Manatın məzənnəsinin dəyişməsi daşınmaz əmlak bazarına təsirsiz ötüşmədiyi iddia olunur. Bəziləri hətta mənzil və torpaq bazarında kəskin bahalaşma baş verdiyini deyirlər. Əslində real vəziyyət necədir?
"MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimovun sözlərinə görə, manatın məzənnəsinin dəyişməsi daşınmaz əmlak bazarına təsiri haqqında danışmaq hələ tezdir. Bu sahədə bahalaşmadan söhbət düşərkən baş direktor bunu cəfəngiyyat adlandırıb: "Bunlar cəfəngiyyatdır. Yeni qiymətlər bazarda yoxdur. Ümumiyyətlə, bazarda qiyməti alıcı formalaşdırır. Qiymət alıcının cibindəki pula uyğun dəyişir. Bir sözlə, satılan əmlaka alıcı nə qədər pul ödəməyə hazırdırsa, qiymət də bundan asılı olaraq müəyyənləşir. İndiki halda isə alıcının ödəmə qabiliyyətində artım yoxdur, əksinə azalma var. Yəni yaxın müddətdə qiymətlərin artacağı cəfəngiyyatdır”. Torpaq bazarındakı vəziyyətə gəldikdə, Nüsrət İbrahimov burada da bahalaşma olduğunu birmənalı şəkildə rədd edir: "Ümumiyyətlə, qısa müddətdə bahalaşmadan danışmaq mümkün deyil. Bu, uzunmüddətli prosesdir. Yəni bazarda qiymətlərin artımı daxildə potensial alıcıların gəlirlərinin artımı, eləcə də ətraf region ölkələrdə gedən proseslərlə bağlıdır. İnvestorlar isə bu bazara yalnız qiymətlər uzunmüddətli artanda vəsait yatırırlar. Bu gün qiymət artımı üçün münbit şəraitdən hələlik çox uzaqdayıq. Onu da yaddan çıxarmayaq ki, Mərkəzi Bank sığortalanan depozitlərin faiz dərəcəsini 12 faizə qaldırdı. Deməli, hələlik bank depozitləri daha cəlbedici görünür. Bu isə o deməkdir ki, yaxın gələcəkdə depozitləri banklarda qalan əhali pullarını banklardan çıxarıb daşınmaz əmlaka yatırmaqda ehtiyatlı olacaqlar”.
Ekspert investorların bir qisminin daşınmaz əmlaka vəsait yatırmaqda maraqlı olacağını da istisna etmədi: "Digər tərəfdən, 2015-2016-cı illərdə neft birjalarında qiymətin və manatın məzənnəsinin artacağı ehtimalı çox azdır. Bu baxımdan ehtiyatlı investorlar əllərində qalan pul kütləsinin bir hissəsini daşınmaz əmlak bazarına yatırmaqda maraqlı olacaqlar. Çox güman ki, bu yatırım əsasən ilkin mənzil və kommersiya obyektləri bazarına olacaq. Deməli, təkrar mənzil bazarında uzunmüddətli dövrdə (2015 və 2016-cı ilin I yarısında) qiymətlərin azalma ehtimalı daha böyükdür. İlkin bazarda isə qısamüddətli dövrdə qiymətlərin stabil qalması daha inandırıcıdır, 2016-cı ilin II yarısında isə növbəti qiymət artımını gözləmək olar".