Milli Məclisin deputatı Əliabbas Salahzadə Azərbaycanın yeni əsrdə yeni Lideri olan cənab İlham Əliyevin ilk dəfə Prezident seçildiyi 2003-cü il 15 oktyabr tarixindən 18 il ötdüyünü qeyd edərək bu illərin Azərbaycanın zəngin tarixinə hansı uğur səhifələrini yazdığından bəhs edib: “Ulu öndər Heydər Əliyevin siyasi kursuna sadiqliyini atdığı hər addımında təsdiqləyən ölkə Prezidenti təkmil islahatları ilə Azərbaycanın dünyanın ən islahatçı ölkələri sırasında qərarlaşmasını şərtləndirdi. Ölkəmiz iqtisadiyyatını düzgün əsaslar üzərində qurmaqla hər bir sınaqdan uğurla çıxmasını təmin etdi. Ümummilli Liderin müəllifi olduğu neft strategiyası uğurla həyata keçirilərək enerji sektorunda biri-birindən əhəmiyyətli uğurlara imza atıldı. Azərbaycan regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevrildi. Cöxlarına əfsanə kimi görünən Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərlərinin ardınca Cənub Qaz Dəhlizi layihəsi reallaşdı. Həmçinin Azərbaycana olan inamın və etimadın, etibarlı tərəfdaş kimi qəbul olunmasının göstəricisi olaraq 2017-ci ildə “Yeni əsrin müqaviləsi” imzalandı. Enerji sektorunda əldə edilən davamlı uğurlar öz növbəsində qeyri-neft sektorunun inkişafına geniş imkanlar açdı. Prezident kimi fəaliyyətə başladığı ilk gündən “Neft kapitalını insan kapitalına çevirək!” tezisini irəli sürən cənab İlham Əliyev uğurlu addımları ilə bu hədəfi gerçəkləşdirdi.”
Ə.Salahzadə qeyd edib ki, 18 ilin hər günü mühüm hadisə kimi tariximizə yazılıb: “Prezident İlham Əliyev xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. İqtisadi tərəqqi bütün sahələrdə uğurlara yol açıb. Ölkə vətəndaşları hər addımda özünə diqqət və qayğının şahidi olurlar. Hər bir Azərbaycan vətəndaşının Prezidenti olduğunu əməli addımları ilə təsdiqləyən cənab İlham Əliyevin irəli sürdüyü təşəbbüslər, qəbul etdiyi qərarlar xalqımız tərəfindən böyük rəğbət hissi ilə qarşılanır. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, ABAD, DOST layihələrinin uğurlu icrasında da vətəndaş məmnunluğunun artırılması dayanır.”
“Azərbaycan 18 ildə iqtisadi, siyasi, humanitar mərkəzə çevrilib” söyləyən millət vəkili ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul olunmasını Azərbaycanın beynəlxalq nüfuzunun göstəricisi kimi qeyd edib: “Bu gün regionda reallaşdırılan bütün irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Müasir müstəqil Azərbaycanın timsalında bir daha bu fikri böyük inamla qeyd edirik ki, dövlət o zaman güclü olur ki, onun xalqının, ölkəsinin bu gününü və gələcəyini düşünən Lideri vardır. Lider, həmçinin mənəvi birliyi təmin edən, cəmiyyətdə müəyyən əhval-ruhiyyənin, ideya və dəyərlər sisteminin formalaşmasına təsir göstərən mühüm qüvvədir. Məhz bu keyfiyyətlərin sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır.”
Ə.Salahzadə Azərbaycanın müstəqillik tarixinin ən parlaq səhifəsinin məhz ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən yazıldığını böyük qürur hissi ilə qeyd edib: “ Prezident İlham Əliyevin uzaqgörən siyasətinin əsas məqsədlərindən biri, ən ümdəsi ərazi bütövlüyümüzün bərpası idi. Buna görə hər bir atılan addım Azərbaycanı Qarabağımızın azadlığına yaxınlaşdırırdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımız düşməndən azad edilsin və Azərbaycanın üçrəngli bayrağı bu ərazilərimizdə dalğalansın. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi 44 gündə Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü sayəsində Zəfərlə sona çatdı. Ən güclü ordular sırasında yer alan Azərbaycan Ordusu dünyanın hərb tarixinə yeni səhifə yazdı. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və yenilməz xalq kimi tanıtdı. Şəhidlərimizin qanı, canı bahasına, qazilərimizin qəhrəmanlığı, şücaəti ilə qazanılan Zəfərimizdən başlanan yolun hədəfi Qarabağımızı cənnətə çevirmək, soydaşlarımızın Böyük Qayıdışını reallaşdırmaqdır. Xalqımızın birliyi, həmrəyliyi sayəsində necə 44 gündə 30 ilin işğalına son qoyuldusa, “Dəmir yumruq” bu hədəfi də reallaşdıracaq.”