Əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi təşkil olunub - FOTOLAR

Sumqayıt şəhəri “Poeziya” evində əlilliyi olan gənclərin əl işlərindən ibarət sərgi təşkil olundu. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin 01.06.2024-cü il tarixindən başlayan “Əlilliyi olan gənclər üçün peşə kursları və sərgi” adlı layihəsinin yekunu ilə əlaqədar baş tutdu.

Sərgidə 3 ay müddətində peşə kurslarına cəlb olunan əlilliyi olan gənclərin əl işləri nümayiş olundu.

"Sabahinfo.az'' QHT.az xəbər verir ki, sərgidə Sumqayıt şəhər idarələri, QHT-lər, media qurumları və KİV nümayəndələri iştirak etdilər. Tədbiri giriş sözü ilə “Əlilliyi olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova açaraq, layihə barədə geniş məlumat verdi. O, bildirdi ki, layihə 3 ay müddətində Sumqayıt şəhərində icra olunub. Layihəyə 20-yə yaxın əlilliyi olan gənc cəlb olunub. Layihəmizin əsas məqsədi Sumqayıt şəhərində əlilliyi olan gənclər arasında işsizlik səviyyəsini azaltmaq və əlilliyi olan şəxsləri peşə kurslarına cəlb etməklə bilik və bacarıqlarını artırmaqdır.

Çünki əlilliyi olan şəxslərin təhsilə cəlb olunmasında problemlər həmişə özünü göstərir. Bu da öz növbəsində onların iş tapmasını demək olar ki, mümkünsüz edir. Bunun üçün biz onları peşə təhsilinə cəlb edərək, işlə təmin edilmələrinə dəstək veririk. Layihənin əsas məqsədlərindən biri də peşə təhsilinə yiyələnmiş əlilliyi olan şəxslərin işlə təmin edilməsinə köməklik göstərərək, onların cəmiyyətə inteqrasiya edilməsinə dəstək olmaqdır. Layihə uğurla nəticələnib, çünki layihəmizdə iştirak etmək istəyənlərin sayı nəzərdə tutulanlardan daha çox olub. Layihənin son gününə kimi bizə müraciət olunub və layihəyə qoşulmaq istədiklərini bildiriblər. Biz istisna halları nəzərə alaraq, əlavə müraciət edənlərə də kurslarımızdan yararlanmaları üçün şərait yaratmışıq. Hər iki istiqamət üzrə kurslarımız uğurla yekunlaşıb. Əlilliyi olan gənclərə həftədə hər kurs üzrə iki dəfə hər dərs 2 saat olmaqla, kompüter (yeni nəsil proqramlar) və dekorativ-tətbiqi sənət öyrədilib. Kompüter üzrə mütəxəssis təlimçi Ramil Süleymanov, dekorativ-tətbiqi sənət üzrə mütəxəssis təlimçi Samirə Bayramova əlilliyi olan gənclərə təlimlər keçiblər. Layihəmizin sonunda nəzərdə tutduğumuz kimi, dekorativ-tətbiqi sənət üzrə kurs keçən əlilliyi olan şəxslərin əl işlərindən ibarət sərgi nümayiş olunur və bu gün peşə kurslarında davamiyyət göstərən gənclər təşkilat tərəfindən sertifikatla təltif ediləcəklər.

Qeyd edim ki, təqdim olunan sertifikatlarımızı kompüter kurslarından bəhrələnən əlilliyi olan gənclər hazırlayıblar, - deyə qeyd etdi.

Sonra DSMF Abşeron-Xızı Regional Filialının direktoru Elxan Səmədov, Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Ceyhun Hüseynov, Sumqayıt Əlillərin Regional Bərpa Mərkəzinin baş həkimi Pərvanə xanım, Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru Ellada Həsənova, Xızı rayonu Maliyyə İdarəsinin rəisi İndira Şəmsivari, QHT rəhbərləri Cəsarət Hüseynzadə, Zenfira Mustafayeva, Cəmilə Abdulova, Bahar Məmmədova, şəhidimiz Səbuhi Həsənquliyevin anası Maisə xanım layihənin önəmindən və sərgidə nümayiş olunan əl işlərinin uğurlu layihənin nəticəsi olduğunun bariz nümunəsi olduğunu qeyd etdilər.

Rəsmi hissə bitdikdən sonra əlilliyi olan gənclərin ifasında mahnılar səsləndirildi. Yekunda sertifikatlar layihə iştirakçılarına təqdim olundu.

"Sabahinfo.az''