Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən yükdaşıma qaydalarını pozan sürücülərə qarşı mübarizə tədbirləri davam etdirilir.
İdarədən Sabahinfo.az-a verilən xəbərə görə, yük avtomobillərinin normadan artıq yüklənməsi yol örtüyünü sıradan çıxarmaqla yanaşı, daha təhlükəli olan bir sıra fəsadlara da yol açır.
“Nəqliyyat vasitəsinin müəyyən edilmiş kütlə həddindən artıq yüklənməsi normativ-texniki tələblərin pozulmasına səbəb olur ki, bu da hərəkət zamanı idarəetmənin əhəmiyyətli dərəcədə çətinləşməsinə, avtomobilin qəfil sıradan çıxmasına, gözlənilməz vəziyyətlərdə qəzadan yayınmanın qeyri-mümkünlüyünə və digər qarşısıalınmaz proseslərin baş verməsinə birbaşa təsir göstərir. Sadalanan hallar təkcə yük daşıma qaydalarını pozan sürücü üçün deyil, həm də digər hərəkət iştirakçıları üçün real təhlükə mənbəyi sayılır ki, bu da qətiyyən yolverilməzdir.
DİN-in Baş DYP İdarəsi bir daha sürücülərin, eləcə də yüklənməni həyata keçirən vəzifəli və hüquqi şəxslərin nəzərinə çatdırır ki, mövcud qanunvericiliyin tələblərinə əsasən, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş yük parametrlərini aşma hallarının aşkarlanacağı təqdirdə həmin avtomobilin hərəkəti qadağan edilməklə onu idarə edən fiziki şəхs barəsində inzibati məsuliyyət tədbirləri tətbiq ediləcək”, - məlumatda qeyd edilib.