqla yanaşı, texnoloji sahədə gələcək hədəflərin müəyyənləşdirilməsində də öz sözünü deyəcək. Dünyanın texnoloji gündəliyinin Azərbaycanda müzakirə olunması böyük uğurdur.