Ədliyyə Nazirliyi Razi Nurullayevin partiyasına cavab verdi

"Milli Cəbhə Partiyası yenidən qeydiyyatı ilə bağlı Ədliyyə Nazirliyi cavab göndərib. Biz 5396 nəfər üzvlərin məlumatını göndərmişdik. Onlardan 845 nəfərin məlumatlarının dəqiqləşdirilməsi tələb olunur".

Sabahinfo.az xəbər verir ki, bunu MCP-nin sədri, deputat Razi Nurullayev deyi. Onun sözlərinə görə, 90 nəfərin başqa partiyanın üzvü olduğu, 74 nəfərin öldüyü, 5 şəxsin 18 yaşına çatmadığı və 29 nəfərin məlumatlarının təkrarlandığı bildirilir. 

"210 nəfər MCP üzvü olmadığını deyib, 53 telefon nömrəsi 639 partiya üzvünə münasibətdə əlaqə vasitəsi kimi göstərilib (bu təbiidir, çünki, ailələr üzv olub, bir telefon göstəriblər, yaxud qadınlar öz telefon nömrələrini yox, yaxınlarının nömrəsini verirlər). Siyahımızda ciddi problemlər yoxdur, deyilən çatışmazlıqları aradan qaldırıb yenidən təqdim edəcəyik. Təqdim etdiyimiz 5396 nəfərdən 3504 nəfər qəbul edilib. 845 nəfərin sadəcə bəzi məlumatları dəqiqləşdirlməlidir və bunu edəcəyik. Bu rəqəmi də üzərinə gəlsək bu günə aşağı-yuxarı 4349 nəfər var", - deyə partiya sədri bildirib.