Əlaqələr daha da güclənəcək

Əziz dostlar, dəyərli həmvətənlər!

İğdır-Naxçıvan qaz xətti iki qardaş ölkənin geosiyasi çəkisini daha da artıracaqdır. Azərbaycan-Türkiyə münasibətləri qardaşlıq, strateji tərəfdaşlıq və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında inkişaf edir. Birmənalı şəkildə qeyd etmək olar ki, mövcud qardaşlıq əlaqələrimiz bütün dünya üçün nümunədir və bu birliyə həsəd aparan ölkələr var. 

Postmüharibə dövründə Türkiyə ilə sıx əlaqələr Azərbaycanın nüfuzunu gücləndirməklə iqtisadi və siyasi manevrlər üçün daha geniş imkanlar yaratdı.  Bu baxımdan Azərbaycan ilə Türkiyə arasında dostluq, qardaşlıq və həmrəylik üzərində qurulan səmimi münasibətlərin dünyada analoqu yoxdur. Ölkəmiz Türkiyə ilə əlaqələrə müxtəlif səviyyələrdə hər zaman xüsusi önəm verir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Azərbaycan Türkiyənin qardaşlıq dəstəyini yüksək qiymətləndirir və heç vaxt unutmur ki, tarixin ən mühüm anlarında, xüsusən İkinci Qarabağ müharibəsi zamanı qardaş Türkiyə bizə siyasi, mənəvi dayaq oldu. Birinci Qarabağ müharibəsi zamanı da Türkiyə Azərbaycanı tam dəstəklədi. 1993-cü ildə ərazilərimizin  Ermənistan qoşunları tərəfindən işğalına cavab olaraq Türkiyə bu ölkə ilə sərhədini birtərəfli qaydada bağladı. Bu bağlı qapılar hələ də işğalçı qonşu dövlətin üzünə açılmayıb. Son dövrlər Türkiyə ilə Azərbaycan arasında əlaqələr günu- gündən möhkəmlənir. 

Hər iki ölkə siyasi, iqtisadi və hərbi sahədə uğuru əlaqələr qurub. Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərini və Bakı-Tbilisi-Qars dəmir yolu fəal əməkdaşlıq nümunəsidir. Eyni zamanda, 2018-ci ildə açılan boru kəməri Cənub Qaz Dəhlizinin bir hissəsidir və Azərbaycan qazının Türkiyə üzərindən Avropaya nəqlini təmin edir. 

Martın 5-də açılış mərasimi keçirilən İğdır-Naxçıvan qaz kəməri isə hər iki ölkənin strateji tərəfdaşlığı dərinləşdirmək və regionda enerji təhlükəsizliyini gücləndirmək istəyinin təsdiqi oldu. Bundan başqa, bu layihələr və sazişlər Türkiyə və Azərbaycanın regionda iqtisadi əməkdaşlığın dərinləşdirilməsinə, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə sadiqliyinin göstəricisi kimi iqtisadi hadisəyə çevrildi. 

Azərbaycan və Türkiyə arasında münasibətlərin perspektivləri həmişə parlaqdır, çünki hər iki ölkə ümumi maraqlara, etnik-mədəni yaxınlığa və qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan strateji tərəfdaşlığa malikdir. Türkiyənin dəstəyi ilə hərbi sahədə əməkdaşlığın dərinləşdirilməsi, o cümlədən birgə təlimlər, silah-sursat təchizatı və Azərbaycan hərbi sənaye kompleksinin inkişafına böyük təsir göstərir. 

Regional kontekstdən məsələtə yanaşılarsa, əminliklə demək olar ki, İğdır-Naxçıvan qaz xəttinin də açılışı Azərbaycanın əzəli torpağı olan Naxçıvanın enerji təhlükəsizliyini gücləndirəcək, muxtar respublikanın enerji asılılığının azalmasına təsir göstərəcək. 

Yeni qaz kəməri Türkiyə üzərindən birbaşa Azərbaycanın qazına çıxış yaradacaq. 

Eyni zamanda, layihə iki qardaş ölkə arasında strateji enerji tərəfdaşlığını daha da gücləndirəcək və regionda Azərbaycan qazının əhəmiyyətini artıracaq. Azərbaycan və Türkiyə bu layihə vasitəsilə Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə birlikdə regionda geosiyasi mövqelərini daha da möhkəmləndirəcəklər. Bundan əlavə, İğdır-Naxçıvan qaz xətti Zəngəzur dəhlizi ilə birlikdə Azərbaycanın Naxçıvan və Türkiyə ilə quru əlaqəsini daha da gücləndirəcək ki, bu da regionun iqtisadi potensialını artıracaq.

Bundan başqa, Azərbaycan və Türkiyə arasındakı strateji enerji əməkdaşlığının vacib layihələrindən birinə çevrilən İğdır-Naxçıvan qaz xətti regionun iqtisadi mənzərəsinə də müsbət təsir göstərəcək. 

Əlbəttə, Azərbaycan-Türkiyə münasibətləri yalnız iqtisadi səmərələrə deyil, həm də dərin tarixi və mədəni bağlara əsaslandığı üçün möhkəmlənir. Hər iki ölkə bir-birinə strateji müttəfiq kimi baxır və bu tərəfdaşlıq regionun geosiyasətində mühüm rol oynayır. İki qardaş ölkə liderlərinin iradəsi və birgə səyləri nəticəsində Azərbaycan ilə Türkiyə arasında münasibətlər özünün ən yüksək səviyyəsinə – müttəfiqlik münasibətlərinə çatmışdır və İğdır-Naxçıvan qaz xətti kimi həyata keçirilən birgə layihələr, irəli sürülən təşəbbüslər regionda sabitliyin, təhlükəsizliyin və inkişafın təmin olunmasına böyük töhfə verir.

Bir sözlə, İğdır-Naxçıvan qaz xətti regionun enerji təhlükəsizliyini təmin edərək iki qardaş ölkənin geosiyasi çəkisini daha da artıracaq. Layihə Naxçıvanın enerji təminatında yeni bir səhifə açmaqla yanaşı, gələcəkdə Zəngəzur dəhlizi ilə birlikdə daha geniş enerji və nəqliyyat layihələrinin bir hissəsinə çevriləcək. Buna görə də əminliklə deyə bilərik ki, bütövlükdə, İğdır-Naxçıvan qaz kəməri regionun enerji mənzərəsini və geosiyasi dinamikasını yenidən formalaşdıran strateji layihə olmaqla yanaşı, Azərbaycan-Türkiyə strateji əməkdaşlığını daha da möhkəmləndirəcək. İqdır-Naxçıvan qaz kəmərinin açılışı isə iki qardaş ölkə arasında siyasi-iqtisadi əlaqələrin daha da güclənməsinə növbəti töhfə verəcəyi şübhəsizdir.

Rəşad Mahmudov,
Milli Məclisin deputatı