Eldar Abdinov: “Qazaxıstandakı azərbaycanlılar Prezident İlham Əliyevin siyasətini dəstəkləyir”

Qazaxıstanın Əmanət Partiyasının Ekibastuz şəhər filialının partiya nəzarət komitəsinin sədri Eldar Abdinov Prezident İlham Əliyevə dəstək məktubu ünvanlayıb. “Sabahinfo.az” Prezidentin saytına istinadla həmin məktubu təqdim edir:Sizə olan dərin hörmət və ehtiramlarımı qəbul etməyinizi xahiş edirəm. Azərbaycanın dünyada geosiyasi çəkisi durmadan artır. Sizin təşəbbüsünüzlə Azərbaycanın həyata keçirdiyi layihələr çoxlu sayda ölkələrin liderləri tərəfindən böyük məmnuniyyətlə təqdir olunur.

Bu gün Azərbaycanla Qazaxıstan arasında etimada və qarşılıqlı anlaşmaya əsaslanan münasibətlər mövcuddur. Əminik ki, iki ölkə xalqlarının rifahı və strateji tərəfdaşlığının möhkəmlənməsi bundan sonra da fəal inkişaf edəcək.

Sizin strategiya sayəsində əldə edilən sürətli inkişafla yanaşı, Azərbaycan müasir dünya tarixinə öz ərazi bütövlüyünü hərbi yolla bərpa etməyə nail olmuş ilk dövlət kimi adını yazıb. Torpaqlaqrımızın işğaldan azad olunması ilə dünya Azərbaycanın gücünü bir daha gördü. Bu şanlı qələbədə qətiyyətli addımlarınız dünya azərbaycanlılarının Sizə sevgisini və inamını daha da artırıb.

Mən 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilərək Azərbaycan – Qazaxıstan münasibətlərinin daha da möhkəmlənməsi üçün fəallıq göstərmişəm. Bununla yanaşı, Ekibastuz şəhərinin fəxri vətəndaşı olaraq diaspor işində də əməyimi əsirgəməmişəm. Qazaxıstandakı azərbaycanlılar birlik nümayiş etdirərək Sizin siyasətinizi və qarşıdan gələn prezident seçkilərində namizədliyiniz dəstəkləyir. Ali Baş Komandan olaraq Sizin hər hansı çağırışınız qürur hissi ilə əməl etməyə hazırıq.

Bütün niyyət və istəklərinizin uğurla həyata keçməsini arzu edirəm”.

Xatırladaq ki, Abdinov Eldar Rzaqulu oğlu 20.04.1952-ci ildə Masallı rayonunun Ərkivan kəndində andan olub. 1973-cü ildən Qazaxıstanın Pavlodar vilayətinin Ekibastuz şəhərinə gedib və hazırda orada yaşayır. 

20 il ərzində "Boqatır Akses Komir” MMC-də Yeməkxan müdiri vəzifəsində çalışıb. Bununla yanaşı, Pavlodar Sənaye və Karaqanda Kooperativ İnstitutlarını bitirərək iki ali təhsil alıb.

Eldar Abdinov, eyni zamanda diaspor işində də aktiv soydaşlarımızdandır. 12.05.1992-ci ildə Qazaxıstan Respublikasının Pavlodar vilayətinin Ekibastuz şəhərində onun təşəbbüsü ilə "Azərbaycan” Cəmiyyəti yaradılıb və o, bu cəmiyyətə sədr seçilib. Eldar Abdinov Birinci Qarabağ müharibəsi illərində Ekibastuzdakı bütün həmvətənlərimizi yardım etməyə səfərbər etdərək vəsait toplayıb. 26.05.1992-ci ildə 164 kq dərman və 250 000 rubl (təqribən 40 000 manat ekvivalent) ilə Azərbaycana gedib. Dərmanları və həmin pullara alınmış zirehli jiletləri çox böyük ehtiyacı olan gənc Azərbaycan Ordusunun zabitlərinə təhvil verib.

2004-cü ildə ictimai işləri olduqca çox olduğundan könüllü surətdə Cəmiyyətin sədri vəzifəsindən istefa verib və Ağsaqqallar Şurasının sədri seçilib.

Eldar Abdinovun ictimai-siyasi fəaliyyətinin əsas hissəsini, bir millət vəkili olaraq görmüş olduğu işlər təşkil edir. Eldar Abdinov 6 dəfə Ekibastuz şəhəri Milli Məclisinin deputatı seçilib.  O, 2020-ci ilə kimi Məsləhət Şurasında vətəndaşların qanuni maraqları və hüquqlarının təminatı üzrə daimi komissiyanın sədr müavini olub. Eldar Abdinov 2018 və 2019-cu illər ərzində millət vəkili olaraq fəaliyyətinə görə 17 deputat arasında ən yüksək bal toplayıb.

20 ildən çoxdur ki, öz vəsaiti hesabına 15 yaşına çatmış yeniyetmə oğlan və qızlar arasında müxtəlif idman növləri üzrə yarışlar keçirir, öz vəsaiti ilə gənc idmançılara idman formaları alır, yerli təsərrüfatları ərazini abadlaşdırmaq üçün mobilizə edir. Onun təşəbbüsü ilə Ekibastuzda yaşayış binlarında borular dəyişdirilib, həyətlər abadlaşdırılıb, qazanxanalar, elektrik xətləri, idman kompleksləri təmir olunub. 20 ildən çoxdur ki, “Məktəbə gedən yolu” aksiyasında iştirak edir. Bu aksiya çərçivəsində 528 uşağa məktəb ləvazimatı və 39 uşağa komplekt məktəbli geyimi təqdim olunub. 18 ildən artıqdır ki, Beynəlxalq Ahıllar Günü ilə bağlı qəbul keçirir. Onun tərəfindən bu illər ərzində 1538 nəfər yaşlı insan üçün süfrə açılıb.

Hazırda Eldar Abdinov Əməkdar təqaüdçüdür. Tanınmış ictimai xadim 2003-2015-ci illərdə Ekibastuzda 12 millətdən ibarət olan Milli Mədəniyyət Mərkəzinin Əlaqələndirmə Şurasının sədri olub. 2011-2019-cu illərdə Qazaxıstan Xalqları Assambleyasının üzvü olub.  “Ekibastuzun gələcəyi” hərəkatının aktiv üzvlərindəndir. 2015-ci ildən Ekibastuz şəhərinin fəxri vətəndaşı olan Eldar Abdinov dəfələrlə şəhər və vilayət rəhbərliyinin fəxri fərmanları ilə təltif olunub, Qazaxıstan Respublikası Konstitusiyasının 10 illiyi, 20 illiyi medalları, Qazaxıstan Respublikası Müstəqilliyinin 10 illiyi, 20 illiyi medalları, Qazaxıstan Xalqları Assambleyasının 20 illiyi, 25 illiyi medalları 1-ci, 2-ci, 3-cü dərəcəli "Əmək şöhrəti” nişanları, "Kömür sənayesi fəxri əməkdaşı” nişanı, "Şəhər qarşısında xidmətlərinə görə” nişanı ilə təltif edilib.